Alim Qasımov: “Cavanlığımı yada salmaq istəmirəm”

  14 Avqust 2014    Oxunub : 10747
Alim Qasımov: “Cavanlığımı yada salmaq istəmirəm”
“Xanımım namaz qılanda mənim üçün dua edirdi”

“Cavanlığı istəmərəm yada salam, hamısı gözəldir, amma...”


Bu gün Azərbaycanın görkəmli muğam ustadı, Xalq artisti Alim Qasımovun doğum günüdür. 57 yaşlı tamam olan xanəndə doğum günü təəssüratlarını AzVision.az-la bölüşüb.

- Alim müəllim 57 yaşınız tamam oldu. Ad gününüzdə hansı hissləri yaşayırsınız?

- Yaşın qədrini bilsən, yaş insanı kamilliyə, səbrə, sakitliyə çağırar. Dünyaya bağlılığın bir az azaldar. Bir az da vərəqləyirsən ki, görüm bu illəri necə yaşamışam. Nə vaxt və harada səhvlər buraxmışam, kobud səhvdir, yoxsa incədirmi? Bu yaşın da çox gözəllikləri var. Bir də ki, yavaş-yavaş nəvələrə məhəbbətini artırırsan.

- Mən deməzdim ki, yaşla əlaqədar hamı kamilləşir. İnsan var ki, 70 yaşı var, ancaq əxlaqı yoxdur. Bu insanın həm də canından gəlməlidir...

- Əlbəttə, elədir, Allah bizi bu cür insanlardan qorusun. Yaşlaşdıca şükür etsən o dünyamızı rahat dəyişdirərik. O dünyada Allah bizə yaxşı yerlərdən seçim edər. Mənə elə gəlir ki, həm cavanda həm də ki qocada şükürlər artırılmalıdır. Ona görə də yalvarıram ki, Allah şükürümü düzəlt.

- Sizi təbrik edənlərdən kimin arzusu ürəyinizcə oldu?

- Birinci böyük nəvəm məni təbrik etdi. Xanımım da namaz qılanda birinci o dua etdi. Uşaqlar elə bala-bala təbrik edirlər. Telefonum susmur. Təbriklər bir-birinə qarışıb.

Hələ mən dəqiq yaşımı hiss etmirəm ki, mənim neçə yaşım var.

- Kişinin deyirlər yaşı onun var dövlətidir. Siz necə hesab edirsiniz?

- Birinci dəfədir ki, bunu sizdən edirəm. Vallah, adama sağlam can, ailə rahatlığı olsa bəs edir. Elə adam var ki, üzündən xəstəlik yağır. Uşaqlarının hərəsi bir tərəfdədir, onun sözünə baxmır, belə halda yaşın nə bəhrəsi olacaq.

- 57-dən geriyə sayanda hansı yaş dövrünüz üçün darıxırsınız?

- Mənə elə gəlir ki, elə bu yaş dövrüm rahatdır. Çünki hər şeyə bir az uzaqdan bax bilirsən. O biri dövrlərim mənim çox həyacanlı, gərgin, məsuliyyətli olub. Ona görə də qurban olum Allaha. O bilir ki, nə əqidəli insan və necə yaradıb. Allah deyən yol ilə biz getsək çox yaxşı bir ömür sürə bilərik. Ona görə də heç cavanlığı da istəmərəm yada salam, hamısı gözəldir ha, amma o yaşların üstündə o qədər əziyyət, məsuliyyət var. Bu yaşı özümə rahatlıq bilirəm. Elə bil ki, təlatümdən sonra dərya sakitləşir, sən də suyun üzərində hərəkətsiz dayanırsan. Bax bu yaşımda məndə elə bir anlar var.

Şəhanə Rəhimli

Teqlər: