`Həbsə düşəndə sevdiyim qızla ayrıldıq` - Keçmiş `Nida`çıdan SENSASİON MÜSAHİBƏ

`Həbsə düşəndə sevdiyim qızla ayrıldıq` - Keçmiş `Nida`çıdan SENSASİON MÜSAHİBƏ
  24 Oktyabr 2014    Oxunub:51719
“Nida” Vətəndaş Hərəkatının keçmiş üzvü, ötən həftə Prezidentin imzaladığı əfv fərmanı ilə azadlığa çıxan Bəxtiyar Quliyev AzVision.az-ın redaksiyasında qonaq olub. Qeyd edək ki, bu, onun mediada ilk geniş müsahibəsidir.

- “NİDA”-ya üzvlük necə baş verdi?


- “NİDA”-ya üzv olmağım işdən çıxmağımla əlaqəli oldu. Rabitə şirkətlərindən birində işləyirdim. Türk şirkəti idi. Orada texniki işdə çalışırdım. İşimdən narazılığım yox idi. Sonradan maddi baxımdan problemlər oldu, maaşları vaxtında ödəmədilər, daha sonra ixtisarlar oldu, mən də çıxdım.

Mən boş oturmağı sevməyən adamam. Bir işdən tutdumsa, yüksək zirvəyə qədər qalxa bilirəm. Təsadüfən “NİDA”-çı Zaur Qurbanlının həbsi xəbərini oxudum. Onun həbs olunduğu yerdə yığışmaq barədə çağırışları gördüm, getdim. Orada bir neçə nəfəri tanıdım. Biri mənə yaxınlaşdı, “NİDA”-ya üzv olmaq barədə danışdı. Adətən məsələləri özlərinə sərf edən formada təqdim edirdilər. Konkret danışmırdılar ki, məqsədimiz budur. Orada ətrafım genişləndi, çox insan tanıdım. Daha sonra da bu hərəkatda 6-7 aylıq fəaliyyətim başladı. Aksiyalarda aktiv iştirak etməyə başladım.

Artıq ailəm hiss edirdi ki, qaydasında olmayan nə isə var. Valideynlər övladdan qabaq hiss edir ki, oğlu səhv yoldadır. Psixologiyam pozulmuşdu, evdəkilərlə də çox sərt danışırdım.

- Sizi çağırıb “NİDA”-ya üzv edən adam kim idi?

- Yox, tanımıram. Onu bir-iki dəfə üzvlüklə bağlı məsələləri həll edəndə görmüşəm.

- Necə çağırdı, nə təklif etdi?

- Mən tək idim, Zaurun həbsinə etiraz etməyə getmişdim. Kənarda dayanıb baxırdım. Belə deyək, sayı çoxaltmaq üçün oradaydım. Hamı dağılışıb şəhərə tərəf gedəndə bir nəfər yaxınlaşdı ki, yenisən? Dedim hə. Adımı soruşdu, sonra hərəkat haqqında məlumat verdi ki, bizdə belədir, üzv olmaq istəyirsən? Təkliflər etdi.

- Konkret nələr təklif etdi?

- Kitab təqdimatları, partilər və s. Çoxu yadımdan çıxıb.

- Ancaq kitab və parti?

- Ona görə mən məhkəmə proseslərində gözləmədiyim şeylərlə qarşılaşdım. Təşkilatı mənə fərqli tərəfdən təqdim etmişdilər. Mən səmimi deməmişdilər ki, hərəkatın məqsədləri budur.

Haradasa mənim də səhvim olub ki, “NİDA” haqqında mənə göndərilən məlumat kağızını axıra qədər oxumadım. Amma inanmıram orada siyasi məqsədlər açıq şəkildə qeyd olunsun. Hərəkatın fəaliyyət istiqamətləri, gördükləri işlər, yığıncaq və tədbirlər, kitab aksiyaları və s. qeyd olunmuşdu.

- Siyasətlə bağlı heç nə yox idi?

- Radikal nə isə yazılmamışdı.

- Qeyd etdiniz ki, psixologiyanız pozulmuşdu. Bu, nə ilə bağlı idi?

- Bilmirəm nə ilə bağlıdır. Çox inanırdım ki, nə isə olacaq. Ona görə də evdəkilərə qarşı çıxırdım ki, siz heç nə bilmirsiniz, biz iş görürük və s.

