`Meyitin iyi 3 gün adamın burnunda qalır` - Xilasedicilərin rəisi

 `Meyitin iyi 3 gün adamın burnunda qalır` - Xilasedicilərin rəisi
  23 İyul 2014    Oxunub:2650
AzVision.az -ın müsahibi Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətinin Çevik Xilasetmə İdarəsinin rəisi Kür Səfərəliyevdir . O, bizimlə öz çətin işlərində üzləşdikləri məqamlar haqqında son dərəcə maraqlı bir söhbət edib.

- 2007-ci ildə Azərbaycan Motosiklet İdmanı Federasiyasının prezidenti kimi məni dəvət etdilər, qeyd etdiyimiz qurumu yaratdıq. Motoxilasedicilərdən istifadə etmək üçün motosiklet sürənləri işə götürdük. Çünki Bakı küçələrindəki avtomobil tıxaclarını yarıb, hadisə yerinə ən qısa vaxtda çatmaq üçün motoskl ən yaxşı vasitədir.

Azərbaycanın ən birinci motoxilasediciləri biz olduq. 21 nəfərdən ibarət olan komandanın rəhbəri mən seçildim. İki ay yarım ekstrim dərs keçdik. Ən birinci tibbi yardımı, daha sonra alpinizm öyrəndik. Ondan sonra motosikletləri hazırladıq. Onlara elə avadanlıqlar qoyduq ki, işləyə bilək. Daha sonra maşınlar da gəldi. İndi yüngül işlərə motoxilasedicilər, ağır işlərə isə maşınlarımız gedir. Bizim 11 postumuz var, Bakını, Sumqayıtı, Abşeronu əhatə edir.

- “Yüngül işlər” dedikdə nəyi nəzərdə tutursunuz?

- Yüngül iş dedikdə, məsələn, uşaqlar, xəstələr və ya kimsəsiz insanlar evdə, bağlı qapı arxasında tək qalırsa, bu zaman motoxilasedicilərimizi göndəririk. Onlar da polis və təcili yardımla birlikdə qapını açırlar. Amma çox ağır qəzalara, dağıntılara, torpaq sürüşməsinə görə xilasedici maşınlar gedir.

Bir dəfə Qəbələdə iki nəfər ovçu qar altında qalmışdı. Ora xilasedici maşınlarımızı göndərdik, kömək edib çıxardılar. Daha sonra Lənkəranda teleqraf partlayanda da getmişdik.

Bizim ən birinci işimiz Bakıda kranın uçurduğu qəzalı binada xilasetmə olub. Həmin qəza zamanı 100 min tonun altından 4 nəfər adamı sağ çıxara bildik. Türkiyədə, Vanda zəlzələ olanda bizim uşaqlar da getmişdilər. 60-a yaxın cəsəd, 20 nəfər adamı da sağ çıxarmışdılar.

- Yəqin ki, xilasedicilərin öz həyatları üçün də bəzən təhlükə yaranır?

- Əlbəttə, yaranır. Xilasedicinin işi odur ki, birinci öz təhlükəsizliyini təmin edərək, kiməsə yardım edə bilsin.

- Siz insanları müxtəlif çətinliklərdən xilas edirsiniz. Bunun sevinci necə olur? Axı həmin insanlara bir növ yenidən həyat vermiş olursunuz...

- Bizim işimiz çox ağır və emosionaldır. İntiharlara, qəzalara, digər ağır işlərə mən özüm gedirəm. Tutaq ki, bir qəza olur, adam qarından aşağı sıxılıb, maşında qalıb. Ayaqları sınıb, heç yeri işləmir. Siz onun gözlərinə baxsanız, özünüz də stress keçirərsiniz. O, gözlərilə yalvarır, səndən imdad istəyir ki, mənə kömək et. Çox vaxt həmin insanlar ağrıdan huşlarını da itirirlər. Təcili yardım onlara kömək edir, biz psixoloji söhbətlər edirik, başlarını sığallayırıq, əllərindən tuturam. Bununla göstərirsən ki, səbr et, sənin yanındayıq. Çünki onu əvvəlcə sakitləşdirməliyik ki, düşdüyü vəziyyətdən çıxara bilək.

