Yazarın kitabı onsuz təqdim olundu

Yazarın kitabı onsuz təqdim olundu
  15 Fevral 2013    Oxunub:2082
Zakir Sadatlının “Əfqanıstan uçurumu” kitabı təqdim edilib.
“Lent.az-ın kitabxanası” silsiləsindən nəşr olunmuş “Əfqanıstan uçurumu” kitabının təqdimat mərasimi keçirilib. Lent.az-ın məlumatına görə, APA Holdingin konfrans zalında keçirilən təqdimat mərasimində yazarın ailə üzvləri, dostları, döyüş yoldaşları, yaxınları iştirak edib.

Tədbirin aparıcısı, Qarabağ döyüşçüsü, jurnalist Rey Kərimoğlu kitab haqqında geniş məlumat verib. Bildirib ki, yazıçı Zakir Sadatlı Əfqanıstana daxil olan ilk sovet hərbi birləşmələrinin tərkibində olub: “Zakir 2 il ərzində gördüklərini – müharibə dəh­şətlərini, dost itkilərini, ölüm-itimi 30 ildən sonra qələmə alıb. Jurnalistin yazdıqları “Əfqanıstan uçurumu” adı altında kitab şəkilində nəşr olunub. Kitabın təqdimat mərasimi yanvarın 28-nə təyin olunsa da, yazarın övladının toy mərasimi və səhhətindəki ağırlaşmalar səbəbindən təqdimatın vaxtı dəyişdirilib. Sonradan Zakir Sadatlı təqdimatın fevralın 15-də keçirilməyini təklif edib. Çünki fevralın 15-i sovet qoşunlarının Əfqanıstandan çıxmasının ildönümüdür. Lakin uzun müddətdir ağır xəstəlikdən əziyyət çəkən yazar fevralın 5-də dünyasını dəyişdi. Bu gün Zakir Sadatlıya verilən sözü yerinə yetiririk”.

Tədbirdə çıxış edən APA Holdingin prezidenti Vüsalə Mahirqızı bildirib ki, kitabın “Lent.az-ın kitabxanası” silsiləsindən nəşr olunması təklifi Lent.az-ın rəhbəri Qabil Abbasoğlu tərəfindən irəli sürülüb.

Kitabın redaktoru Anar Mahmudoğlu bildirib ki, bu günə qədər Əfqanıstan müharibəsi ilə bağlı 500-dən çox kitab yazılsa da, onlar arasında yeganə roman Zakir Sadatlıya məxsusdur. A. Mahmudoğlu kitabın ədəbi-bədii məziyyətləri barədə danışıb, müəllifin onu hansı hisslərlə ərsəyə gətirdiyindən söz açıb.

Yazarın ailəsi adından çıxış edən qızı Fidan kitabın ərsəyə gəlməsində əməyi keçənlərə təşəkkür edib. Təqdimatda “Qafqazinfo”nun rəhbəri Elbrus Ərud, şair Qulu Ağsəs, yazıçı Pərviz Cəbrayıl çıxış edərək Zakir Sadatlı ilə bağlı xatirələrini bölüşüb, onun insani keyfiyyətlərindən söhbət açıblar. Sonda Lent.az İnformasiya Agentliyinin rəhbəri Qabil Abbasoğlu təqdimatda iştirak edənlərə təşəkkür edərək bildirib ki, Zakir Sadatlı hər zaman qəlblərdə yaşayacaq.

Təqdimatda Zakir Sadatlının sözlərinə Rövşən Nicatın yazdığı və səsləndirdiyi mahnı, onunla bağlı hazırladığı videoçarx və Əfqanıstan döyüşləri ilə bağlı Tərlan Eyvazovun hazırladığı illüstrasiyalar nümayiş olunub. Klip onu izləyənləri göz yaşlarına qərq edib.

Qeyd edək ki, kitabın satışından əldə olunan gəlir Zakir Sadatlının ailəsinə veriləcək.



Teqlər:  





Xəbər lenti