`İki-üç dəfə pusquya düşmüşdülər` - Kəlbəcər girovlarımızın tarixçəsi

`İki-üç dəfə pusquya düşmüşdülər` - Kəlbəcər girovlarımızın tarixçəsi
  23 İyul 2014    Oxunub:9644
Kəlbəcərdə girov götürülmüş Azərbaycan vətəndaşları Dilqəm Əsgərov və Şahbaz Quliyev haqqında onların dostu, astroloq Səbuhi Rəhimli AzVision.az-a danışıb.

- Dilqəm Əsgərov və Şahbaz Quliyevlə necə tanış olmusunuz?

- Qəzetimizin (“Qoroskop” – red.) bir əməkdaşı var - Ziyəddin İsmayılov. Bir dəfə o redaksiyaya gəlib dedi ki, kitab yazmaq istəyirəm. Kitabın redaktəsi və digər müəyyən işlər üçün sizin köməyiniz lazımdır. Söhbət 2002-ci ildən gedir. Kitabın adı “Kəlbəcərə tək getmə, ata” idi. O kitabı oxuyanda gördüm ki, Dilqəm Əsgərov adlı bir nəfərin işğal altında olan Kəlbəcərə təkbaşına və xəlvəti getməsindən, xüsusilə 1998-99-cu illərdəki iki səfərindən bəhs olunur. O, səfərlərin hər birində müxtəlif şəxslərlə oraya gedir. Ziyəddin İsmayılov bu kitabda Dilqəmin ora necə getməsindən, yolda başına gələnlərdən, keçirdiyi hisslərdən danışır. Yazını oxuduqca fəxr edirdim ki, belə vətəndaşlarımız var. Ziyəddin bəy Dilqəmin sadəcə Kəlbəcərin Şaplar kəndində - öz yurdunda otun üstünə uzanıb necə ağlamasından, anasının məzarını görəndə hansı hissləri keçirməsindən yazıb. Dilqəmin ailəsi, övladları, normal yaşayış şəraiti var, özü də Rusiyanın Perm şəhərində yaşayırdı. Amma vətən onu həmişə çəkirdi.



Həmin kitabı oxuduqdan sonra mən Dilqəmlə tanış oldum. Sonradan öyrəndim ki, Tərtər rayonunun Qapanlı kəndindən Şahbaz Quliyev adlı bir nəfər də Dilqəmə yol yoldaşı olub. Onların gördüyü iş əslində çox çətin işdir. Vətəninin, doğmalarının dəfn olunduğu torpağı hamı sevə, oranı görmək istəyə bilər, amma adətən qorxu hissi sevgini üstələyir.

Qeyd etdiyim kitabdan cəmi 500 nüsxə çap etmək mümkün oldu. Yaymaq o qədər də mümkün olmadı, böyük əksəriyyətini Kəlbəcər rayon İcra Hakimiyyəti götürdü. Mənim kimi çoxları da bu kitab vasitəsilə Dilqəmi və Şahbazı tanıdılar.
Mən onlarla mütəmadi olaraq görüşüb söhbətləşirdim.

- Bu adamlar ermənilərin faktiki nəzarətində olan əraziyə daxil olub günlərlə bölgədə gəzirdilər. Mənim üçün maraqlıdır, bu qədər müddət ərzində ermənilərin bundan xəbəri olubmu və ya onlarla rastlaşıblarmı?

- Axır vaxtlar çox tələyə düşürdülər. Çünki ermənilər artıq başa düşmüşdülər ki, belə bir adam var. Amma Dilqəm deyirdi ki, mən ölsəm də hər il gedib atamın, babamın qəbrini ziyarət etməliyəm. İki-üç dəfə pusquya düşmüşdülər. Mübariz İbrahimov şəhid olduğu ərəfədə az qala Şahbazgil də öldürüləcəkdi. Bildiyimə görə, Dilqəm onda yaralanmışdı. Ona görə də növbəti il gedə bilmədi, çünki səhhəti imkan vermirdi. Biz də məsləhət gördük ki, daha getməsinlər, qorxuruq. Amma yenə də razılaşmırdılar.

- Onlar səfərə getməzdən əvvəl xəbəriniz olurdu, yola salırdınızmı?

- Bəzən hətta bizə də, yəni dostlara da maksimum təhlükəsizlik üçün getməzdən əvvəl xəbər etmirdilər. Biz çox vaxt onlar qayıdıb gələndə bilirdik ki, Kəlbəcərdən gəlirlər. Onlar gələndən sonra görüşüb söhbət edirdik. Bu dəfə də getdiklərindən xəbərimiz olmamışdı. Əvvəl internetdə Şahbazın şəklini gördüm, yazılmışdı ki, girov götürülüb. Xəbəri eşidəndə sarsıldım. Bilirsinizmi, onlar hansısa erməni yaşayan rayona getməyiblər, onlar Ermənistan sərhədini də keçməyiblər, onlar öz kəndlərinə, doğma yurdlarına gediblər – o yerlərə ki oraya 20 ildən çoxdur, ayağımız dəymir. Bu səbəbdən də onları girov deyil, öz kəndlərindən oğurlanmış adamlar hesab edirəm. Sonradan yayılan videokadra baxanda gördüm ki, Cəbrayıldan Həsən adlı başqa bir qəhrəman da onlara qoşulub Kəlbəcərə gedib.

- Videogörüntülərdə onların hər üçü çox sərbəst davranırlar.

- Çünki düşmənlərdən xeyli arxada - öz doğma kəndlərindədirlər. Amma həmişə belə rahat olmayıb. Məsələn, hər dəfə çəkilişlərə baxanda nə qədər mürəkkəb və təhlükəli səfər olduğunu görmək olurdu. Nəzərə alaq ki, çətinlik təkcə ermənilərlə bitmir, keçdikləri yollar da böyük çətinliklər yaradırdı. Sıldırım qayaları keçmək, uçurumlardan, vəhşi heyvanlardan qorunmaq da lazımdır. Üstəlik, Dilqəmgil erməni dilini bilmirlər, bu da onların işinə maneə törədirdi. Özləri danışırdılar ki, bir dəfə ermənilər onların arxasınca düşüblər, onlar da gizlənməyə məcbur olublar. Üç gün qurdlanmış qarı təmizləyib qar yeyiblər, yemlik, dağ çiyələyi yeyiblər ki, acından ölməsinlər.



Bu adamlar azad olunmalıdır, onların heç bir günahı yoxdur. Dilqəmi də, Şahbazı da tanıyıram, şair təbiətli adamlardır, sadəcə öz elinə ruh almağa, ulularının qəbirlərini ziyarətə gedirlər.

- Onlar getdikləri yolda çoxmu əziyyətlər çəkirdilər. Sizə konkret nə danışırdılar?

- Dilqəm həmişə danışırdı ki, o tərəfə keçəndə təmas xəttində olan Azərbaycan hərbçiləri də onların Kəlbəcərə getdiyini bilmirdilər. Hər gedəndə tamam fərqli yerdən keçməli olurdular, gecəni gözləyirdilər ki, heç kim bilməsin. Dağ-dərə, eniş-yoxuş, sıldırım qayalar, vəhşi heyvanlar, zəhərli ilanlar olan çox uzun və çətin yoldur Kəlbəcər.

- Onların Kəlbəcərə silahla getdiyi də iddia olunur.

- Ermənilərin dediyi silahların heç biri onlarda olmayıb. İstəsələr də onların silah aparmağı mümkün deyil, çünki qeyd etdiyim kimi getdikləri yol çox çətindir. Onların üstündə yalnız ov tüfəngi və bıçaq olurdu. Heyvan ovlayıb kəsmək üçün. Durbin, ip və s. bu kimi şeylər. Bəzən olurdu ki, gedəndə də onları biz yola salırdıq, ona görə də apardıqları əşyaları gözümüzün qabağında yığırdılar. Qayıdıb postları keçəndən sonra isə zəng vururdular, biz də bilirdik ki, gəlirlər və gedib qarşılayırdıq.



- Onların diversant olduğu iddiaları ilə bağlı nə düşünürsüz?

- Kəlbəcərdə kimsə hansısa kəşfiyyat işi apara bilər, amma bunu kəşfiyyatçılar edir. Dilqəm və Şahbaz kəşfiyyatçı deyillər, qeyd etdiyim kimi şair ruhlu adamlardır. Onların məramı sırf oraları görmək və doğmalarının məzarını ziyarət etmək olub. Dilqəm 1998-ci ildə Kəlbəcərə ilk dəfə gedəndə qayıdandan sonra onu tutmuşdular ki, oradan qızıl gətirmisən. Sonradan başa düşdülər ki, bu adam bəlkə də dəlicəsinə vətənini sevən insandır – onun doğma Şaplar kəndindəki bir çiçəyi qoxulaması tonlarla qızıldan dəyərlidir ona.

