Sumqayıt tələbələri üçün `Qladiator debatları`

Sumqayıt tələbələri üçün `Qladiator debatları`
  23 Noyabr 2014    Oxunub:2354
Sumqayıt Dövlət Universitetində ilk tələbələrarası debat layihəsinə start verilib. Ritorika Universal Klubunun keçirdiyi debat təlimlərinə 60-a qədər tələbə cəlb edilib.

Ötən həftə Ritorika Universal Klubunun maraqla gözlənilən yeni layihəsi "SDU I Qladiator Debatları Kolizeyi" layihəsinin tanıtımı və ilk təlimləri olub. Layihənin təlimçisi gənclər sektorunda 7 illik iş təcrübəsi ilə Şərqin ilk Debat Formatı "Qladiator Debatları"nın konstruktoru Həbib Heydərdir. Təlimçi tələbələrə debat nəzəriyyəsi, onu praktik həyatda tətbiq sahələri, gənclərin şəxsi inkişafında debatda qazanılan bacarıqların əhəmiyyəti, eləcə də debat mədəniyyətinin qayda və prinsipləri, layihənin əsasını təşkil edən Qladiator Debatları ilə digər debat formatlarının müqayisəli təhlilini verib.

Təlimlər bitdikdən sonra dekabr ayında SDU tarixində ilk dəfə olaraq tələbələrarası debat çempionatı təşkil ediləcək. Turnir gənclərin natiqlik, ritorika, araşdırmaçılıq, kritik düşüncə, komanda işi və bu kimi vacib keyfiyyətlərinin praktik olaraq təkmilləşdirilməsinə və universitetdə tələbə aktivliyini daha da qabartmağa istiqamətlənib.

"SDU I Qladiator Debatları Kolizeyi" layihəsi Sumqayıt Dövlət Universitetinin rəhbərliyi ilə yanaşı SDU Tələbə-Həmkarlar Təşkilatı, Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi, “BestFriends” Təhsil və Karyera Mərkəzi kimi qurum və təşkilatlar tərəfindən dəstəklənir və maliyyələşdirilir.

Samir Aslan



Teqlər:





Xəbər lenti