`Xarici donorlar bəzilərinə pul verib, dövlətə qarşı yönəldirlər` - Fuad Ələsgərov

`Xarici donorlar bəzilərinə pul verib, dövlətə qarşı yönəldirlər` - Fuad Ələsgərov
  19 Noyabr 2014    Oxunub:9692
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov “Azərbaycan” qəzetinə müsahibə verib. AzVision.az həmin müsahibəni təqdim edir.

- Fuad müəllim, vətəndaş cəmiyyətinin inkişafında QHT-lərin xüsusi yeri vardır. Bu gün Azərbaycanda QHT-lərin fəaliyyətini tənzim edən hüquqi baza qənaətbəxş səviyyədədirmi?


- QHT-lərin fəaliyyəti əsas etibarı ilə 2000-ci il 13 iyun tarixində qəbul edilmiş “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar)” haqqında Qanunla tənzimlənir. 2000-ci ildən sonra bu qanuna bir neçə dəfə dəyişiklik edilmiş və o daha da təkmilləşdirilmişdir. Bundan əlavə, QHT-lərin fəaliyyətini tənzim edən bir sıra digər normativ hüquqi aktlar da qəbul olunmuşdur.

İlk növbədə qeyd etməliyəm ki, son dövrlərdə qeyri-hökumət təşkilatları ilə bağlı qəbul edilmiş yeni normativ hüquqi aktlar və mövcud qanunvericiliyə dəyişikliklər iki məqsədə xidmət edir – bu sahədə şəffaflığın təmin edilməsi və qeyri-hökumət təşkilatlarının dövlət orqanları ilə ünsiyyətinin sadələşdirilməsi. Bir faktı vurğulamaq istərdim ki, ümumiyyətlə şəffaflığın artırılması son zamanlar ölkəmizdə aparılan bütün islahatların ana xəttini təşkil edir.

Bildiyiniz kimi 2013-cü il 5 fevral tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Elektron hökumət” portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi və elektron xidmətlərin genişləndirilməsi ilə bağlı tədbirlər barədə” Fərman imzalamışdır. Bu sənədin məqsədi dövlət orqanları tərəfindən elektron xidmətlərdən istifadənin genişləndirilməsi, dövlət qulluqçusu ilə vətəndaş arasında birbaşa təmasın azaldılması və korrupsiya faktlarının qarşısının alınması olmuşdur. Bununla bağlı artıq dövlət qulluqçusu-vətəndaş münasibətlərini keyfiyyətcə tamamilə yeni müstəviyə keçirmiş və Azərbaycan Respublikasının Prezidentinin də dəfələrlə vurğuladığı kimi Azərbaycanın brendi olan ASAN xidmət mərkəzlərinin fəaliyyətini də qeyd etmək istəyirəm.

Eyni zamanda hesab edirik ki, şəffaflığın təmin edilməsi ilə bağlı tədbirlər sadəcə dövlət sektorunu deyil, vətəndaş cəmiyyəti institutlarını da əhatə etməlidir. Yalnız belə olduqda biz məqsədlərimizə tam nail ola bilərik. Təsadüfi deyil ki, yuxarıda qeyd etdiyim Fərmanın imzalanmasından cəmi bir-neçə ay sonra Azərbaycan Respublikasının Prezidenti2013-cü il 20 noyabr tarixində “Qeyri-hökumət təşkilatlarına elektron xidmətlərin göstərilməsinintəkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqına” Fərman imzalamışdır. Bu Fərmanın məqsədi qeyri-hökumət təşkilatlarına elektron xidmətlərin göstərilməsinintəkmilləşdirilməsi və beləliklə də onların işinin, müvafiq dövlət orqanları ilə əlaqələrinin daha da asanlaşdırılması olmuşdur. Fərmanda qeyri-hökumət təşkilatlarına elektron xidmətlərin göstərilməsi üçün “Fərdi elektron pəncərə” elektron məlumat sisteminin yaradılması nəzərdə tutulmuşdur. Bu sistemdə qeydiyyatdan keçmiş hər bir qeyri-hökumət təşkilatı yalnız özünün daxil ola bildiyi “fərdi elektron kabinet”ə malik olacaqdır ki, bu kabinet vasitəsilə də o, dövlət orqanı ilə əlaqələrini sadələşdirilmiş şəkildə qura biləcəkdir. Artıq “Fərdi elektron pəncərə” sistemi hazırdır və bu yaxınlarda qeyri-hökumət təşkilatlarının iştirakı ilə onun təqdimat mərasimi keçirilmişdir.

