`Atam qocalmaqdan qorxurdu` - Mərhum deputatın oğlu (MÜSAHİBƏ)

`Atam qocalmaqdan qorxurdu` - Mərhum deputatın oğlu (MÜSAHİBƏ)
  30 Oktyabr 2014    Oxunub:42595
Atam saatlarla əməliyyat edərdi, amma pul götürməzdi...

AzVision.az-ın müsahibi Gürcüstandan Azərbaycana gələrkən yol qəzasında vəfat etmiş mərhum deputat Hikmət Atayevin oğlu İsmayıl Atayevdir. İsmayıl atası ilə bağlı xatirələri saytımıza danışıb.

- Ailəmiz hazırda 5 nəfərdən ibarətdir. Tibb Universitetinin 5-ci kursunda oxuyuram. Bilirsiniz ki, tibb, cərrahiyyə bizdə ailə sənətidir. Mənim babam ümumi cərrah olub. Atam da həmçinin ümumi cərrah kimi fəaliyyət göstərib.

Nənəm də vaxtilə tibb sahəsində çalışıb, bacım və bir çox qohumlarım da bu sahəni seçiblər. Uşaqlıqdan tibbə marağım böyük olub. Tibblə əlaqəli bir çox arzularım var. Əsasən respublikamızda genetikanın inkişafı, genetik nəzəriyyələrin bizdə də tətbiqilə bağlıdır.

Anam rus dili-ədəbiyyat müəllimidir, kiçik qardaşım məktəbdə oxuyur, böyük bacım cərrahiyyə üzrə rezidenturadadır, universiteti bitirib. Kiçik bacım isə diş həkimidir, rayon poliklinikasında çalışır. Mənim sahəm isə cərrahi ginekologiyadır. Mən ailənin üçüncü övladıyam.



Atam tibbə aşiq adam idi, gününün böyük hissəsini Mərkəzi Rayon Xəstəxanasında keçirirdi. Çox güclü diaqnost və klinist idi. Özünün xüsusi əməliyyat texnikaları, metodları vardı. “Cərrah” deyəndə adamın ağlına hansı obraz gəlirsə, o, atamın obrazıdır. Onun üçün əməliyyat sənət əsəri idi. Hətta bəzən aşağı toxumaların tikişi zamanı tikişlərin qəşəng olması üçün bir neçə dəfə təkrarlayırdı. Ondan həzz alırdı. Bununla bərabər, bir çox sahələrdən başı çıxırdı.

- Hazırda ailəniz Bakıda yaşayır, yoxsa Zaqatalada?

- Ailəmiz Zaqatalada yaşayır. Atayevlər əslən şəkilidirlər, babamın babası Şəkidən köçmə tacir olub. Daha sonra Zaqatalaya köçüblər. İndi təhsilimlə əlaqəli Bakıda yaşayıram. Gələcəkdə isə Zaqatalaya qayıtmaq istəyərəm.

- Bildiyimə görə, atanızın böyük kitabxanası qalıb…

- Bizim evdəki kitabxanamızda təxminən 3000-dən yuxarı kitab var. Əksəriyyəti tibbi ədəbiyyatdır. Hətta babamın, atamın tibb ilə əlaqəli xüsusi qeydləri, mühazirələri də durur. Və hərəmiz öz gücümüzə görə ora kitablar əlavə edirik.

- Həm rayonun tanınmış həkimi, həm də millət vəkili kimi fəaliyyət göstərmək çətin deyildi?



- Atamın parlamentdəki çıxışlarına fikir versəniz, görərsiniz ki, məqsədi əsasən səhiyyə ilə əlaqəli təklif və mövzuların daha yüksək kürsüdən səsləndirilməsi idi. Çünki sözün əsl mənasında səhiyyə ilə çox yaxından bağlı idi. Bir çox ölkələrdə olmuşdu və onların səhiyyə sistemlərilə maraqlanmışdı.

Rayonda bu gün də soruşsanız, görəcəksiniz ki, həkim Atayevin adı ayrı cür səslənir. Çünki Hikmət müəllim insanları təmənnasız sevirdi. Babam da çox güclü cərrah olub. Atamın müəllimi o olub. Amma babamdan insanlar çəkiniblər, onunla hər problem bölüşməyiblər. Atamla isə daha yaxın idilər. Rayon əhalisi səhər-axşam bizə gələ və müəyyən problemlərini danışa bilərdi. Sosial problemlərlə müraciət edirdilər, çoxlu məktublar evə gəlirdi.

Seçkilər zamanı biz kəndlərə gedəndə onu ayrı bir həvəslə, həkim kimi qarşılayırdılar.Bir dəfə ailəlikcə toya getmişdik. O zaman artıq atam seçilmişdi, onu toyda təbrik etdilər, tamada sual verdi ki, biz səni həkim kimi tanıyırıq, indi sizə “Hikmət müəllim” deməliyik bundan sonra? O isə dedi ki, kim necə tanıyıbsa, elə də davam etsin. Buna görə də onunla çox səmimi idilər. Bunu görmək üçün Zaqatalaya gedib “Atayevlər” demək kifayətdir.