Mən bu işdə elə situasiyalarla rastlaşmışam ki, istəməzdim haçansa yenidən elə şeylər görüm. Məsələn, bir dəfə adi maşın gedib beton daşıyan maşına dəymişdi. Nəticədə sürücü maşının qabaq şüşəsindən yerə düşmüşdü, maşını da betondaşıyan maşınla üstünə gəlmişdi. Həmin adamı elə bil karton kimi yerə yapışdırmışdılar. İnsan baxıb dəli olurdu. Biz onun meyidini çox çətinliklə yerdən qopartdıq.

Yol qıraqlarındakı dəmirlər çox itidilər, maşın onlara girəndə insanı da kəsib doğrayır. İçalatı, beyni, gözü, başı yerlə bir olur. Onu uşaqlar yerdən toplayıb torbaya qoyurlar, sonra yiyələrinə təhvil verirlər.

- Bu işləri görən zaman komanda da yəqin ki, stress keçirir, hə?

- Əlbəttə, stress keçirirlər. Evdə ölüb, bağlı qapı arxasında qalmış insanları oradan çıxarandan sonra 3-4 gün sənin burnunda ölünün çox spesifik iyi qalır. Neçə gün çörək belə yeyə bilmirsən. Xüsusən də yayda. Gəlib onun əlindən tutub dartanda, sanki xəmiri dartırsan, o vəziyyətdə olur. Yəni onu qaldırmaq da problem olur.

- Belə şeylər görəndə əsəbləri tab gətirməyib işdən ayrılan olurmu?

- Yox, belə şey olmayıb. Bir balaca öyrəşmək lazımdır. Amma çox ağırdır. Bizə ana uşağı lazım deyil. Biz hər dəfə təzə bir situasiya ilə rastlaşırıq.

- İntihar edən, qəzaya düşən insanları xilas edəndə, yəqin, enerjinizin çox hissəsini onlara sərf edirsiniz. Bu zaman özünüzü necə hiss edirsiniz?

- İntihar edən bir adamı aşağı düşürəndən sonra ən çox xoşuma gələn odur ki, insanlar səni o ki var, alqışlayır. Bu, sənin ürəyinə yağ kimi yayılır. Onu təhvil verib gələndən sonra su içində olursan. Demək olar, həmin gün özündə olmursan. İçində bir boşluq yaranır. Sənə heç nə lazım olmur. Çünki bütün enerjini, gücünü həmin adama xərcləyirsən. Ancaq sakitlik, təklik lazımdır ki, bu, sənin canından çıxsın. Həmin gün yemək yeməyə belə, taqətin qalmır. Çox ağırdır.
Bir dəfə bir qız özünü Qız Qalasından atırdı. Onunla düz 4-5 saat günün altında ünsiyyət qurmuşam.

- Hərdən kimisə aşağı düşürəndən sonra danlamaq, həmin adamın ağzının üstündən bir şillə çəkmək istədiyiniz olubmu?

- Həmin an adamın ağlına elə şey gəlmir. Həm də ürəyim gəlməz buna. Olur ki, hərdən üstlərinə qışqırıram. Amma polislər o işi görməyə hazırdırlar.

Mən siqaret çəkən deyiləm, amma deyirəm ki, ikimiz də oturaq siqaret çəkək, pivə istəyirsən, pivə gətirək. İstənilən variantı sınayıram. Onlardan icazəsiz biz heç nə etmirik. Soruşuram ki, olar, mən bir addım qabağa atım? İcazə versə atıram, verməsə atmıram. Özü də günün altında , qaynar istidə 4 saat ara vermədən danışdırıram. Asan məsələ deyil. Onlara deyirəm ki, biz sənin yanındayıqsa, sən heç ürəyini sıxma . Bu da onlara təskinlik verir.