2013-cü ilin 17 dekabr tarixində qeyri-hökumət təşkilatlarının fəaliyyəti ilə bağlı bir sıra qanunvericilik aktlarına edilmiş dəyişikliklər nəticəsində bu sahədə mövcud olan normativ hüquqi aktlardakı bir sıra boşluqlar aradan qaldırılmışdır. Misal üçün, qeyd etdiyim dəyişikliklərə qədər xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinin ölkəmizdəki fəaliyyəti qanunvericiliklə kifayət qədər tənzim edilmirdi. “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Qanuna edilən dəyişikliklər nəticəsində bu boşluq aradan qaldırılmışdır. Qanunvericiliyə edilmiş dəyişikliklərə görə qeyri-hökumət təşkilatları korrupsiya hüquqpozmalarının, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması məqsədilə müvafiq qanunvericiliklə müəyyən edilmiş tədbirləri yerinə yetirməlidirlər. Mühüm məsələlərdən biri qeyri-hökumət təşkilatları tərəfindən alınan qrantların Ədliyyə Nazirliyində qeydiyyatdan keçirilməsidir. Qeyri-hökumət təşkilatı aldığı qrantı qeydiyyatdan keçirmədikdə onunla bağlı bank əməliyyatını və ya hər hansı digər əməliyyatı həyata keçirə bilməyəcəkdir.

Bu günlərdə QHT-lərin fəaliyyəti ilə başqa bir qanunvericilik aktına – “Qrant haqqında” qanuna da dəyişikliklər qüvvəyə minmişdir. Bu dəyişikliklərə görə yalnız Azərbaycan Respublikasında nümayəndəlik və ya filialını qeydiyyatdan keçirmiş və donor kimi çıxış etmək hüququ qazanmış xarici təşkilatlar qrantlar ayıra biləcək. Bununla da QHT-lərə qrantın verilməsi prosesində şəffaflıq təmin olunacaq, prosesin iştirakçıları, ayrılan qrantın məqsədi hamıya məlum olacaqdır.

- Fuad müəllim, siz QHT-lərdə şəffaflıq məsələsinə geniş toxundunuz. Ümumiyyətlə bu məsələ hazırda nə dərəcədə aktualdır?

- Beynəlxalq təşkilatlar və qeyri-hökumət təşkilatlarının özləri bir qayda olaraq yalnız dövlət orqanlarında şəffaflıq və korrupsiya məsələlərini önə çəkirlər. Lakin təcrübə göstərir ki, vətəndaş cəmiyyəti iştirakçılarının, xüsusilə qeyri-hökumət təşkilatlarının fəaliyyəti özü də heç də tam şəffaf deyil və burada da korrupsiya, çirkli pulların yuyulması hallarına rast gəlinir. Bu, yalnız Azərbaycanda deyil, qərb ölkələrində də belədir.

Misal üçün qeyd edim ki, Fransanın “MédecinsduMonde” təşkilatı qeyri-hökumət təşkilatlarında korrupsiya faktları ilə bağlı araşdırma aparmaq istəyərkən ölkənin 17 ən böyük QHT-sindən 11-i bundan imtina etmişdir. Bu da təbii ki, həmin təşkilatların fəaliyyətində qaranlıq məqamların olduğunun göstəricisi idi. ABŞ-da tanınmış “UnitedWay” qeyri-hökumət təşkilatının sədri Uilyam Aramoni bir milyondan artıq vəsaiti mənimsəmədə təqsirli bilinərək yeddi il müddətinə azadlıqdan məhrum edilmişdir.