Zaqatalada zəlzələ olmuş kəndlərin sakinlərindən əməliyyata və ya müalicəyə görə pul götürmürdü.

Əvvəllər biz atamın tibbə yanaşmasını qəribə qarşılayırdıq. Məsələn, saatlarla əməliyyat edərdi, amma pul götürməyə bilərdi. Bu zaman pul onun üçün ikinci, bəlkə də üçüncü idi. Mənə elə gəlir ki, ailəsi olmasaydı, tək yaşasaydı, bütün əməliyyatları pulsuz edərdi. Tibbi elə bil, qorumağa çalışırdı. Cərrahiyyəyə müqəddəs bir şey kimi baxırdı. Həm Bakıdan, həm də xarici ölkələrdən bir çox təkliflər olsa da, razılaşmırdı, rayonu çox sevirdi.

- Bəs deputat kimi Bakı ilə necə əlaqə saxlayırdı?

- Təkcə iclaslara gəlirdi. Seçki vaxtı belə bir fikir var idi ki, həkim çıxıb gedəcək, o isə cavabında deyirdi ki, mənim millət vəkili ilə həkim kabinetim eyni olacaq. Elə də oldu. Son dövrə qədər xəstəxanadakı tibbi kabinetində həkim və millət vəkili kimi fəaliyyət göstərdi.

Səhər saat 9-dan 2-yə qədər qəbul olurdu. Həm xəsətləri qəbul edirdi, həm də Milli Məclislə əlaqəli mövzulara görə gələnləri. Saat 2-də isə əməliyyatlar başlayırdı.

Düzdür, bəzən işin çoxluğundan gərgin olurdu. Bəzən əməliyyatdan çıxıb, Bakıya gəlməli olurdu, səhər rayona qayıdıb, yenidən əmliyyata girməli olurdu, ancaq buna davam gətirə bilirdi.

-Bəs, ailə başçısı kimi necə insan idi, sizə vaxt ayıra bilirdimi?



-Deyərdim ki, atam xoşbəxt bir adam idi. Bir əlində ailəsini saxladığı kimi, o biri əlində tibbi saxlayırdı. Əlbəttə, bunda anamın da böyük rolu var. Çünki onun tibbi yüksəlişini çox dəstəkləyirdi. Mənim müəllimələrim deyirdilər ki, ən böyük xoşbəxtlik həkim Atayevin uşağı olmaqdır. Sadə insan idi deyə, evdə də hər işi özü görürdü, bazarlıqdan başlamış, həyət işlərinə qədər. Evdə nəsə xarab olanda düzəltməyi özünə ar bilmirdi.

Atam bizə başa salırdı ki, heç bir iş daimi deyil, ona görə özünüzü inkişaf etdirməlisiniz, yiyələndiyiniz sahəni çox qəşəng bilməlisiniz. Boş yerə tərifləməzdi.

Evə gecə 12, 1-də gəlirdi. Çox vaxt xəstəxanada olurdu. O, evə gəldikdən sonra hansısa bir mövzuda müzakirə edirdik. Tutaq ki, kimya, fizika, incəsənət, arxitektura... Gecə saat ikiyə kimi müzakirələrimiz gedirdi. Bunun üçün çox darıxırıq. Evdə bəzən çox səssizlik olur.

Demokratik və tənqidə açıq insan idi. Ən çox ailədə mənə narazılığını bildirirdi. Mən tarixlə maraqlanırdım deyə, qədim əşyaların kolleksiyasını yığıram. O da deyirdi ki, bu, vaxt itkisidr. Atam özü də vaxtilə kolleksiya yığıb. Daha sonra ovu, balıqçılığı çox sevirdi.

Atam qocalmaqdan çox qorxurdu. Heç cür qocalığı qəbul etmirdi.



- Millət vəkillərindən daha çox kiminlə dostluq edirdi?

- Bir çox millət vəkillərilə yaxınlığı olub. Bu gün parlamentdən ailəmizlə maraqlanırlar. Çox köməkləri dəyir, sağ olsunlar. Atamın dostları, tanışları çox idi. Məktəb vaxtından qalma dostları ilə də münasibətlərini davam etdirirdi.

- Hadisə baş verəndə onun yanında idiniz?



- Bəli yanında idim, dostum da bizimlə idi, atam maşını özü sürürdü. Məni Gürcüstandan rayona gətirirdi imtahan sonrası. Faciə barədə ailəyə mən xəbər verdim… Bu haqda danışmaq mənə çox çətindir.



Şahanə RƏHİMLİ
Nuron MƏMMƏDOV



Teqlər:  





Xəbər lenti