Kafkanın “çaqqalları” türk xalqlarıdır? – Müsahibə

Kafkanın “çaqqalları” türk xalqlarıdır? – Müsahibə
  24 Sentyabr 2014    Oxunub:9479
Yazıçı, filosof Əlisa Nicatın AzVision.az-a müsahibəsi
- Ədəbiyyat iki cür olur. Biri zahiri görünən ədəbiyyatdır. Məsələn, Həsən evdən çıxdı, maşına əyləşdi. Sürücü ilə salamlaşdı. Sürücü soruşdu ki, müəllim, filan yerə gedəcəyik? Və s. bu cür zahiri deyilənlər. Biri də var batini. Məsələn, sürücü bundan əvvəl düşünüb ki, bu sözü deyim, yoxsa deməyim. Yəni onun tərəddüdləri olur. Azərbaycan ədəbiyyatında bu, yoxdur.

Dünən qəzetdə oxuyuram ki, Ədalət Tahirzadə Mircəfər Bağırov haqqında ağzına gələni yazıb. Kitablarda oxuyub cəllad, xalqı qırdırdı və s. bildiyi ancaq budur, heç nə bilmir. O, ancaq zahiri şeylərdən xəbərdardır. Bilmir ki, 30-cu illər nədir və burada Bağırov kim olub. Əvvəla bunu düşünməli idi ki, Bağırovun Azərbaycana nə xeyri dəyib? O, Azərbaycandan bir metr torpaq verməyib. Halbuki, hər il Stalin dava edirdi ki, Naxçıvan Ermənistana verilsin. Bağırov isə həmişə etiraz edib ki, yox, verilə bilməz.

Bir dəfə Stalin onu işdən də qovub, 6 ay işsiz qalıb, Qubada yaşayıb, bunu heç kim bilmir. Stalinə bolşevik lazım deyildi, öz adamı lazım idi. Bilirdi ki, Bağırov onun adamıdır, ona görə də dəymirdi. Amma 1938-ci ildə Mircəfər həbs olunacaqdı, Yejovun siyahısında idi, yoxlamalar gedirdi. Əgər həmin ərəfədə Beriya daxili işlər naziri vəzifəsinə bir ay da gec getsəydi, Bağırov o vaxt həbs olunacaqdı. Stalin çətinliklə də olsa, Yejovu vəzifəsindən azad etmişdi. Beriya ilə Bağırov çox yaxın dost olublar, o və Bağırovu xilas edir. Bir sözlə, 30-cu illərdə nələrin baş verdiyini bilmədən ağzına gələni yazırlar. Ədəbiyyat da mahiyyəti, insanın bütün daxili stimullarını göstərməlidir. Adamı bu işi etməyə nə vadar edir, ədəbiyyat bunu təsvir etməlidir. Frans Kafkada da bu var.


- Olduğu kimi təsvir ediləndə heç kim anlamır. Kafkanı da ona görə az adam anlayır. Çünki çox az adam yazdıqlarının içində eşələnir.

- Amma hamı alır (gülür).

- Ən çox “Çevrilmə”ni alırlar.

- Kafkanı Avropa qətiyyən başa düşmür. Onun haqqında film çəkiblər. Kafka gedir nəhəng, əcaib binayla rastlaşır, orada ilişir, yıxılır. Guya bu, Qəsrdir. Bu Qəsr o qəsrdən deyil. Kafkanın qəsri hakimiyyətdir, bürokratiyadır. Yerölçən K. kimdir? Böyük şəhərə gəlmiş, yaxşı yerdə işləmək istəyən cavandır. Yaxşı maaş, gözəl yeməklər və s. Kafka deyir ki, Qəsrdə su içmirdilər, konyak içirdilər. İstər demokratik olsun, istər totalitar hakimiyyət üzvləri hamısı bir dəstədir. Onlar bir-birilərini tanıyırdılar. Məsələn, Sovet dövründə Mərkəzi Komitə üzvləri üçün xüsusi mağaza var idi. Yerölçən K. da hakimiyyətə gəlmək, o ziyafətdə iştirak etmək istəyir. Yəni o əsərdə adi qəsrdən, hansısa binadan söhbət getmir.



- Elə “Çevrilmə” əsasında çəkilən film və animasiyalar da əsasən o əsərin zahiri tərəfini göstərir.

- Ən zəif əsəri “Çevrilmə”dir. Kafka “Çevrilmə” ilə deyir ki, hər insan təkdir. Heç kim insanı başa düşmür. Bir Avropa filmi var idi – “Öləndə hamı tək ölür”. Ölüm qorxusunu insan tək özü yaşayır, bu dərdi özü çəkir. İnsan həyatı absurddur. İnsanı hakimiyyət bir yandan, ətrafdakılar bir yandan əzir. İnsanlar vəhşidirlər. Əgər bir az həssas, xeyirxah, ayıq oldunsa, onda bədbəxt olursan. Bütün ətraf kobud, qanmazdır, onların içində qanan olmaq lazım deyil. Heç kim xeyirxah adamı xoşlamır.

- Bu da yaşamağı çətinləşdirir...

- Bəli. Buna görə də Kafkanı bütün dünyada başa düşmürlər. Halbuki o, həyatın astarını göstərir. Biri var həyatın görünən üzü, digər isə astarı. Yəni insanların daxili motivi, buradan gələn düşüncələr və həyatı. Orada hamı tək, hamı bədbəxtdir. Ən yaxın dostunla belə aranda müəyyən paxıllıq var. Bir az şüurlu olurlar, onu gizlədirlər. Deyir ki, paxıl olmayan insan dünyada yoxdur. Bunu biləndə isə paxıllığı əqrəb kimi tutub ağzına qab örtmək lazımdır. Mübarizə aparanda azalır, buraxanda isə daha da üzə çıxır.

- “Çevrilmə”ni mən belə qəbul etmişdim ki, Zamza onsuz da ömür boyu onu sevməyən ailəsi, sevmədiyi işi ilə həşərat kimi yaşayıb. Sadəcə bir gün həşərata çevrilmə fiziki baş verdi.

- Bu həyatı yaşayan adamlar, məsələn səhərdən axşamacan işdə olub, sonra evə gəlib yatanlar heç biri bunu düşünmür axı. Bir az narazı oldunsa, bir az düşündünsə, onda olursan Kafkanın qəhrəmanı.

- Kafkanın böyük hekayələri, romanları daha asan başa düşülür, amma kiçik həcmli hekayələri mənə qəliz gəlir. Məsələn, “Çaqqallar və ərəblər”. Orada çaqqallar kimlərdir?

- Çaqqallar əsarətdə olan xalqlardır. İndi dünyada əsarət altında olan yalnız türk xalqlarıdır. Başqa heç bir xalq, hətta Afrika xalqları da əsarətə dözmür. Amma türklər dözür. Ola bilsin, Kafka da belə əsarətdə olan xalqları nəzərdə tutub yazıb. Kafkada hər şey rəmzdir. Dediyim kimi indi türk xalqları əsarət altındadır. Onların da arasında ən çox əsarətdə olanı isə Cənubi Azərbaycandakı azərbaycanlılardır. Söhbət xalqın ümumi psixologiyasından gedir. Mən Ərdəbilə gedib görmüşəm ki, oradakılar üçün fərqi yoxdur uşaq hansı məktəbə gedir. Bunu fransıza, ərəbə və başqa millətə deyə bilməzsən. Ərəblər öz aralarında da başqa dilləri qəbul etmir. Məsələn, İraq ərəbi Misir ərəbinin dilində məktəb oxumağına icazə verməz.



- Bizim insanlarda o potensial yoxdur?

- Ordubadi “Dumanlı Təbriz”də yazır ki, inqilab başlayanda dövlətlilərə dedilər ki, dəstək lazımdır. Dedilər ki, biz hazır, canımızdan da keçərik və s. vaxt yetişəndə dövlətlilərdən pul istədilər. Hamısı dedi ki, baba, mən demişəm ki, inqilaba canım qurban, deməmişəm ki, malım qurban. Potensial var, sadəcə xəmir pis yoğrulub. Mirzə Cəlil niyə “ölülər” deyirdi? Mahiyyəti belə idi. Amma bunu təbliğatla hərəkətə gətirmək olur.

- Qayıdaq Kafkaya...

- Kafkayla bağlı 30 yazı yazmışam. “Kafka və Nitsşe”,“Kafka və biz”, “Kafka və Avropa”, “Kafka və Dünya ədəbiyyatı”, “Kafka və xalq”, “Kafka və həyat” və s. Amma Praqaya gedə bilmirəm. Orada hər il Kafkanın adına mükafat verilir. Bu yazıları onlara göstərib, oxusam danışsam əminəm ki, bəyənərlər.

- Tərcümə edib kitab halında çap etdirmək olmaz?

- Kimə tərcümə etdirmək olar? Yoxdur heç kim.

- Kafkanın əsərlərini Çex dilinə Mİlena tərcümə edirdi. Və Kafka Milenaya məktublarında onun tərcümə xətalarını göstərir. Necə olurdu ki, Milena Kafkanın sözü hansı mənada yazdığını anlamırdı?

