Xarici borcumuz artır – TƏHLİL

Xarici borcumuz artır – TƏHLİL
  30 Sentyabr 2014    Oxunub:4288
Maliyyə Nazirliyinin ölkəmizin xarici dövlət borcu haqda açıqladığı son məlumata əsasən, cari ilin birinci yarısında bu göstəricinin 0,2347 milyon manat artdığını görürük. Belə ki, bundan əvvəl, ilin başlanğıcına olan - 1 yanvar 2014-cü il tarixinə verilən məlumata əsasən, xarici dövlət borcumuz 4,753.2 milyon manat səviyyəsində təşkil edirdisə, iyul ayının 1-nə 4,987.9 milyon manata çatıb. Sual olunur ki, 6 ayda 0,2347 milyon manat artım nəylə əlaqədardır? Bu, çox deyilmi?

1 yanvar 2014-cü il tarixinə verilən məlumata münasibətdə yazmışdıq ki, dünya ölkələrinin əksəriyyətində xarici dövlət borcu səviyyəsi ümumi daxili məhsul (ÜDM) həcminin 100 faizi ətrafında və yaxud bundan yuxarı təşkil etdiyi halda, bizdə 4,753.2 milyon manat (adambaşına təqribən, 511 manat) təşkil etməklə 8,2 faizdir. Son vaxtlar müxtəlif beynəlxalq reytinq təşkilatları tərəfindən ölkəmizin iqtisadi vəziyyətinin yüksək dəyərləndirilməsi də həm də bununla əlaqədardır. Maliyyə Nazirliyi hələ cari ilin əvvəlinə verdiyi məlumatda göstərmişdi ki, xarici borcun ÜDM-ə nisbəti Türkiyədə 36, Rusiyada 14,1, Gürcüstanda 32,9, Macarıstanda 79,8, Slovakiyada 34,3, Çexiyada isə 40,2 faiz təşkil edir. Böhran içində olan ölkələrdə isə hətta 100-150 faiz arasında...

Dövlət başçımız da çıxışlarının birində məhz buna toxunaraq söyləmişdi ki, biz lazım olmayan borcları götürmür, populist vədləri icra etmək üçün buna getmirik. “Hər şeyi düşünülmüş şəkildə edirik ki, gələcək nəsillər bu borcların qaytarılması ilə məşğul olmasınlar" – deyə, Prezident İlham Əliyev vurğulamışdı.

Dünya İqtisadi Forumunun qlobal rəqabətqabiliyyətliliyə dair sonuncu - 2014-2015-ci illərə aid hesabatına əsasən Azərbaycanın ötənilki göstərici ilə müqayisədə 1 pillə irəliləyərək 38-ci yerə çıxmasına dair şərhimizdə də bunda 2013-cü ilin yekununa əsasən ölkədə işsizliyin 5, yoxsulluq səviyyəsinin isə 5,3 faizə qədər enməsinin, xüsusən də xarici dövlət borcu səviyyəsinin ÜDM-ə nisbətdə təhlükəli həddən 5 dəfədən də çox az təşkil etməsini, üstəlik isə valyuta ehtiyatlarımızın həcminin durmadan artması faktının mühüm rolu oynadığını yazmışdıq.

Xatırladaq ki, xarici dövlət borcu göstəricisi ÜDM-in 30-35 faizinə çıxarsa, təhlükəli hal sayılır. Bizdə isə təkrar edirik ki, 5-6 dəfədən çox aşağı səviyyədə təşkil edir.

Ancaq iş ondadır ki, cari ilin ilk 6 ayı ərzində xarici dövlət borcumuz 0,2347 milyon manat artmaqla bu rəqəm də 0,3 faiz yüksəlib ki, qeyd olunan göstərici 4,987.9 milyon manata çataraq ÜDM-in 8,5 faizini təşkil edib. Maliyyə naziri Samir Şərifov isə hökumətin yaxın 5 il ərzində Azərbaycanın xarici dövlət borcu səviyyəsini ÜDM-in 10 faizi həcmində saxlamağı nəzərdə tutduğunu bildirib. Odur ki, bir sual da yaranır ki, 6 ayda xarici dövlət borcu səviyyəsinin ÜDM-ə nisbətdə 0,3 faiz yüksəlməsi hökumətin bu niyyətini sual altına qoymur ki?

Məsələ bundadır ki, ölkəmizdə ÜDM-in artım tempi də əvvəlki illərdəki kimi deyil. Xaricdən borc almağa başladığımız 1993-95-ci illərdə iqtisadiyyatımız çox ağır durumda idi. Beynəlxalq Valyuta Fondu ilə Dünya Bankından aldığımız kreditlər büdcə kəsirini örtməyə sərf edilirdi. Ötən onilliyin ortalarından isə neftin qiymətindən artıq gəlir əldə edilməsi nəticəsində gəlirlərimiz yüksəlməyə başladı ki, ÜDM istehsalı ikirəqəmli təşkil etməyə başladı.

Yeri gəlmişkən, buna əsasən xaricdən cəlb olunan kreditlər azaldılmalı idi. Lakin buna rəğmən, o, iqtisadiyyatın bir sıra sektorlarına xüsusən də, infrastrukturun inkişafına daha artıq səviyyədə yönəldilməyə başlandı ki, nəticədə 2003-cü ildə ölkənin xarici borcunun səviyyəsi 1,575 milyard dollar təşkil edirdisə, 2010-cu ildə 3,86 milyard dollara yüksəldi.

Ancaq ÜDM istehsalı həcmi də artdığı üçün 2003-cü ildə ölkənin xarici borcunun ÜDM-də pay səviyyəsi 23 faiz təşkil edirdisə, 2010-cu ildə 9,3 faizə endi.

Amma ÜDM istehsalı təkrar edirik ki, əvvəlki tempdə deyil. Azərbaycanda ÜDM istehsalı ən yüksək səviyyədə 8 il öncə – 34,5 faiz ilə 2006-cı ildə əldə olunmuşdu ki, sonrakı illər ərzində 2007-ci ildə 25, 2008-ci ildə 10,8 faiz olmaqla endi, 2009-cu ildə isə 9,3 faiz təşkil etməklə birrəqəmli səviyyədə dayandı. 2010-cu ildəsə 5 faiz nəticə əldə edilmişdi. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2011-ci ildə ölkəmizdə ÜDM istehsalı 0,1, 2012-ci ildə isə 2,2 faiz artmışdır. Keçən il isə məlum olduğu kimi 5,8 faiz nəticə əldə olundu. Sözümüz bunda deyil.

Xarici dövlət borcumuzun səviyyəsi cari ilin ilk 6 ayında qeydə alındığı templə artmaqda davam edərsə, onun ÜDM-ə nisbətdə pay səviyyəsi də yüksələcək. Bu isə Azərbaycanın iqtisadi vəziyyətinin yaxşı olduğunu göstərən amillərdən birinin tezliklə əldən verilməsi ilə nəticələnə bilər.

Düzdür, borc vəsaitlərinin 7,7 faizi 10 ilə, 62 faizi 10 ildən 20 ilə, 30,3 faizi isə 20 ildən artıq müddətə cəlb edilib. Üstəlik, ölkənin mövcud maliyyə ehtiyatlarının həcmi ilə aradakı fərq, həm dövlət büdcəsindən ona xidmət, həm də ÜDM-ə nisbəti baxımından xarici dövlət borcumuz elə səviyyədədir ki, belə ölkələrə əslində, kredit verilmir. Ancaq, ölkəmizin beynəlxalq maliyyə təşkilatları ilə heç bir problemi olmadığı üçün sərfəli borc vəsaitləri asanlıqla əldə edilir. Həm də bu gün ölkəmizə kənardan kredit cəlbində məqsəd heç də vəsait əldə etmək deyil, yeni texnologiyaların gəlməsinə və mütəxəssis axınına nail olmaqdır.

Bununla belə, dövlət başçımız da qeyd etmişdir ki, yaxın gələcəkdə xarici dövlət borcunu aşağı salmaq lazımdır. "Baxmayaraq ki, bu vəsaitlər uzunmüddətli və aşağı faizlə verilib. Hesab edirəm ki, növbəti illərdə xarici dövlət borcumuz daha da aşağı düşməli və biz, bu problemi tamamilə aradan götürməliyik" – deyə, 2 il öncə, Prezident İlham Əliyev bəyan etmişdi.

Azərbaycanın xarici dövlət borcunun ÜDM-ə nisbəti iqtisadi təhlükəli həddən 5-6 dəfə aşağı olsa da və 54 milyard dollarlıq valyuta ehtiyatları şəraitində cəmi 6,4 milyard dollar təşkil etsə də, bunun sürətlə artmasına imkan vermək olmaz.

Düzdür, əlverişli şərtlərlə borc verirlərsə, bundan sonra da götürmək olar. Ancaq iki şərtlə: ciddi nəzarət mexanizmi yaratmaq, həmçinin alınan börcdan istifadənin səmərəlilik dərəcəsini artırmaq şərtilə. Bu şərtlərlə xaricində borclamaya getmək faydasızdır.


Pərviz Heydərov
AzVision.az üçün



Teqlər:





Xəbər lenti