Nəzərinizə çatdırım ki, Aramoni həbs olunana qədər dövrünün ən tanınmış QHT rəhbərlərindən biri olmuşdur. Və ya, İnsan Hüquqları üzrə Beynəlxalq Helsinki Federasiyanın maliyyə meneceri 1,2 milyon avro pul mənimsədiyi üçün Avstriya məhkəməsi tərəfindən üç il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bütün bunlar vətəndaş cəmiyyətinin əsrlər boyu formalaşdığı ABŞ-da və Qərbi Avropa ölkələrində baş vermişdir.

Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının da heç də hamısının fəaliyyəti şəffaf deyildir. Bununla bağlı bir neçə faktı diqqətinizə çatdırmaq istərdim. “Milli və Beynəlxalq Araşdırmalar Mərkəzi” İctimai Birliyi birneçə il ərzində 9 qrant müqaviləsinə əsasən təxminən 358 000 AZN məbləğində vəsait almışdır.

Qanunvericiliyə görə qrant alınmasına dair müqavilələr qeydiyyata alınmaq üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilməlidir. Lakin yuxarıda adını qeyd etdiyim təşkilat bağladığı 9 qrant müqaviləsinin yalnız ikisini qeydiyyatdan keçirmişdir. Başqa bir misal kimi “Sülh və Demokratiya İnstitutu”nu göstərmək olar. Beş il ərzində bu təşkilatın rəhbəri Leyla Yunus təsisçisi olmadığı “Azərbaycan Qadınları Ön Qafqazda Sülh və Demokratiya Uğrunda” qeyri-hökumət təşkilatının hesabından müxtəlif valyutalarda külli miqdarda vəsait çıxarmış və bu vəsaitdən şəxsi məqsədləri üçün istifadə etmişdir.

Təəssüf hissi ilə qeyd etməliyəm ki, xarici ölkələrin Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının filial və nümayəndəlikləri də bir çox hallarda qanunvericiliyin pozulmasına yol verirlər. Belə ki, misal üçün, son bir neçə il ərzində yerli QHT-lərəABŞ-ın Demokratiyaya Yardım Fondu (“NED”) tərəfindən 83 qrant müqaviləsi üzrə təxminən 2,8 milyon manat, ABŞ-ın Milli Demokratiya İnstitutu (“NDI”) tərəfindən 12 qrant müqaviləsi əsasında 500 000manata yaxın, Beynəlxalq Tədqiqatlar və Mübadilə Şurası (“IREX”) tərəfindən 35 qrant müqaviləsi üzrə təxminən 900 000 manat, Avropanın Demokratiyaya Dəstək Fondu (“EED”) tərəfindən müxtəlif qrant müqavilələri üzrə təxminən 300 000 manat, Lixtenşteyn Knyazlığının “Açıq Cəmiyyət” İnstitutunun Yardım Fondu tərəfindən 625 müqavilə üzrə təxminən 7,6 milyon manat məbləğində vəsait ayrılmış, lakin bu qrant müqavilələrininböyük əksəriyyəti qeydiyyatdan keçirilməmişdir.

Bu sahədə digər hüquq pozuntularına da rast gəlinir. Məlumatlara görə bəzi donorlar qeyri-hökumət təşkilatlarına vəsaiti nağd şəkildə verirlər. Yəni vəsait qrant kimi rəsmiləşdirilmir. Bu zaman qeyri-hökumət təşkilatları əldə etdiyi vəsaitdən vergi ödəməli olduqları halda, bunu etmirlər.

Burada bir məqamı da qeyd etmək istəyirəm. Azərbaycanın və bəzi qonşu ölkələrin təcrübəsi göstərir ki, bir sıra qeyri-hökumət təşkilatları donorlarından qrantlar və digər vəsaitlər almaqla heç də vətəndaş cəmiyyətinin inkişafı deyil, ölkənin konstitusiya quruluşunun zorakılıqla dəyişdirilməsi istiqamətində fəaliyyət göstərirlər. Bəzi hallarda xarici donorlar müəyyən təşkilatları məqsədli şəkildə maliyyələşdirir və onları ölkə qanunlarını, sabitliyi kobud surətdə pozan qanunsuz fəaliyyətə sövq edirlər. Bundan belə nəticəyə gəlmək olar ki, müəyyən xarici təşkilatlar vətəndaş cəmiyyəti institutlarını inkişaf etdirməklə deyil, bəzi insanlara və təşkilatlara pul verib onları dövlətə qarşı yönəltməklə məşğuldurlar.