- Mətbuat əsirlərimizə işgəncə verildiyini, hətta Şahbaz Quliyevin gözünün çıxarıldığı barədə məlumatlar yayıb.

- Qırmızı Xaç Komitəsinin nümayəndələrinin onların yanına buraxılmaması göstərir ki, vəziyyətləri yaxşı deyil. Amma göz çıxarmaq barədə olan məlumat doğru deyil. Bu xəbər belə yayıldı: guya mühasirəyə düşəndə Dilqəm zəng vurub və xəbər verib ki, Həsəni vurdular, Şahbazı da tutub gözünü çıxardlar, mən də qaçmışam. Amma tutulandan sonra Şahbazın şəkilləri yayıldı və orada da gözləri salamatdır. İnsan o cür situasiyada şok vəziyyətində olur və hər şeyi şişirdilmiş kimi qəbul edə bilər. Ola bilər Dilqəm doğurdan da o cür deyib ki, Şahbazın gözü çıxarılıb. Amma fakt budur ki, əsirlikdə olanda çəkilmiş şəkildə elə görünmür.

- Onları geri qaytarmaq üçün sizcə hansı addımlar atılmalıdır?

- Beynəlxalq təşkialtları səfərbər etmək, onlara çatdırmaq laızmdır ki, bu adamlar nə əsirdir, nə də girov. Onlar öz kəndlərindən oğrulanmış adamlardır. Azərbaycan ərazisinə soxulan erməni hərbçiləri onları oğurlayıblar.

- Onların ailəsi ilə əlaqəniz varmı? Necədirlər?

- Təbii ki, çox pisdirlər. Dilqəmin oğlu ilə arabir görüşürəm. Onlar hər gedəndə ailələri hər şeyə hazırlıqlı olurdular deyə xəbəri eşidəndə necə deyərlər, şok keçirmədilər. Amma o kadrlara baxmaq elə bilirsiniz asandır? Onlara nələr edildiyini təsəvvür etmək sizcə, rahatdır? Təsəvvür edin ki, Şahbaz Quliyevin anasına bildirmirlər ki, oğlunu ermənilər girov götürüb. Nə televizor yandırırlar, nə də kənd sakinləri bir söz deyir. Zavallı ana elə bilir ki, Şahbaz Rusiyadadır.


Fotodakı Dilqəm Əsgərovun oğludur

- Dlqəm haqqında bəzi iddialar da səsləndirirlər, onları narkotik alverçisi kimi qələmə verməyə çalışırlar.

- Dilqəmi də, Şahbazı da şəxsən tanıyan adam kimi deyirəm ki, onlar heç siqaret də çəkmir.

- Siz də döyüş yolu keçmisiniz. Bu məsələlərə həmişə həssas yanaşan insan kimi son olaraq nə deyə bilərsiniz?
- Bu hadisə insalara göstərdi ki, millət yatmayıb, həmişə oyaqdır, hər zaman Qarabağa gedib-gələ bilir. Təkcə Dilqəm deyil, Füzuli tərəfdən, Agdamdan, Tərtərdən, Qazaxdan, Naxçıvandan işğal olunmuş torpaqlara gedib-gələn adamlarımız həmişə olub və olacaq. Təsəvvür edin iki-üç sadə və yaşlı adam gedib Kəlbəcərə, bütün Kəlbəcərdəki erməni əhali, Basarkeçərdə (Vardenis) yaşayanlar qorxuya düşüb ki, artıq azərbaycanlılar bu tərəfə gəlir. Ona görə də ermənilər Dilqəmgili nümayişkarənə şəkildə tutdular ki, əhalidə arxayınlıq yaratsınlar. Adını da kəşfiyyatçı qoydular, diversant qoydular. Kəşfiyyata gedən adamın üstündə onun kimliyini bildirən heç bir sənəd olmur, milli bayraq olmur, ov tüfəngi olmur, gedəndə də kabab səhnələrini lentə almırlar. Hansısa hərbi obyekti, yaşayış massivini çəkməyib bu adamlar.

Mən keçən il İran tərəfdən Araz boyu Qarabağ ərazisini müşahidə etdim. Gördüm ki, ərazi bomboşdur, hərbi postların arası 5 kilometrdən artıqdır. Oranı geri almaq çox asandır. Amma əsl səbəb nədir bilmirəm. Yəqin Dilqəmgil elə bu səbəbi axtarmağa gediblərmiş...

Fatimə KƏRİMLİ
AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti