“Ermənistanla danışıqlarda irəliləyiş yoxdur”
“Mayın 17-18-də Krakovda xarici işlər nazirlərinin görüşü çərçivəsində erməni həmkarımla da görüşəcəyəm. Nəyə nail olduğumuza baxacağıq”.
Bu sözləri xarici işlər naziri Elmar Məmmədyarov keçirdiyi brinfinqdə deyib. Onun sözlərinə görə, danışıqlar prosesi 2004-cü ildən Praqa prosesi, 2007-ci ildən Madrid prinsipləri çərçivəsində aparılır: “2009-cu ildə yenilənmiş Madrid prinsipləri tərəflərə təqdim edilib. Azərbaycan böyük sülh sazişi üzərində işləməklə bağlı fikrini bildirsə də ermənilər bundan imtina ediblər. Mən Lavrovun fikirləri ilə razıyam ki, danışıqlarda irəliləyiş yoxdur. Görüşlər var, amma bu danışıqlarda məntiq yoxdur. Medvedyevin təklifi ilə il yarım ərzində keçirilən Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin üçtərəfli görüşü heç bir nəticə vermədi. Minsk qrupu çərçivəsində Rusiya liderliyi öz boynuna götürmüşdü. Əfsuslar olsun ki, danışıqlar nəticəsini vermədi və prezidentlərin görüşü də keçirilmədi. Danışıqların prinsipləri və fəlsəfəsi bəllidir. Əgər Ermənistanlı həmkarım həmsədrlərin təkliflərinin prezidentlər səviyyəsində qəbul edirldiyini təsdiq edirsə, lap yaxşı gəlin danışaq, böyük sülh sazişi üzərində işləyək”.
O, status-kvonun qəbuledilməzliyini bir daha vurğulayıb.
Sevinc İltifatqızı