Arye Qut: `Bakı `intellektual Davos`a çevrilir`

Arye Qut: `Bakı `intellektual Davos`a çevrilir`
  09 Oktyabr 2014    Oxunub:2821
“İsrailin səsi” İsrail Dövlət Radiostansiyasının “Günün aktual hadisələri” verilişində IV Bakı Beynəlxalq Humanitar Forumunun yekunları geniş şərh olunub.

“İsrailin səsi” radiostansiyasının daimi şərhçisi, beynəlxalq münasibətlər sahəsində ekspert Arye Qut suallara cavab verərək bildirib ki, çox əhəmiyyətli beynəlxalq tədbir olan Bakı Humanitar Forumu dünyanın intellektual elitası üçün həqiqi və real məkandır. Burada siyasətçilər, keçmiş dövlət başçıları, mədəniyyət xadimləri və vətəndaş cəmiyyətinin nümayəndələri görüşürlər.

- Hazırda nəzəriyyədən tutmuş humanist təcrübəyə qədər multikulturalizmin müqayisəli tədqiqi, mədəniyyətlərarası və sivilizasiyalararası dialoq şəraitində XXI əsr jurnalistikasının problemləri, sabit inkişaf üçün zəruri olan insan potensialının formalaşması, sabit inkişaf və ekoloji sivilizasiya, prioritetlərin dəyişməsi-yeni universallığın formalaşması və tolerantlığın müstəqil mənəvi dəyər kimi önə çəkilməsi, informasiya məkanının qloballaşması şəraitində aktual media məsələləri kimi dünya cəmiyyətinin mühüm problemlərini müzakirə etmək üçün 70 ölkənin siyasi, elmi, intellektual və biznes elitası nümayəndələrinin görüşməsi üçün dünya səviyyəli elə bir intellektual məkan, əslində yoxdur – deyə ekspert bildirib.

İsrail ekspertinin sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı parlaq, konkret və yaddaqalan bir çıxış olub. Azərbaycan Prezidenti deyib: “Multikulturalizm Azərbaycanda həyat tərzidir. Düzdür, bu termin nisbətən yenidir. Ancaq əsrlər boyu Azərbaycanda multimədəniyyətli cəmiyyətlər mövcud olub. Xalqlar arasındakı dostluq və həmrəylik bunun bariz nümunəsidir. Biz bu gün də çalışırıq ki, öz təşəbbüsümüzlə regionda və dünyada gedən proseslərə müsbət təsirimizi göstərək. Təsadüfi deyil ki, Azərbaycan tərəfindən irəli sürülmüş bir neçə təşəbbüs artıq həyatda öz yerini tapıbdır və bu təşəbbüslər ətrafında yeni imkanlar yaranır. Azərbaycan hazırda iqtisadi, siyasi cəhətdən müstəqil bir ölkədir, müstəqil xarici siyasəti var. Bu siyasət dünyanın əksər ölkələri tərəfindən dəstəklənir. Hər bir ölkə digər ölkəyə hörmətlə yanaşmalıdır. Hər bir ölkə digər ölkənin seçiminə də hörmətlə yanaşmalıdır-həm beynəlxalq müstəvidə, həm dinlərarası dialoq, humanitar sahədə. Bütün bunlar bir-biri ilə bağlıdır”.

Arye Qut bildirib ki, Azərbaycanın paytaxtı, füsunkarlığı ilə göz oxşayan Bakı beynəlxalq humanitar əməkdaşlıq üçün beynəlxalq məkana, “intellektual Davosa” çevrilir. Ekspert deyib: “Azərbaycan rəhbərliyinin siyasəti, tolerantlıq və multikulturalizm ideyası təbliğ etməsi Azərbaycan dövlətinin tolerantlığın və multikulturalizm siyasətinin qorunub saxlanılmasına, dünyada bu siyasətin bundan sonra da möhtəşəm müasir və güclü Azərbaycan modeli nümunəsində inkişaf və təbliğ etdirilməsinə yönələn strategiyasının əksidir.Bu baxımdan professor Kamal Abdullanın rəhbərlik etdiyi Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət Xidmətinin yaradılması bu yeni strategiyanı ehtiva edir ”.

Azərbaycanda multikulturalizm barədə suala cavab verən A.Qut bildirib ki, Azərbaycan rəhbərliyinin ölkənin yəhudi icmasının ənənələrinə qayğıkeş və səmimi münasibəti bir İsrail vətəndaşı kimi onda qürur hissi doğurur.

Arye Qut vurğulayıb: “Azərbaycan bir çox dinlərin və xalqların nümayəndələrinin vətəni olub və vətənidir. Qədim Azərbaycan torpağında yəhudilik və islam, atəşpərəstlik və xristianlıq mövcud olub. Elə bu günün özündə bu torpaq tolerantlığa və dini dözümlülüyə misli görünməmiş cəhdlər göstərir. Qırmızı Qəsəbə dünyada yəhudilərin yığcam yaşadıqları yeganə və unikal yerdir və Azərbaycanın həqiqi qürur mənbəyidir. İkili standartlardan əziyyət çəkən, çox mürəkkəb və amanabənd geosiyasi əhatədə yerləşən, habelə Cənubi Qafqazın lideri sayılan bu ölkə Ermənistanla ağır və qanlı ərazi münaqişəsinə, ərazilərinin 20 faizinin işğal olunmasına baxmayaraq, həqiqi sivilizasiyalararası və dinlərarası dialoq nümunəsidir.

A.Qutun sözlərinə görə, insanların təkcə eyni dinin başqa bir cərəyanına məxsus olmaları səbəbindən məhv edildiyi bu zalım və qanlı-qadalı dünyamızda biz İsraildə müasir, sivil və güclü Azərbaycanın həqiqi və keyfiyyətli nümunəsini müşahidə edir və dəyərləndiririk. Azərbaycan əslində islam dünyasının bir çox ölkələrinə həqiqi bir örnək, bir növ tərəqqi və inkişaf mayakı ola bilər. “İsrailin səsi” dövlət radiostansiyasında şərhlərini yekunlaşdıran Arye Qut bildirib ki, Azərbaycanın dünyanın intellektual və siyasi elitası, o cümlədən planetimizin rəngarəng mədəni palitrasını qoruyub saxlamağa qadir olan qlobal sivilizasiyanın açarlarını tapmağa çalışan tanınmış dövlət xadimləri, elmin müxtəlif sahələri üzrə Nobel mükafatı laureatları və nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri üçün beynəlxalq məkana çevrilməsi danılmaz faktdır”.

AzVision.az



Teqlər:





Xəbər lenti