Əli Hüseynli: “Xalqın istədiyi şəxsi seçə bilməməsi inkişafa maneə yarada bilər”
Bununla bağlı AzVision.az və AzVision.ru saytlarında hüquqşünas Rövşən İsmayılovun geniş məqaləsi dərc olunmuşdu. Bu gün isə millət vəkili, Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli saytımıza açıqlama verib.
- Bəzi hüquqşünas həmkarlarımız istər beynəlxalq normativ sənədlərə, istərsə də dünya ölkələrinin təcrübəsinə birtərəfli qaydada əsaslanmaqla bu məhdudiyyətin demokratiyanın səciyyəvi elementi kimi nəzərdən keçirilməsində israr edirlər.- deyə Əli Hüseynov AzVision.az-a bilidib,- İlk növbədə vurğulayım ki, Avropa Şurası Venesiya Komissiyasının qeyd etdiyi kimi, Konstitusiya canlı sənəddir və cəmiyyətlə birlikdə inkişaf edir. Lakin, hətta Konstitusiya müəyyən vaxt kəsiyində ölkəni tam qane edirsə və beynəlxalq hüquq baxımından hər hansı məsələ qaldırmırsa belə, həm cəmiyyətin ehtiyacları, həm də ölkənin öz üzərinə götürdüyü beynəlxalq öhdəliklər onun dəyişdirilməsini zəruri edə bilər.
Millət vəkilinin fikrincə, konkret bir şəxsin seçilməsinə hər hansı bir məhdudiyyətin qoyulması həm seçicilərin, həm də həmin şəxsin seçki hüququnun məhdudlaşdırılması kimi qiymətləndirilməlidir: “Eyni zamanda, xalqın onun özünün birbaşa seçdiyi prezidenti yenidən həmin vəzifəyə seçmək hüququndan məhrum edilməsi xalqın suveren iradəsi ilə bir araya sığmır”.
Komitə sədri deyir ki, dünya ölkələrinin təcrübəsinə müraciət etsək görürük ki, bu və ya digər dövlətdə sözügedən məhdudiyyətin olub-olmaması həmin dövlətin demokratikliyi üçün əsas meyar deyil: “Məsələn, 2002-2008-ci illərdə göstərilən məhdudiyyət Fransada aradan qaldırılmışdı və bu, Fransanın demokratik dövlət imicinə əsla xələl gətirməmişdi. Heç kəs deyə bilməz ki, həmin illərdə Fransa qeyri-demokratik olub, əksinə, bir çox misallar göstərmək olar ki, əksinə bu məhdudiyyətə əməl edən ölkələrdə avtoritar rejim hökm sürür.
Digər mühüm bir məqamı da nəzərə almaq lazımdır ki, qeyd olunan məhdudiyyətə əməl olunması, xalqın onun həqiqi etimadını qazanmış və yenidən ölkə başçısı kimi görmək istədiyi şəxsi seçə bilməməsi ölkədə sabitlik və davamlı inkişaf üçün maneə yarada bilər.
Bu baxımdan qəti əminlik ifadə etmək mümkündür ki, 101-ci maddədə qoyulan məhdudiyyətin çıxarılmasında Konstitusiyaya və beynəlxalq hüquqa zidd heç bir müddəa yoxdur”.
AzVision.az