- Milena başa düşə bilməz. Onun beynində o mexanizm yoxdur. Qadın ayrı məxluqdur, kişi ayrı. Qadınlar kişini başa düşmək üçün deyil. Milyonda bir “brak” çıxır ki, başa düşür. Elə dahilərin də hamısı “brak”dır. Zavod kimi insanlar kütləvi istehsal olunur, dahilər də “zavodskoy defekt”lə çıxır, olur dahi.

- Normal insan kimi olsalar, onsuz da duyub yaza bilməzlər...

- Bəli, beyin tamamilə fərqli çalışır. Avropalılar isə heç nə qanmır.

- “Qəsr”i bir istiqamətdə qəbul etmək olmur. Məncə tanrı ilə də simvollaşdırmaq olar. Tutaq ki, tanrı insanı yaradıb dünyaya göndərir və sonra həmin insandan xəbəri yoxmuş kimi davranır. Belə qəbul etmək olarmı?

- Böyük adamların yaradıcılığında tanrı axtarmaq olmaz. Tanrı avam adamlar üçündür. “Qəsr”də Yerölçənin məktubu var idi, o göstərirdi ki, onu qəsrdən dəvət ediblər. Ümumi məna budur ki, Kafka deyir, insanın heç bir arzusu yerinə yetmir. O gün bir yazı yazdım ki, dahilik üstündür, yoxsa sevgi? Ya dahi qalırsan, ya da sevdiyinə qovuşub, adi adam olursan. Sevginin də nə olduğunu bilmirlər axı. Mən eşitmirəm ki, ətrafda kimsə getsin qızın məktəbdən çıxmağını gözləsin, onun bir baxışından xoşbəxt olsun. Mənim də cavanlığımda sevgilim olub. Hər gün musiqi məktəbindən çıxıb gedəndə onu bir dayanacaq ötürürdüm. Axır bir dəfə söhbətə tutdum, amma yadımda deyil nə danışdım. Sərxoş idim, bilmirdim nə danışırdım. Sevgi gərək əlçatmaz olsun.

- Kafkanın Milenayla məktublarından belə başa düşülür ki, münasibətləri daha yaxın olub. Başqa bir yazıda oxuduğuma görə isə, Felitsaya elə onun rəfiqəsiylə xəyanət də edib...

- Dahiyə güzəşt etmək olar. Mənim gündəliklərimdə var. Bakının ən gözəllərindən idi. Onunla 6 ay görüşdük. Atası raykom katibi idi. Hətta bir dəfə anamı da onlara apardım ki, danışsınlar. O qədər görüşdük mən bir dəfə onu ancaq üzündən öpdüm. Sonra uzun zaman fikirləşdim ki, niyə belə elədim. Səbahəddin Əlinin misrası yadıma düşdü: “Neyçün məndən üz çevirdin, Kimlərin qoynuna girdin, Öpməyə qıyamadığım...” Mən onu öpməyə qıymırdım. Onu bütləşdirmişdim. Amma gördülər ki, onları büt edirsən, başına oyun açırlar.
Kafka da səmavi varlıq idi. Adi insan deyildi. Hamı kimi evlənə bilməzdi.

- Əzilmiş insan idi...

- Onu heç kim əzmirdi, yaxşı vəzifəsi var idi, pul da qazanırdı. Kafka o mənada əzilirdi ki, ümumiyyətlə, insan varlıq olaraq əziləndir. İnsan nədir axı? Cəmi 50-60 il ömrü var, onda da canına 100 cür xəstəlik düşür. Allah yaradıbsa, buna 50-60 il ömür vermisən, üstəgəl 1 milyon xəstəlik yaratmısan. Bu, nə üçündür? Vicdanın olsun da, Allah olanda nə olar? Elə bil Allahın işi-gücü yoxdur, oturub insanlar üçün xəstəlik yaradır. Əslində isə Allahın insanlardan xəbəri yoxdur.

- Bertan Rasselin hekayəsindəki kimi...

- Mənim də belə pritçam var. Allah qəfildən dönüb baxır və Yeri görür. Baxır ki, biri hoppanır o birinin çəpərinə evindən oğurluq edir gedir. Deyir ki, bu nədir belə? Yanındakılar isə izah edir ki, bunlar insanlardır. Deyir, xoşuma gəlmir bunları ləğv edirəm, yanındakılar da izah edir ki, onsuz da özləri məhv olurlar, nəyə əziyyət çəkirsən? İnsan məhvə məhkumdur.

Fatimə Kərimli
Fotolar: Elvin Bayramlı


Qalereya




Teqlər:  





Xəbər lenti