Obamanın ikinci dövrü Azərbaycana nə vəd edir? – TƏHLİL

Obamanın ikinci dövrü Azərbaycana nə vəd edir? – TƏHLİL
  28 Yanvar 2013    Oxunub:3248
Geosiyasi əhəmiyyətə malik hadisələrin əsas mühərriklərin biri hesab olunan Amerikaya gələcək dörd il ərzində prezidentlik edəcək Barak Obamanın bazar ertəsi keçirilən inaqurasiya mərasimindən sonra fəaliyyətinə rəsmi start verildi.
ABŞ-ın xarici siyasi kursunun bu və ya digər dərəcədə istənilən ölkənin taleyinə təsiri olduğunu nəzərə alaraq, Obamanın ikinci prezidentlik müddətinin Azərbaycana hansı təsirlərinin ola biləcəyi haqda təhlil aparmağı lazım bildik.

Azərbaycanın Amerikanın xarici siyasi maraqlarının təmin edilməsində mühüm çəkiyə malik olduğunu, son dövrlərdə Qərbin əsas diqqətinin Yaxın Şərq və Qafqaz regionuna yönəldiyini qeyd etmək lazımdır. Təbii ki, bu məqamdan Azərbaycan öz milli maraqlarının təmin edilməsi üçün uğurla istifadə edir. Obamanın da ölkəsinin xarici siyasi prioritetlərini təmin etmək istiqamətində fəaliyyətini davam etdirəcəyini əminliklə söyləmək olar.
İran ətrafında gərginliyin artmasına baxmayaraq, ABŞ və müttəfiqlərinin bu ölkəyə qarşı genişmiqyaslı müharibəyə başlayacağı inandırıcı deyil. Amerikanın hazırkı iqtisadi vəziyyəti, eyni zamanda iqtisadi böhranın avrozonanı zəiflətməsi böyük maliyyə tələb edən hərbi kampaniyaların aparılmasına imkan vermir. Bundan əlavə, adətən xaricdə müharibə respublikaçı prezidentin dövründə baş verir, daha çox mühafizəkar mövqelərilə seçilən demokratlar isə republikaçıların yaratdığı büdcə kəsirinin aradan qaldırılması məqsədilə iqtisadi və sosial sahədə islahatlarla məşğul olur, növbəti hücum üçün “azuqə” toplayırlar.
Barak Obama andiçmə mərasimindəki çıxışı zamanı Amerikanın xaricdə apardığı “demokratikləşmə” prosesini davam etdirəcəyini təsdiqləyib. Belə olan halda, güman etmək olar ki, “Suriya kampaniyası” ilə paralel İrana qarşı da analoji kampaniyaya start verilə bilər. Və bu məsələdə narazı qüvvə kimi etnik azərbaycanlıların köməyindən istifadə edilməsi mümkündür (Başqa vasitələrdan yararlanılması istisna olunmur). Müqayisə üçün bildirək ki, Liviyada inqilabın mərkəzi hakimiyyətdən narazı olan tayfaların yaşadığı Benqazi şəhəri idi, Suriyada etirazların hərəkətverici qüvvəsi isə hakimiyyətdən kənarda qalmış sünnilər oldu.
ABŞ və müttəfiqlərinin müharibəsiz fəth edəcəyi digər ölkə isə Livan ola bilər. Bu ölkəni “Hizbullah” terror təşkilatı vasitəsilə əllərində saxlayan İran və Suriya zəiflədikçə “Şiə birliyi”ndən çıxması təbii şəkildə baş verəcək. Artıq Rusiya öz vətəndaşlarını Livandan çıxarmağa başlayıb ki, bu da müəyyən qarşıdurmaların gözlənildiyinin xəbərçisidir.
İranda molla rejiminin devrilməsi üçün etnik azərbaycanlıların gücündən istifadə ehtimalı Azərbaycanı mümkün təhlükələrə hazır olmağa vadar edir. Buna görə, İsrail və Türkiyə ilə hərbi əməkdaşlığın daha geniş miqyas alacağını gözləmək olar. Bu vəziyyət Azərbaycanın geosiyasi cəhətdən əhəmiyyətini artırmaqla yanaşı, Ermənistanın Qərb müttəfiqlərinin gözündə əsas düşmən və “demokratikləşməyə əngəl törədən” ölkə imicini gücləndirir. Odur ki, yaxın dörd il ərzində Ermənistanın da mümkün inqilab ocaqları arasında olması ehtimalı tamamilə realdır. Çünki “Qərbə inteqrasiya yolunu tutmuş” regionda ümumi qaydaların ziddinə gedən oyunçunun olması yolverilməzdir. Ermənistanda 18 fevral seçkilərində hazırkı prezident Serj Sarkisyanın postunu qoruyub saxlayacağı heç kimdə şübhə doğurmasa da, səsvermədən sonra etirazların artması gözləniləndir.
Qafqaz və Yaxın Şərqdəki proseslər Azərbaycanın maraqlarına uyğundur. Ermənistanda qərbyönümlü qüvvələrin hakimiyyətə gəlişi bu dövlətin Azərbaycan və Türkiyə ilə inteqrasiyasını vəd edir ki, bunun da yolu işğal olunmuş ərazilərin boşaldılmasından keçir. Digər tərəfdən, İranda molla rejiminin devrilməsi azərbaycanlıların muxtariyyat tələbinin ortaya çıxmasını vəd edir, bu isə Ermənistanın blokadaya düşməsinə gətirib çıxarır.
İqtisadi anlamda da Amerika üçün prioritet Qərbin Rusiyadan enerji asılılığını minimuma endirmək olacaq və bu işdə aparıcı rol Azərbaycanın üzərinə düşür. Azərbaycan həm enerji ixracatçısı, həm də nəqliyyat xəttlərinin əsas kəsişmə nöqtəsi kimi prosesin təkanverici qüvvəsidir. Ehtimal etmək olar ki, Transxəzər qaz kəmərinin çəkilişinə nail olunması Amerikanın xarici iqtisadi gündəminin əsas mövzusu olacaq.

Tofiq Əsgərov


Teqlər:  





Xəbər lenti