Fransa və Britaniya Ukraynaya 30 min hərbçi göndərmək istəyir

 Fransa və Britaniya Ukraynaya  30 min hərbçi  göndərmək istəyir
  23 Fevral 2025    Oxunub:545
Moskva xəbərdarlıq edir ki, Qərb qoşunlarını yerləşdirdikdən sonra ölkəni işğal edə bilər
Britaniya və Fransa hökumətləri Ukraynaya 30 minə qədər sülhməramlı göndərməyi planlaşdırırlar. Planın reallaşması Moskva və Kiyev arasında mümkün atəşkəsin əldə edilib-edilməməsindən asılıdır. AzVision.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” Avropa siyasi dairələrindəki mənbələrinə istinadən məlumat yayıb.

Nəşrin yazdığına görə, bu təşəbbüsün həyata keçirilməsi həm də ABŞ Prezidenti Donald Trampın Amerika hərbi qüvvələrinin iştirakına razılıq verib-verməməsindən asılı olacaq. Vaşinqton Ukraynaya qoşun göndərmək niyyətində olmadığını bildirsə də, Böyük Britaniya və Fransa ABŞ-ın məhdud kontingentlə, xüsusilə hava hücumundan müdafiə, logistika və kəşfiyyat sahələrində dəstək verəcəyinə ümid edir.

Avropa rəsmiləri vurğulayırlar ki, “Trampın dəstəyi olmadan Avropanın Ukraynaya sülhməramlı qüvvələr göndərməsi planı çətin ki, gerçəkləşsin”.

Planlaşdırılan “təminat qüvvəsi” əsasən Böyük Britaniya və Fransa hərbçilərindən ibarət olacaq və əsas diqqət strateji infrastruktur obyektlərinin, şəhərlərin və limanların mühafizəsinə yönəldiləcək. “The Wall Street Journal” yazır ki, planın digər vacib elementi mümkün atəşkəsə Rusiyanın əməl edib-etmədiyini yoxlamaq üçün pilotsuz uçuş aparatları və peyklərdən geniş istifadəni nəzərdə tutur.

Bundan əvvəl mediada yayılan məlumatlara görə, Böyük Britaniya və Fransa uzun müddətdir Ukraynaya qoşun göndərmək ideyasını dəstəkləsə də, bir sıra digər Avropa İttifaqı ölkələri bu məsələyə ehtiyatla yanaşır. Kiyev də bu təşəbbüsə skeptik yanaşır. Ukrayna Prezidenti Volodimir Zelenskinin müşaviri Mixail Podolyak cümə günü bildirib ki, “xarici sülhməramlı qüvvələrin yerləşdirilməsi hələlik real görünmür.” O, bunun əvəzinə Ukraynanın Qərb tərəfdaşlarını müdafiə xərclərini artırmağa çağırıb.

Zelenski daha əvvəl bəyan etmişdi ki, Rusiya ilə sülh sazişinin təmin olunması üçün Ukraynaya 200 min Avropa hərbçisi lazım ola bilər. Qərb mediası isə bu sayda qüvvəni toplamağın elə də asan olmadığını vurğulayıb.

Bu arada, Rusiya Xarici İşlər Naziri Sergey Lavrov NATO qoşunlarının Ukraynaya yerləşdirilməsini qəbuledilməz adlandırıb. Moskva bəyan edib ki, Ukraynada istənilən xarici hərbi qüvvə qanuni hərbi hədəf hesab olunacaq.

Ötən ilin noyabrında Rusiya Xarici Kəşfiyyat Xidməti (SVR) Qərbin “sülhməramlı qüvvə adı altında Ukraynanı faktiki işğal etməyə” cəhd edə biləcəyi barədə xəbərdarlıq edib. İddia edilir ki, bu plan Ukraynada 100 minədək qoşun yerləşdirilməsini və ölkənin dörd iri işğal zonasına bölünməsini nəzərdə tuta bilər.

Qeyd edək ki, Fransa Prezidenti Emmanuel Makron fevralın 24-də Vaşinqtona səfər edəcək və Trampla danışıqlar aparacaq. Fevralın 27-də isə Böyük Britaniyanın baş naziri Kir Starmer Amerika lideri ilə görüşəcək.

Röya Əliyeva
AzVision.az



Teqlər:





Xəbər lenti