Və yaxud, ana çıxır bayıra, uşaq qalır içəridə, qapı da kilidlənir. Özünüz də bilirsiniz ki, indi qapılar çox möhkəmdir, açmaq elə də asan məsələ deyil. Uşaq qapının o tayında, ana da bu tayında ağlayır. Sən də oturub baxırsan bunların ağlamağına. Gör, necə olarsan... Ana deyir ki, qazın üstünə yemək qoymuşam, yanğın ola bilər və ya uşaq yanar. Təsəvvür edin ki, sən də onlarla birlikdə eyni stressi, həyəcanı keçirirsən. Aləm dəyir bir- birinə. Ağlamaq, qışqırmaq... Belə vəziyyətdə gəl, indi işlə. Biz də insanıq, bizim də ürəyimiz var, balalarımız var. Biri var sakit, təmkinli işləyəsən, bir də var belə vur-çatlasında. Sənin enerjin həmin olayla da bitir.

- Heç olubmu ki, intihara cəhd edəni xilas edə bilməyəsiniz?

- Elə bir hadisə olmayıb. Bizim əsas işimiz odur ki, intihara cəhd edəni təhlükəsiz yerə keçirək, sonra söhbət edib, danışaq. O, təhlükəli yerdə dursa, ola bilər ki, artıq özü yorulsun, başı fırlansın, çaşıb düzgün hərəkət etməsin və aşağıya getsin.

8 ildir bu işin içindəyəm, bilirəm ki, intihara cəhd edənlə nə qədər çox danışsan, vaxtını udsan, ağlı başına gəlir. Çünki həmin an affekt vəziyyətində olurlar. Bir nəfər var idi, düz iki dəfə onu intihardan xilas etmişik. Onlar bizə inanırlar, buna görə də danışanda gərək səmimi olasan, sən səmimi olmursansa, hiss edirlər. Ürək və emosiya ilə danışmaq vacibdir.

- Xilasedicilər arasında qadın və ya qız varmı?

- Əlbəttə var. Bəzən elə olur ki, intihara cəhd edən oğlandır, kişini qəbul etmir, qadın daha yaxşı dilə tutur. Və ya intihar edən qadındır, qadını qəbul etmir, kişi onunla ünsiyyət qura bilir. Kim gəldi, birinci o danışır, bacarmasa, başqaları yaxınlaşır. Yəni variantlarımız çoxdur.

Heç vaxt yadımdan çıxmaz, biri elektrik dirəyinə çıxmışdı. Bunu kirayə qaldığı evdən çıxarmışdılar. Nə qədər edirdik, düşmürdü. Mən də bir az yuxarı qalxdım. Bu nə isə dedi, dedim ki, eşitmirəm, mənim qulağım pis eşidir, bu, hər dəfə sözünü demək üçün bir az aşağı endi. Axır ki, onu təhlükəsizlik yerə endirdik.

- Bu cür variantlara hazır olursunuz, yoxsa qəfildən ağlınıza gəlir?

- Yox, özü-özünə. Elə bil ki, Allahdan vəhy gəlir həmin an mənə.

- Müşahidələriniz necədir, intiharlar daha çox nə üstündə olur?

- Daha çox ailə, məişət, sevgi, maddiyyat, bir də özünə yer tapmamaq, özünü təsdiq etməməyə görə olur.

- İntihar edənlər arasında qadınlar daha çoxdur, yoxsa kişilər?

- Qadınlar da var, amma kişilər onlardan çoxdur. Kişilər hər şeyi daxildə, qapalı saxlayırlar deyə, intihara daha meyilli olurlar. Sonradan utanırlar. Buna görə həmişə onları intihar etmək istədikləri yerdən uzaqlaşdıranda başlarına əlimin altında olan pencəkdən, paltardan atıram ki, üzləri şəkillərə düşməsin.

Şahanə RƏHİMLİ




Teqlər:  





Xəbər lenti