“Qənirə Paşayeva bizə söz verdi ki...” - Xanım Qafarovanın anası

“Qənirə Paşayeva bizə söz verdi ki...” - Xanım Qafarovanın anası
  26 Noyabr 2014    Oxunub:2200
“Ev məsələsi ilə bağlı dedi ki, Hacıbala Abutalıbovla danışacam”
Millət vəkili Qənirə Paşayeva mərhum aktrisamız, əməkdar artist Xanım Qafarovanın ailəsinə baş çəkib.

Bu barədə AzVision.az-a aktrisanın anası Gövhər Qafarova məlumat verib.

O, bildirib ki, deputat Xanım Qafarovanın qızının təhsili ilə maraqlanıb və ailəsinin ev probleminin həll edilməsinə yardımçı olacağını deyib.

“Qənirə xanım bizə gəldi. Xeyli söhbət etdik. Qərara gəldik ki, nəvəm Gövhər bundan sonra təhsilini 15 nömrəli liseydə davam etdirsin. Orada təhsil alan uşaqlar imtahansız instituta gedirlər. Elə deyirlər. Qənirə xanıma bunları dedim, bildirdi ki, Təhsil Nazirliyi ilə bu barədə danışacağıq. Görsün ki, lisey hansı səviyyədədir. Ondan sonra ora köçürərik. Həmin təhsil müəssiəsi Gövhərin oxuduğu məktəbin yanındadır. Doğrudur, həmin məktəbə də valideyn aparıb-gətirir, bir iki ilə yəqin ki, uşaq özü gedib-gələr. Mənə də çətindir, apara bilmirəm. Mən sadəcə bu məktəbi Qənirə xanıma təklif etdim”.

Gövhər xanım Qənirə Paşayevanın həmçinin, onların ev probleminin həll edilməsində yardımçı olacağını da bildirib.

“Ev məsələsi ilə bağlı da dedi ki, Hacıbala Abutalıbovla danışacağam, görək nə edə bilərik. Özü də gördü ki, nə vəziyyətdəyik. Nəfəs almaq olmur, paltarlar, yorğan-döşək su içindədir. Evdə nə bişir uşağın paltarlarına hopur. Məktəbə gedəndə uşağın üstünə nə qədər ətir vururam ki, üstündən yemək iyi gəlməsin. Biz həyatımızı yaşamışıq, o uşaqdır axı, nəmişlikdən revmatizm olar”.

Qeyd edək ki, Xanım Qafarovanın ölümündən sonra ilk olaraq AzVision.az saytı onun evindən reportaj hazırlamışdı.

Mərhum aktrisanın anası Gövhər Qafarova əməkdaşımıza nəvəsinin oxuduğu məktəbin dəyişdirilməsini istədiyini bildirmişdi. O bununla bağlı millət vəkili Qənirə Paşayevanın məsələni həll edəcəyini aylar öncə söz verdiyini, sonradan isə deputatın reaksiya vermədiyini demişdi.

Şahanə Rəhimli


Teqlər:  





Xəbər lenti