Milli Observatoriya ilə NDU arasında memorandum imzalanıb

Milli Observatoriya ilə NDU arasında memorandum imzalanıb
  14 Aprel 2025    Oxunub:933
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın İdarə Heyətinin sədri Elnur Səfərlinin başçılıq etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasında səfərdədir.
Bu barədə AzVision.az -a qurumdan məlumat verilib.

Qeyd edilib ki, Naxçıvan Dövlət Universitetində, Naxçıvan MR-in Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Universitetin rəhbər heyəti ilə görüş keçirilib.

E.Səfərli Observatoriyanın institusional imkanlarının genişləndirilməsi məqsədilə ali təhsil müəssisələri və analitik tədqiqat mərkəzləri ilə aparılan səmərəli əməkdaşlıqdan bəhs edib. Bildirib ki, əməkdaşlıq çərçivəsində universitet məzunlarının işlə təmin olunma göstəriciləri araşdırılır, tələbə və məzunlar praktiki təcrübə proqramlarında iştirak edirlər.

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev Universitetin innovativ tədqiqat mərkəzinə çevirilməsi istiqamətində aparılan məqsədyönlü işlər barədə məlumat verib.

Görüşdə Naxçıvanda əmək bazarının aktual məsələləri, sosial müdafiə siyasətinin inkişafı və universitet-sənaye əməkdaşlığının genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Naxçıvan MR-in əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, nazir vəzifəsinin səlahiyyətlərini müvəqqəti icra edən Fərid Bağırzadə bölgədə əmək bazarının mövcud durumu haqqında geniş məlumat verib. O, məşğulluq sahəsində aparılan islahatlar, işçi qüvvəsinin inkişaf perspektivləri və sosial müdafiə tədbirləri barədə fikirlərini bölüşüb.

Sonra E.Səfərli və E.İsayev Milli Observatoriya ilə Naxçıvan Dövlət Universiteti arasında əmədaşlığa dair Anlaşma Memorandumu imzalayıblar.

Sənəddə NDU-nun məzunlarının əmək bazarına adaptasiya vəziyyətinin təhlil edilməsi, əmək bazarının kəmiyyət və keyfiyyət parametrləri nəzərə alınmaqla, perspektiv peşə və ixtisaslara, zəruri bacarıqlara və səriştələrə olan tələbatın proqnozlaşdırılması sahələrində əməkdaşlıq edilməsi, birgə tədqiqatların aparılması, elmi-praktiki konfransların, simpoziumların və digər tədbirlərin keçirilməsi əksini tapıb.

AzVision.az

Qalereya




Teqlər:





Xəbər lenti