Arif Hacılı: “Müsavatda məndən yaxşısı yox idi” – Müsahibə

Arif Hacılı: “Müsavatda məndən yaxşısı yox idi” – Müsahibə
  09 Sentyabr 2014    Oxunub:4637
“Müsavatda məndən daha yaxşı, uğurlu namizəd olsaydı namizədliyimi irəli sürməzdim”.
Müsavat başqanlığına namizəd Arif Hacılı AzVision.az-ın suallarını cavablandırıb.

- Arif bəy, bu gün Müsavat başqanlığına rəsmən namizəd oldunuz. Bu qərarınızın əsas səbəbi barədə nə deyə bilərsiz? Niyə Müsavat başqanı olmaq istəyirsiniz?

- Hesab edirəm ki, hazırda istər Azərbaycan cəmiyyətində, istər demokratik düşərgədə, istərsə də Müsavat Partiyasında olan vəziyyət mənim başqan olmağımı diktə edir. Əgər indiki dövr üçün məndən daha yaxşı, uğurlu namizəd olsaydı namizdəliyimi irəli sürməzdim. Dostlarımla, silahdaşlarımla, Müsavat Partiyasını bərpa etmiş insanlarla, Divan üzləri ilə, Müsavat başqanı İsa Qəmbərlə məsləhətləşdikdən sonra başqanlığa namizədliyimi irəli sürmək qərarına gəldim.

- Təbii ki, başqanlıq mübarizəsində tək deyilsiniz. Tural Abbaslı, Qubad İbadoğlu kimi rəqibləriniz var. Maraqlıdır, onlardan kimi özünüzə rəqib görürsünüz. Sizcə, onlar başqan olmağa layiqdirlərmi?

- Kimisə fərqləndirmək istəməzdim. Çünki əvvəla namizədlərin irəli sürülməsi prosesi başa çatmayıb. Kimlərin namizəd olacağı dəqiq bəlli deyil. İkincisi isə seçim Müsavat partiyası qurultayının nümayəndələri üzərindədir. Kimin daha real namizəd olduğunu seçkilərin nəticələri göstərəcək.

- Rəqiblərinizlə müqayisədə sizin üstünlüyünüz nədədir? Yəni partiya üzvləri başqan olmağınız üçün sizə niyə səs verməlidir?

- Bu gün seçki platformamı təqdim edəcəyəm və bunların hamısı platformada əks olunacaq. Seçiləcəyim təqdirdə görəcəyim tədbirlər də burada öz əksini tapacaq.

- Bundan öncəki müsahibənizdə qeyd etmişdiniz ki, başqanlığa namizəd olacağınız təqdirdə seçiləcəyinizə əminsiniz. Bu əminlik sizdə haradan qaynaqlanır?

- Mən 20 ildən çoxdur ki, Müsavat partiyasında rəhbər strukturlarda çalışıram. Bu illər ərzində partiyanın icra işlərinə rəhbərlik etmişəm, partiyanın keçirdiyi ən böyük seçki kampaniyalarının bilavasitə rəhbəri olmuşam. Təşkilat məsələlərinə, seçki məsələlərinə baxdığım üçün partiya strukturları ilə daim təmasda olmuşam. Müsavat Partiyası üzvlərini, partiyanın yerli strukturlarında çalışan fəallarımızı, qurultaya seçilmiş nümayəndələrin əksəriyyətini şəxsən tanıyıram. Ona görə də həmin şəxslərin necə səs verəcəyi barədə məlumata malikəm.

- Başqan seçilsəniz İsa Qəmbərin statusu ilə bağlı hər hansı təklifiniz olacaqmı?

- İsa Qəmbər o çapda olan siyasətçidir ki, onun statusunu Müsavat Partiyasının kimliyindən asılı olmayaraq partiyanın başqanı müəyyən edə bilməz.

-Arif bəy, başqan olmayacağınız təqdirdə siyasi fəaliyyətinizi necə davam etdirəcəksiniz? Partiyadan ayrılacağsınızmı?

- Partiyadakı fəaliyyətimə davam edəcəyəm.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti