Bu gün imtahandır

  31 İyul 2014    Oxunub : 624
Bu gün imtahandır
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu gün 2014/2015-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün qabiliyyət imtahanı keçirəcək.

TQDK-dan AzVision.az-a verilən məlumata görə, bu mərhələdə 2014-cü ilin aprel ayının 1-dən 30-dək jurnalistika ixtisasına qəbul olmaq üçün internet vasitəsilə anket dolduraraq qeydiyyatdan keçmiş və III ixtisas qrupu üzrə test imtahanı verərək müsabiqə şərtini ödəyən abituriyentlər iştirak edə biləcəklər.

İmtahan Bakı şəhərində və TQDK-nın regional mərkəzlərinin yerləşdiyi şəhərlərdə - Naxçıvan, Gəncə, Lənkəran, Şəki, Ağcabədi, Göyçay, Şirvan və Xaçmazda təşkil olunacaq.

İmtahan 2 saat 30 dəqiqə müddətində aparılacaq.

Abituriyentlər imtahana özləri ilə 2 sənəd gətirməlidirlər:
- şəxsiyyəti təsdiq edən sənədin əslini;
- “İmtahana buraxılış vərəqəsi"ni.

İmtahanın məzmunu haqqında məlumat:

Abituriyentlər bakalavriat səviyyəsinə qəbul imtahanının qabiliyyət imtahanı mərhələsində təqdim olunmuş mövzu üzrə inşa (esse) yazacaqlar. Yazı işi abituriyentin imtahan verdiyi bölmədən asılı olaraq Azərbaycan və ya rus dilində yerinə yetirilməlidir.

İnşa (esse) abituriyentin təklif olunmuş mövzu üzrə öz nöqteyi-nəzərini əsaslandırılmış surətdə ifadə etdiyi müstəqil yaradıcı yazı işidir. Abituriyentlərə ictimai-siyasi, iqtisadi, mədəni həyat sahələrinə aid, həmçinin respublikamız, görkəmli şəxsiyyətlərimiz, təhsil, ixtisas seçimi, ətraf mühit, mənəviyyat və bütün bəşəriyyəti narahat edən digər qlobal problemlər haqqında müstəqil mühakimə yürütmək və əsaslandırmaq bacarığını nümayiş etdirməyə imkan verən sərbəst mövzular təklif olunur.
İnşa yazıda (essedə) abituriyent öz fikirlərini aydın və savadlı ifadə etməlidir.

İnşanı (esseni) yazarkən abituriyent:

• mövzunu açmalı və dolğun əhatə etməli;
• yazının tərkib hissələri (giriş, əsas hissə və nəticə) arasında məntiqi rabitə yaratmalı, fikirlərini məntiqi ardıcıllıqla ifadə etməli və abzaslarla fərqləndirməli;
• ictimai-siyasi problemlərə yaxşı bələd olduğunu göstərməli;
• ictimai-siyasi problemləri təhliletmə, ümumiləşdirmə və məntiqi nəticə çıxarma qabiliyyətini nümayiş etdirməli;
• fikir və düşüncələrini anlaşıqlı, məntiqli, rabitəli və aydın surətdə, ədəbi dilin normalarına, o cümlədən, qrammatika, orfoqrafiya, durğu işarələrinin işlənməsi qaydalarına müvafiq olaraq ifadə etməli, öz fikir və mühakimələrini əsaslandırmaq üçün bir neçə müvafiq sitat, iqtibas, nümunə və faktlardan (tarixi hadisə, bədii parçalar, həyat hadisələri və s.) istifadə etməlidir.
• İnşa (esse) səliqəli, oxunaqlı və aydın xətlə yazılmalıdır.
Qiymət həm yazılan inşanın məzmununu, həm də yazı savadını nəzərə almaqla verilir. Yazı işi bır sıra meyarlar nəzərə alınmaqla “məqbul” və ya “qeyri-məqbul” ilə qiymətləndiriləcək.
“Qeyri-məqbul” qiyməti mövzunun zəif açıldığı və ya heç açılmadığı, abituriyentin mövzunu səthi bildiyini və ya heç bilmədiyini aşkara çıxaran, mətnin hissələri arasında məntiqi əlaqənin pozulduğu, 6 və daha çox dil və nitq səhvi olan yazılara verilir.
Yazı işi qiymətləndirilən zaman aşağıdakı meyarlar nəzərə alınır:
• verilmiş mövzunun başa düşülməsi, mövzu üzrə materialı, əsas fakt və hadisələri bilmə;
• abituriyentin mövzuya orijinal yanaşması, öz nöqteyi-nəzərini əsaslandırılmış şəkildə ifadə etmək bacarığı, mövzunun açılma səviyyəsi, fikirlərin aydın və anlaşıqlı ifadə olunması;
• çıxarılan nəticələrin məntiqli və əsaslandırılmış olması;
• yazı üslubunun orijinallığı, dilin zənginliyi, obrazlılığı və səlisliyi, savadlılıq səviyyəsi;
• yazı işinin ədəbi dilin fonetik, leksik, qrammatik və üslub normalarına, orfoqrafiya və durğu işarələrinin işlədilməsi qaydalarına tam riayət etməklə tərtib olunması.
Yazı işində abituriyentlərin özləri haqqında hər hansı məlumat yazması və ya hansısa işarə vurması qadağandır. Belə hala yol vermiş abituriyentlərin yazı işləri „sıfır“ balla qiymətləndiriləcək.
İnşa yazı (esse) 2–4 səhifə (ən azı 400 söz) həcmində olmalıdır. Başqa mövzuda, həmçinin 1 səhifədən (200 sözdən) az həcmdə yazılmış inşalar da “0” balla qiymətləndirilir.

Teqlər: