Zəngəzur Mis-Molibden Zavodunda nə baş verir?

   Zəngəzur Mis-Molibden Zavodunda nə baş verir?
  21 Fevral 2025    Oxunub:477
Ermənistanda etirazlar səngimək bilmir. Bu dəfə Zəngəzur Mis-Molibden Zavodunun (ZMMP) işçiləri ayağa qalxıblar.
"Sputnik Armeniya"nın yaydığı məlumata görə, Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) nəşrin etirazlarla bağlı sorğusuna cavab verməyib.

İrəvan meriyası tətilə qoşulan sürücüləri kütləvi şəkildə işdən qovur
Qeyd edilib ki, ağır sosial durumdan şikayətlənən və əmək haqqının artırılmasını tələb edən işçilərin tətili fevralın əvvəlində başlayıb və təxminən 10 gün davam edib.

"Şirkət rəhbərliyi bəyan edir ki, aksiyalarda 4600 işçidən 200-ə yaxını iştirak edib. Fevralın 11-də rəhbərlik zavodun fəaliyyətini bərpa etdiyini bildirib,"- sayt yazıb.

"Sputnik Armeniya" Milli Təhlükəsizlik Xidmətinə bir neçə sual göndərib. Jurnalistlər xidmətin zavodda minlərlə işçinin yaratdığı gərgin vəziyyətin milli təhlükəsizliyə təhlükə yaratmasını soruşublar. Bundan əlavə MTX-yə "etirazlar təxribat sayılırmı?" "xarici qüvvələrin müdaxiləsi ilə bağlı məlumat varmı?" kimi sorğular da ünvanlanıb.

Aidiyyəti qurumun cavabı isə qısa olub: “İstintaq Komitəsinin Zəngəzur Regional İstintaq İdarəsində araşdırma aparılır. Ona görə də məlumat almaq üçün onlarla əlaqə saxlamağınızı tövsiyə edirik”.

Qeyd edək ki, bir müddət əvvəl əvvəl Zəngəzur Mis Molibden Zavodunu QSC-nin baş direktoru Roman Xudoliy bu mövzuda diqqət çəkən açıqlamalar vermişdi. O, bəyan etmişdi ki, müəyyən qüvvələr var ki, onlar zavodun işçi heyətindən istifadə edirlər. Həmin qüvvələr QSC-nin maliyyə axınına nəzarəti ələ keçirmək üçün etirazlar yaradırlar.

Ermənistan İstintaq Komitəsi isə zavod rəhbərliyinin yaydığı məlumatdan sonra Cinayət Məcəlləsinin 460-cı maddəsi ilə cinayət işi açıb. Maraqlıdır ki, cinayət işi materiallarında etirazçıların bəzilərinin şirkətin işçisi olmaması, bəzilərinin adlarının ştatda tapılmaması, hətta həmin şəxslərin Kacaranda və ya Qafanda yaşamadığı göstərilib.

Zəngəzur Mis-Molibden Zavodu Ermənistanın ən böyük sənaye müəssisəsi və vergi ödəyicisidir. Bu səbəbdən QSC strateji obyekt sayılır. 2024-cü ildə şirkət büdcəyə 100 milyard dramdan (256 milyon dollar-red.) çox vəsait ödəyib.
Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Etiraz  





Xəbər lenti