Qurban verilən vertolyot - TƏHLİL

Qurban verilən vertolyot - TƏHLİL
  14 Noyabr 2014    Oxunub:46735
Vüsal Məmmədov
AzVision.az

Doğrudanmı, hərbi vertolyotu vurmaq bu qədər asandır? “Vur, komandir, vur!”, komandir tətiyi çəkdi və - Alliluya!- 22 milyon dollarlıq maşın daha yoxdur. Elə bu? Yox, əlbəttə. Belə olsa, dünyanın heç bir ordusu hərbi vertolyotdan isifadə etməzdi.


Müasir dövrdə istənilən hərbi vertolyot Raketdən Aktiv Müdafiə Sistemilə təchiz olunub. Bu sistem olmadan hərbi vertolyotu missiyaya göndərmək on milyonlarla dolları çölə atmaq, ekipajı isə qurbanlığa yollamaq kimi bir şeydir. Çünki onu hədəfi izləyən bir raketlə çox asanlıqla vuracaqlar. Yeri gəlmişkən, belə raketlərin qiyməti haradasa 100 min dollardır.

Raketdən Aktiv Müdafiə Sistemilə təchis olunanda Mİ-24 vertolyotunun `İqla` raketilə vurulmaq ehtimalı 50/50-yə olur. Bu sistem vertolyota yaxınlaşan raketi avtomatik qeydə alır və onu müxtəlif yollarla (lazer, istilik aldatmacası və s.) hədəfdən yayındırır. Kənardan baxanda bu, belə görünür ki, sanki vertolyotdan ətrafa iri qığılcımlar səpələnir. Əslində həmin qığılcımlar raketin nişanlanma sistemini çaşdırmaq üçündür.

Erməni vertolyotunun vurulma anı əks olunan videoda biz görürük ki, onun Raketdən Aktiv Müdafiə Sistemi işə düşməyib! Bu, necə ola bilər?! Raketdən Aktiv Müdafiə Sistemilə təchiz olunmamış vertolyotu cəbhə xəttinə missiyaya göndərmək sadəcə olaraq, absurddur. Ermənilərin bu sistemi qurmağa pulu çatmayıb? İnandırıcı deyil. Çünki əvvəla, 1999-cu ildən sonra bütün `Mİ-24`lər bu sistemlə hazır şəkildə komplektləşdirilir. İkincisi isə, həmin vertolyotları ermənilərə verən Rusiyada çox yaxşı Raketdən Aktiv Müdafiə Sistemləri istehsal olunur. Məsələn, Rusiyanın 4 il əvvəl Parisdə hərbi sərgidə nümayiş etdirdiyi “President-S” sistemini göstərmək olar. Bu sistem xüsusilə `İqla` raketlərini böyük zəmanətlə hədəfdən yayındırır. Bundan başqa, rusların “Klen”, Ukraynanın “Adros” sistemləri də kifayət qədər məşhur, effektiv və ən əsası, əlçatandır.

Niyə bunlardan biri erməni vertolyotunda qurulmamışda və o, bizim mövqelərin üstünə tamamilə `çılpaq` gəlirdi? Üstəlik, bunu üç dəfə təkrarlayıb. Bəlkə də vertolyotda həmin sistem olub, amma bilərəkdən əvvəlcədən sıradan çıxarılıb? Niyə?..

Məncə, cavab birdir: Vurulmaq üçün. Əgər raketdən aktiv müdafiəsi olmayan vertolyotu düşmən mövqelərinə göndərirsənsə, bunun ayrı izahı yoxdur. Ermənilər özləri vertolyotlarının vurulmasını istəyiblər. Yəqin ki, bu, yüksək səviyyədə cızılmış bir plan olub və hərbi maşının ekipajı ölümə getdiklərini özləri də bilməyibər.

Öz vertolyotunu qurban verməkdə məqsədlər bir neçə ola bilər.

Bir qədər əvvəl Rusiyanın müdafiə naziri Sergey Şoyqu Ermənistana gəlmişdi. İstisna deyil ki, Ermənistan Rusiyadan yeni silahlar, o cümlədən də vertolyotlar almaq istəyir. Rusiya da Avrasiya İttifaqına cəlb etdiyi Ermənistanla durmadan hərbi büdcəsini artıran Azərbaycan arasında balansın qorunmasında maraqlıdır. Bunu yəqin, Yerevan özü də şərt kimi qoyur.

Rəsmi Bakı heç bir xarici təsirə baxmadan, Ordumuzu gücləndirməkdə davam edir. Bu halda ona ən yaxşı təsir yolu Ermənistana yeni silahlar verməkdir. Azərbaycanın erməni vertolyotunu vurması bunun üçün əla bəhanə ola bilər.

Digər tərəfdən, prezidentlərin bir qədər əvvəl baş tutan Paris görüşü göstərdi ki, danışıqlar prosesi artıq tamamilə dalana dirənib. Bunun məsuliyyətini daşıyan Ermənistan diqqəti özündən yayındırmaq üçün Kəlbəcər girovlarının `məhkəməsini` həmin günə təyin etdi. Amma Azərbaycan tərəfindən güclü informasiya hücumu ilə qarşılaşdı. Yəni planı tam alınmadı. İkinci bir təxribatın təşkili lazım idi ki, danışıqların irəli getməməsinin günahkarı kimi ermənilər yox, məhz Azərbaycan görünsün. Özünün vertolyotunu Azərbaycan mövqelərinə soxaraq, onun vurulmasına nail olmaq bu məqsədlə əla işə yarayardı. İndi Sərkisyan deyə bilər ki, “Onlar bizim vertolyotu vururlar, biz onlarla nə danışaq?!”

Üçüncüsü isə, ümumiyətlə, erməni vertolyotunun vurulmasından istifadə edərək, ermənilər dünya miqyasında Azərbaycana qarşı güclü ideoloji və informasiya hücumuna başlayacaqlar. Daha dəqiqi, dərhal başladılar və artıq hiss olunur ki, bu hücuma əvvəlcədən hazırlaşıblar.

Bir məqam da var: ermənilər yaxın vaxtlarda Xankəndi aeroportunu açmağa hazırlaşırlarsa, bu hadisədən qabaq Azərbaycana bu cür irimiqyaslı informasiya hücumu onlar üçün göydəndüşmədir.

Yəni hansı tərəfdən baxsaq da, vertolyotun vurulmasının əslində bir erməni oyunu olduğunu düşünməyə əsas var. Onlar sanki, daha böyük hədəflər uğrunda bir piyadanı qurban veriblər.


Teqlər:  





Xəbər lenti