Gürcüstan, Azərbaycan və Türkiyə birgə ordu yaradır
“Təlimlərin məqsədi boru kəmərlərinin mühafizəsində strateji tərəfdaşlıq üçün çoxmillətli briqadanın formalaşdırılmasıdır” - deyə Gürcüstan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Mənbə deyib ki, söhbət ilk növbədə Gürcüstan ərazisindən keçən Bakı-Tiflis-Ceyhan (BTC) neft kəmərindən gedir.
Çoxmillətli briqadanın formalaşdırılmasına dair razılaşma Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin bu günlərdə Naxçıvanda keçirilmiş görüşündə əldə olunub. Nazirlər boru kəmərlərinin mühafizəsi üçün birgə səyləri, o cümlədən üç ölkənin hərbçilərindən təşkil olunmuş briqadanın formalaşdırılmasını müzakirə ediblər.
“Kompüter komanda-qərargah təlimlərinin məqsədi birləşmiş silahlı qüvvənin yaradılması istiqamətində birinci addımdır” - deyə Gürcüstanın “Arsenali” hərbi- analitik mərkəzinin baş redaktoru İrakli Aladaşvili bildirib.
İrakli Aladaşvili deyib ki, zərurət yaranarsa çoxmillətli briqada neft kəmərini bilavasitə Gürcüstan ərazisində mühafizə edəcək. Ekspert xatırladıb ki, hələ 2011-ci ildə kəmərlərin birgə mühafizəsi ümün Krtsanisi təlim mərkəzində Gürcüstan, Azərbaycan və Ukrayna hərbçilərinin iştirakı ilə hərbi təlimlər keçirilib.
Ekspertin qənaətinə görə, BTC-nin Gürcüstan ərazisindən keçən hissəsinin mühafizəsinə çoxmillətli briqadanın cəlb edilməsində təəcüblü heç nə yoxdur. Çünki 2008-ci ilin avqust müharibəsi zamanı boru kəməri Rusiya aviasiyasının hücumuna məruz qalmışdı.
“Ona görə də kəmərin mühafizəsi üçün üç ölkənin birgə briqada formalaşdırması məntiqlidir” - deyə ekspert bildirib.
Xatırladaq ki, müdafiə nazirlərinin Naxçıvanda keçirilən görüşünün ardınca və Bakıda yeni strateji boru kəmərinin - Cənub qaz dəhlizinin əsasını təşkil edəcək TANAP-ın təməlinin qoyulması ilə bir vaxtda Azərbaycan və Türkiyə silahlı qüvvələrinin irimiqyaslı birgə manevrləri təşkil olunmuşdu. Bu manevrlərin yekun hissəsində Türkiyənin hərbi hava qüvvələri, o cümlədən “F-16” təyyarələri qatıldı. Manevrlərdə Türkiyə və Azərbaycan hərbi qüvvələrinin birgə döyüş əməliyyatları keçirməsi sınaqdan çıxarıldı.
Belə görünür ki, bu manevrlər Ermənistanın Qarabağda mümkün müharibə zamanı Azərbaycan ərazisində strateji neft-qaz kəmərlərinin hədəf alınacağına dair ayrı-ayrı vaxtlarda səsləndirdiyi hədələrə tutarlı cavabdır.
Başqa sözlə, BTC və digər strateji əhəmiyyətli nəql kəmərlərinin sahibləri-Azərbaycan,Gürcüstan və Türkiyə həm birgə manevrlər, həm çoxmillətli hərbi birləşmənin formalaşdırılması ilə mesaj verir ki, bu kəmərləri hədəf almaq heç də sadə məsələ olmayacaq.