Sonra ilk həbsim oldu, daha doğrusu, şəhərdə gedəndə Məhəmməd Əzizovla birlikdə polis bizi saxladı. Aksiya vərəqələrini üstümüzdə aşkarladılar və polis bölməsinə apardılar. Səhərisi gün isə buraxdılar. Rəis bizi otağına çağırdı, dedi ki, sizə şans verirəm, bu yol sizə yaraşmır, gedin başqa işlə məşğul olun. Mən də qulaq asırdım, heç bir etiraz etmirdim. O, həqiqətən bizə şans verdi, istəsəydi buraxmaya bilərdi.

Çıxandan sonra xəstələndim, bir həftə yataqda qaldım. Xəstə olanda baş çəkən qohumlar da başa saldılar ki, bu, düz yol deyil. Ondan sonra özüm də düşünməyə başladım ki, bir də qayıtmayacağam. Amma sağalandan sonra yenə qayıtdım “NİDA”-ya.

- “NİDA”-da hansısa iş görəndə bununla bağlı tapşırığı kimdən alırdınız?

- Bunu konkret deyə bilmərəm, çünki məni ya çağırıb, ya da zəng edib demirdilər ki, filan işi gör, filan yerə gəl və s. Məcburiyyət yox idi. Gənclik yaşı ilə bağlıdır, onda heç göstəriş verməyə də ehtiyac olmur. Sanki nə isə bacarırsan və bunu göstərməyə çalışırsan.

- Konkret hansı işləri görürdünüz?

- O vaxtlar avtobusların törətdiyi qəzalar gündəmdə idi. Dayanacaqlara, avtobusların üzərinə stikerlər yapışdırırdıq. Belə işləri görəndə özümüzü elə hiss edirdik ki, sanki üstümüzə dünyanı xilas etmək vəzifəsi qoyulub. Ona görə deyirəm ki, özümdə olmamışam. Normal vaxtda, indiki ağlımla mən bunlara gülməli baxıram. Həmin problemlərin həlli başqa cürdür, məsələn təkliflə, sakit yolla həll etmək lazımdır. Tələb etmək, vurub dağıtmaq lazım deyil.

Adlarını çəkmək istəmirəm, bəzilərinin valideyni var, deyir ki, biz xahiş etmirik, yalvarmırıq, tələb edirik ki, filankəsi azad edin. Ölkənin bir başçısı olur və ondan nə isə xahiş etmək, yeri gələndə də səhvini boynuna almaq olar. Mən səhvimi başa düşdüm, o da sağ olsun, qəbul etdi. Mənim hələ 5 il yarım həbs müddətim qalırdı.

- “NİDA”-nın toplantıları olurdu? Nələr danışırdınız?

- Həmin toplantılarda iştirak etmirdim.

- Həbsdə olduğunuz müddətdə fikrinizi nə dəyişdi? Necə qərara gəldiz ki, tutduğunuz yol səhv yoldur?

- O sektorun ab-havası məni iyrəndirdi. Həbsdə qaldığım müddət mənim üçün ələk rolunu oynadı. İçəridən çöl tamam başqa cür, bütün çılpaqlığı ilə görünür. Sizin üçün şəhərə çıxıb 2-3 saat gəzmək adi bir şeydir, hətta bəzən bezdirici də ola bilər, amma orada sən onun həsrətilə yaşayırsan, 5-6 metrdən irəli gedə bilmirsən...

“NİDA”-da savadlı insanlar var, onlar çox dəyərlidir. “NİDA”-çı olmaları o demək deyil ki, pis insandırlar. Sadəcə olaraq, yeniyetmələr üstünlük təşkil edir. Tutulmazdan əvvəl elə mənim özümü də o yeniyetmələr siyahısına aid etmək olardı.

- Həbsxanada keçmişlə və ya gələcəklə bağlı nə düşünürdünüz?

- Orada fikirləşmək daha maraqlı gəlir, çünki bilirsən ki, bunu həyata keçirmək olmur. Məsələn, beynimdə maşın sürürdüm. iPhone şəkli çəkib, guya xəlayımda facebooka girir, səhifələri dəyişirdim... (gülür) Planlar qururdum ki, çıxandan sonra iş tapacağam, ailəmin yanında olacağam, anamın, atamın, bacımın xətrinə dəyməyəcəyəm.

- “NİDA”-da olanda, tutulan ərəfədə sevdiyiniz qız var idi?

- Bəli, var idi, tutulandan sonra münasibət tamamilə kəsildi.

- İndi münasibət var?

- Xeyr, xəbərim yoxdur ondan.

- O da müxalifətçi idi?

- Xeyr, başqa sahədən idi.

İndi davam edəcəksinizmi münasibətə?

- Xeyr. Durub arxasınca düşə bilmərəm ki, həbsdən çıxmışam məni sev. (gülür)

- Hamımız bilirik ki, prezidentə əfv məktubu yazanlar birmənalı qarşılanmır, qınayanlar az deyil. Sizə münasibət necə oldu? Nə dəyişdi?

- Heç bir fikir bildirmədən tamamilə soyudular. Dünən yaxın dostumla oturmuşdum, həmin uşaqlar məni görəndə görüşmədilər də. Ən azından mən çıxanda “həmişə azadlıqda” sözünü də demədilər. Pis niyyətlə də olsa, gərək o sözü deyərdilər.

- Bəs əfv məktubu yazana qədər necə idilər?

- Çox yaxşı. Məktubdan sonra 180 dərəcə dəyişdilər.

- İndi hansısa psixoloji təzyiq, qınaq var?

- Psixoloji təzyiqin olub-olmamağı mənim özümdən asılıdır. Məsələn, yolda kimsə məni bu addımıma görə söysə, “çox sağ ol” deyib, gedərəm. Çünki bilirəm ki, o adam orada olmayıb, bu sözü deməyə haqqı yoxdur. Məndən əvvəl, mənimlə bir yerdə orada olsaydı onda bəlkə də təsir edərdi. Yenə deyirəm ki bu, ani verilən qərar deyil, iki ilə yaxın müddət ərzində verilən qərardır.

Tanımadığım adamlar xoş sözlər deyirlər. Çox dəyərli insanlar tanıdım. Məsələn, o gün tək şəhərə çıxmışdım, çox adam tanıdı, yaxınlaşıb dedilər ki, “həmişə azadlıqda”. Adama xoş təsir edir. Daha gəlib demirlər ki, “niyə çıxdın, qalardın da içəridə”. Onlar çıxmayıb sən niyə çıxırsan? Belə şeylər olmadı. Halbuki mən gözləyirdim ki, təniqdlər olacaq.

Elə adamlar da var ki, mənim orada qalmağımı istəyir. Onlara bu sərf edir ki, mən həbsdə qalım. Ona görə də mən əfv məktubu yazanda hamısı məndən heç nə soruşmadan yazırdı ki, Bəxtiyar məktubu təzyiq altında yazıb. Hətta döyüldüyümü iddia edirdilər. Halbuki, Kürdəxanı həbsxanasında elə şey mümkün deyil. Oranın işçi heyəti çox yaxşı münasibət göstərdilər. Hamıya qarşı münasibət kifayət qədər yaxşı idi.

- Yəni heç bir təzyiq olmayıb...

- Qətiyyən. Heç mənə deməyiblər ki, əfv məktubu yazmaq lazımdır.

- Gələcəklə bağlı planlar necədir? İctimai sektorda qalacaqsınız?

- Xeyr. Mənlik mühit deyil. Bir az vaxt keçəndən sonra yəqin ki, iş tapacağam. Artıq 1-2 yerdən təklif var, sadəcə hələ vaxtını və aylıq gəliri düşünürəm. Həm də işləyə-işləyə ali təhsil üçün çalışmaq istəyirəm. Təhsil mənim üçün önəmlidir. Amma bundan öncə hərbi xidmətə getməliyəm. Həbs olunmazdan əvvəl evdəkilərdən xəbərsiz hərbi xidmət üçün sənədlərimi hazırlamışdım. Getməyimə bir ay qalmış tutuldum. Yəqin ki, aparacaqlar, sevə-sevə də gedəcəyəm.

- Hansı sahədə ali təhsil almaq istəyirsiniz?

- Telekommunikasiya sahəsində. Ailəmizdə də bu sahədə çalışanlar çoxdur.

- Həbsdə olanda Milli Şura sizin üçün aksiyalar keçirirdi. Bunların sizə hansı müsbət və mənfi təsiri oldumu?

- Düzünü deyim, o barədə eşidəndə pis olurdum. Çünki aksiyalar lazım deyildi, olan olmuşdu. Bu aksiyalar da mənə bizdən istifadə etmək təsiri bağışlayırdı.

(Ardı BURADA)

Fatimə Kərimli
Odər Qəni
Vüsal Məmmədov

Qalereya




Teqlər:  





Xəbər lenti