Yuxarıda adını çəkdiyim Milli Demokratiya İnstitutu tərəfindən “NİDA” gənclər hərəkatının maliyyələşdirilməsi buna misaldır. Bildiyiniz kimi 2013-cü ildə bu hərəkat tərəfindən Bakı şəhərində qanunsuz toplantılar keçirilmiş, bu toplantılarda Milli Demokratiya İnstitutunun əməkdaşları da iştirak etmişlər. Həyata keçirilmiş istintaq hərəkətləri nəticəsində “NİDA” üzvlərinin bu aksiyalar zamanı kütləvi iğtişaşlar törətməyi planlaşdırdıqları müəyyən edilmiş, onların bir sıra fəallarının üzərindən partlayıcı maddələr, külli miqdarda nağd pul aşkar edilmişdir.

Başqa bir təşkilat - Avropanın Demokratiyaya Dəstək Fondu yeganə məqsədi Azərbaycan dövlətinin nüfuzuna xələl gətirmək olan, efir vasitəsilə insanları qanunsuz aksiyalara səsləyən “Meydan TV”-yə təxminən 300 000 ABŞ dolları məbləğində qrant ayırmışdır.

Hesab edirik ki, bu cür fəaliyyət yolverilməzdir. Demokratiyanın daha da gücləndirilməsini tələb etmək və bununla yanaşı demokratik cəmiyyətin institutlarına anti-konstitusion mübarizə üsullarını aşılamaq siyasi riyakarlıq olmaqla yanaşı vətəndaş cəmiyyəti konsepsiyasının mahiyyətini də sarsıtmaq deməkdir.

- Bir sıra QHT-lər “Qrant haqqında” qanuna edilən dəyişikliklərdən sonra xarici donorlar tərəfindən verilən qrantların azalacağını və nəticədə fəaliyyət göstərə bilməyəcəklərini bildirilər. Sizin buna münasibətiniz necədir? Azərbaycanda fəaliyyət göstərən QHT-lərinfəaliyyətinin daxili imkanlar hesabına maliyyələşdirilməsi mümkündürmü?

- İlk növbədə bildirmək istərdim ki, bu gün Azərbaycan dövləti kifayət qədər maliyyə resurslarına malikdir və vətəndaş cəmiyyəti, kütləvi informasiya vasitələrinin inkişafı məqsədilə dövlət büdcəsindən iri həcmdə vəsaitlər ayrılır.

Bildiyiniz kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2007-ci ilin 13 dekabrında imzalanmış Fərmanla Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası yaradılmışdır. Şura tərəfindən müxtəlif layihələrin həyata keçirilməsi üçün QHT-lərə qrantlar ayrılır və bu qrantların məbləği ilbəil artırılır.

Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 1 may tarixli sərəncamı ilə Şuraya Prezidentin ehtiyat fondundan müxtəlif layihələrin icrası üçün 5 milyon manat vəsait ayrılmışdır. Şura yerli QHT-lərə 2013-cü ildə 3,4 milyon manatdan artıq, 2014-cü ilin ilk 9 ayı ərzində isə 2,7 milyon manat məbləğində qrant vermişdir. Azərbaycanda Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu vasitəsilə yalnız 2013-cü ildə kütləvi informasiya vasitələrinə təxminən 3,2 milyon manat vəsait ayrılmışdır.

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən müxtəlif layihələrin həyata keçirilməsi üçün 2013-cü ildə təxminən 2,9 milyon, 2014-cü ilin ilk doqquz ayı ərzində isə təxminən 1,8 milyon manat məbləğində qrant verilmişdir.Bunlarla yanaşı ayrı-ayrı nazirliklər tərəfindən də böyük qrantlar ayrılır. Belə ki, Gənclər və İdman Nazirliyi 2013-cü ildə 137 layihənin həyata keçirilməsi üçün 5,5 milyon manatdan, 2014-cü ilin ilk doqquz ayı ərzində isə 2,1 milyon manatdan artıqqrant ayırmışdır.Səhiyyə Nazirliyi müxtəlif layihələrin həyata keçirilməsininmaliyyələşdirilməsi üçün 2013-cü ildə 1,4 milyon manatdan artıq, 2014-cü ilin ilk doqquz ayı ərzində isə təxminən 1 milyon manat həcmində qrant ayırmışdır. Ümumiyyətlə hazırda ölkəmizdə dövlət büdcəsi hesabına maliyyələşən 20-yə yaxın qurum tərəfindən qeyri-hökumət təşkilatlarına qrantlar ayrılır.

Bütün bunlar onu göstərir ki, QHT-lərin layihələrinin ölkə daxili mənbələr hesabına maliyyələşdirilməsi üçün kifayət qədər imkanlar mövcuddur və hazırda ölkəmizdə fəaliyyət göstərən 4 mindən çox qeyri-hökumət təşkilatının hər biri bu imkanlardan yararlana bilər. Bu mənada yerli QHT-lərin fəaliyyətinin yalnız xarici donorların qrantları hesabına mümkün olduğu barədə deyilən fikirlər qətiyyən həqiqəti əks etdirmir.

Hesab edirəm ki, xarici donorların öz maliyyə vəsaitlərini vətəndaş cəmiyyətinin tamamilə yox səviyyəsində olduğu və ya vətəndaş cəmiyyəti institutlarını maliyyələşdirmək imkanına malik olmayan dövlətlərə, o cümlədən münaqişələr, vətəndaş müharibələri və onların nəticələrinin aradan qaldırılması, aclıq, quraqlıq, “Ebola” və digər bu kimi qlobal təhlükə və çağırışlarla mübarizəyə yönəltməsi daha məqsədəuyğun olardı.

Azərbaycan dövləti özü də qlobal təhlükələrlə mübarizə aparılması üçün donor ölkə kimi başqa dövlətlərə və beynəlxalq təşkilatlara maliyyə yardımları edir. Azərbaycan Respublikası tərəfindən yalnız 2014-cü il ərzində “Ebola” virusu ilə mübarizə aparmaq üçün BMT-nin Qlobal Fonduna 1 milyon dollar, Qəzza bölgəsində yaranmış humanitar böhranın aradan qaldırılması üçün təxminən 640 000 dollar, Serbiyada məskunlaşmış qaçqın və məcburi köçkünlərə yardım etmək məqsədilə ilə təxminən 535 000 dollar, humanitar məqsədlərlə və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üçün müxtəlif ölkələrə təxminən 1 milyon dollar məbləğində yardımlar ayrılmışdır. Ümumiyyətlə son üç il ərzində belə yardımların məbləği təxminən 16 milyon ABŞ dolları olmuşdur. Bundan əlavə, bu gün Azərbaycan Avropa ölkələrində belə mədəni, sosial layihələrin icrası və humanitar böhranların aradan qaldırılmasıməqsədilə maliyyə yardımları ayırır.

Bütün bunları deməkdə məqsədim odur ki, Azərbaycanın maliyyə resursları kifayət qədərdir və bu resurslar hesabına nəyinki ölkə daxilində vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinin maliyyələşdirilməsi, eyni zamanda başqa dövlətlərə yardımlar edilməsi də mümkündür və edilir də. Lakin etdiyimiz bu yardımların məqsədi həmin dövlətlərin daxili işlərinə qarışmaq deyil, qlobal problemlərin həllində onların yanında olmaqdır. Hesab edirəm ki, xarici donorlar damaliyyə imkanlarını məhz bu kimi qlobal problemlərin həllinə yönəltməlidirlər. Bununla onlar daha vacib məqsədlərə xidmət etmiş olarlar.




Teqlər:  





Xəbər lenti