Baş nazir: "Qəzzanı yalnız Fələstin idarə etməlidir"

      Baş nazir:    "Qəzzanı yalnız Fələstin idarə etməlidir"
  15 Yanvar 2025    Oxunub:372
"İsrail-HƏMAS müharibəsi başa çatdıqda Qəzza zolağını Fələstin Muxtariyyətindən savayı başqa qurumun idarə etməsi yolverilməzdir".
Bu sözləri Fələstinin Baş naziri Məhəmməd Mustafa Norveçdə müharibənin həlli istiqamətində aparılan çoxtərəfli danışıqlarda çıxışı zamanı dilə gətirib. O diqqətə çatdırıb ki, 2007-ci ildə HƏMAS terror təşkilatı Qəzzada hakimiyyəti ələ keçirib.

"Atəşkəs elanını gözlədiyimiz bir vaxtda həm də vurğulamaq vacibdir ki, Qəzza yalnız qanuni hökumətin idarəsinə verilməlidir. İordan çayının qərb sahili ilə Qəzza zolağı arasında siyasi quruluş fərqi yaratmaq cəhdi tamamilə qəbuledilməzdir. Biz Fələstin hökuməti kimi zolaqda öz öhdəliklərimizi yerinə yetirməyə hazırıq", - o deyib.
Norveç XİN: "Atəşkəs həll yolu deyil"

Xatırladaq ki, Norveçdə 80 ölkənin iştirakı ilə İsrail-Fələstin münaqişəsinin başa çatdırılması və Qəzzada "iki dövlətli həll yolu"nun müəyyənləşdirilməsi məqsədilə qlobal səviyyədə danışıqlar başlayıb. Norveçin xarici işlər naziri Espen Bart Eyde görüş ərəfəsində:

"Qəzza zolağında İsrail və HƏMAS arasında atəşkəsin ardınca nə baş verəcəyini də müəyyənləşdirmək lazımdır", - söyləyib.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Norveç   Qəzza   danışıqlar  





Xəbər lenti