Meksika Konqresində Xocalı anılıb

Meksika Konqresində Xocalı anılıb
  26 Fevral 2025    Oxunub:438
Xocalı faciəsinin 33-cü ildönümü ilə əlaqədar Meksika Deputatlar Palatasının rəhbərliyinin dəstəyi, Azərbaycanın bu ölkədəki səfirliyinin və “Arts Council Azerbaijan” qeyri-hökumət təşkilatının birgə təşkilatçılığı ilə San Lazaro Qanunvericilik Sarayında ölkəmizin görkəmli rəssamı Nazim Məmmədovun Xocalı qurbanlarının əziz xatirəsinə həsr edilmiş rəsm irsini əhatə edən “Xocalı fəryadı” adlı sərgi təşkil edilib.
AzVision.az xəbər verir ki, açılış nitqi ilə çıxış edən səfir Məmməd Talıbov öncə sərginin əhəmiyyətini vurğulayaraq, bunun müasir Azərbaycan tarixinin ən kədərli səhifələrindən biri olan, günahsız mülki əhaliyə qarşı törədilmiş amansız Xocalı soyqırımının qurbanlarına ehtiramın bir nümunəsi olduğunu və həmin faciənin tarixini beynəlxalq ictimaiyyətə çatdırmaq məqsədi daşıdığını qeyd edib.

Daha sonra Xocalı soyqırımının acı nəticələri barədə qonaqları məlumatlandıran diplomat səbəbkarların ədalət qarşısına çıxarılmasının, beynəlxalq səviyyədə pislənməsinin, həmçinin törədilən faciəyə ədalətli hüquqi və siyasi qiymətin verilməsinin vacibliyindən danışıb.

Xocalı soyqırımının unudulmamasının əhəmiyyətini qeyd edən səfir bu gün hər bir azərbaycanlının faciə qurbanlarının xatirəsini yaşatdığını və onların səsini dünyaya çatdırmaq üçün əllərindən gələni əsirgəmədiklərini bildirib. Bu xüsusda, ədalətin bərpa olunması və bu kimi cinayətlərin bir daha təkrarlanmasının qarşısının alınması üçün “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyasının əhəmiyyətindən bəhs edilib.

Diplomat, həmçinin bir sıra ölkələrin parlamentləri, o cümlədən Meksika Konqresinin hər iki palatası tərəfindən Xocalı soyqırımını pisləyən və bu faciəyə ədalətli qiymət verən sənədlərin qəbul edildiyini xüsusi vurğulayıb. O, bu addımın beynəlxalq ədalətin təmin olunmasında və Xocalı qurbanlarının xatirəsinin yaşadılmasında mühüm rol oynadığını diqqətə çatdıraraq, bu məsələdə göstərdiyi ədalətli yanaşma və həmrəyliyə görə Meksika tərəfinə təşəkkürünü bildirib.

M.Talıbov Prezident İlham Əliyev tərəfindən işğaldan azad edilmiş Xocalı şəhərində Azərbaycanın Dövlət Bayrağının qürurla ucaldıldığını, bununla da xalqımızın faciə qurbanlarını unutmamaq əzminin əbədiləşdirildiyini, bu gün orada dalğalanan üçrəngli bayrağımızın həlak olan insanların qanının yerdə qalmadığının canlı sübutu olduğunu diqqətə çatdırıb.

Səfir, həmçinin uzun illər davam edən işğaldan sonra ölkəmiz tərəfindən məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmasını təmin etmək üçün görülən işlərdən söz açıb. Böyük Qayıdış Proqramı çərçivəsində bu gün Xocalı sakinlərinin öz evlərinə ləyaqətlə qayıtdığını və uzun illər boyu böyük əzablar yaşamış şəhərin yenidən cənnətə çevrildiyini bildirib. O, 1988-1991-ci illər arasında Ermənistandan qovulmuş azərbaycanlıların da bir gün təhlükəsiz şəkildə öz evlərinə qayıdacaqlarına inamını ifadə edib.

Meksika Konqresinin üzvü Eden Qarses Medina isə öz növbəsində iştirakçılara mülki əhaliyə qarşı törədilmiş amansız faciə barədə danışaraq, Xocalı soyqırımı qurbanlarının xatirəsinin daim yaşayacağını və bu il də, hər il olduğu kimi, Azərbaycan xalqının ədalət tələb etmək üçün səsini ucaltdığını qeyd edib. O, bu faciənin unudulmasına icazə verilməməli olduğunu vurğulayıb. E.Q.Medina bu sərgi vasitəsilə Azərbaycana, o cümlədən zorakılıq və ədalətsizlik qurbanı olmuş bütün insanlara həmrəyliyini ifadə edib. Dünya vətəndaşları olaraq, belə faciələrin təkrarlanmasına yol verməmək məsuliyyətinin olduğunu bildirən konqres üzvü sülhün yalnız həqiqət və insan hüquqlarına hörmət əsasında qurula biləcəyini qeyd edib. Sonda isə insanları faciəni unutmamağa və bunun bir daha təkrarlanmasına yol verməməyə çağırıb.

Meksika Konqresinin digər üzvü Ruben İqnasio Moreira sərgidə iştiraka dəvətə görə Azərbaycan tərəfinə təşəkkürünü bildirərək, insan hüquqlarına hörmətin əhəmiyyətindən, bu xüsusda bu kimi faciələrin bir daha yaşanmamasının vacibliyindən söz açıb.

Sonda “Arts Council Azerbaijan” qeyri-hökumət təşkilatının rəhbəri Dadaş Məmmədov qonaqları azərbaycanlı rəssam Nazim Məmmədovun Xocalı faciəsinə həsr edilmiş yaradıcılıq irsi barədə məlumatlandırıb.

Qonaqlar tərəfindən maraqla qarşılanmış sərgidə iştirakçılara Xocalı faciəsinin tarixindən bəhs edən broşür və materiallar təqdim olunub.


Teqlər: Xocalı  





Xəbər lenti