Vergi Məcəlləsinə edilmiş dəyişikliklər təsdiqləndi

Vergi Məcəlləsinə edilmiş dəyişikliklər təsdiqləndi
  27 Dekabr 2024    Oxunub:329
Prezident İlham Əliyev Milli Məclisin dekabrın 16-da qəbul etdiyi "Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanunu təsdiqləyib.
Dövlət Vergi Xidmətindən bildirilib ki, qanuna əsasən, Vergi Məcəlləsinə edilmiş dəyişikliklərin əsas istiqamətləri sahibkarlıq və investisiya fəaliyyətinin təşviqi, sahibkarlıq subyektlərinin vergi yükünün azaldılması, vergi nəzarəti mexanizminin və vergi inzibatçılığının təkmilləşdirilməsi, beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin yaxşılaşdırılmasından ibarətdir.

Sahibkarlıq fəaliyyətinin təşviqi, sahibkarlıq subyektlərinin vergi yükünün azaldılması və investisiya mühitinin təkmilləşdirilməsi istiqamətində dəyişikliklərə görə, dövlət-özəl sektor tərəfdaşlığı çərçivəsində vergi təşviqləri, bir sıra mədəniyyət sahələrinə vergi güzəştləri verilib. Vergi Məcəlləsində öz əksini tapan və 2025-ci il yanvarın 1-də müddəti bitən bir sıra güzəştlərin müddəti uzadılıb. Bundan başqa, investisiya mühitinin təkmilləşdirilməsi məqsədilə qeyri-rezidentin daimi nümayəndəliyinin xalis mənfəətindən ödəmə mənbəyində tutulan verginin dərəcəsinin azaldılması, xarici dövlətlərin yük avtomobilləri, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin 2025-ci ilin yanvar ayının 1-dən etibarən 2 il müddətinə yol vergisindən azad edilməsi, qeyri-rezidentin sifarişi əsasında gəmiqayırma və gəmi təmiri müəssisələri tərəfindən gəmilərin, digər dəniz və su nəqliyyatı vasitələrinin, hidrotexniki qurğuların təmiri üzrə xidmətlərin göstərilməsinin ƏDV-yə “0” dərəcə ilə cəlb edilməsi nəzərdə tutulur.

Vergi nəzarəti mexanizminin təkmilləşdirilməsi və vergitutma bazasının genişləndirilməsi ilə bağlı dəyişikliklərə bazarlara nəzarət, qiymətli daşların, qiymətli metalların və onlardan hazırlanmış məmulatların, mədəniyyət məhsullarının, rəsmi reyestrdə qeydiyyata alınmış daşınar əmlakın alğı-satqısı üzrə ödənişləri nağd qaydada qəbul edən şəxslərə maliyyə sanksiyasının tətbiqi, idxal malları barədə məlumat forması təqdim etməli olan idxalçıların dairəsinin məhdudlaşdırılması və bu sahədə inzibatçılığın dəqiqləşdirilməsi daxildir.

Dəyişikliklərdə bəzi xidmət sahələri üzrə mikro sahibkarların gəlirlərinə 75 faiz vergi güzəştinin müvafiq tələblərlə şərtləndirilmədən tətbiqi, bina tikintisi sahəsində gəlirlərin və gəlirdən çıxılan xərclərin vergitutma məqsədləri üçün dəqiq təsbit edilməsi mexanizminin müəyyənləşdirilməsi məsələləri də yer alır.

Beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin yaxşılaşdırılması məqsədilə edilmiş dəyişikliklər sırasında transmilli şirkətlər qrupuna daxil olan müəssisə tərəfindən bildirişin vergi orqanına təqdim edilməsi tələbinin müəyyənləşdirilməsi və bu tələbin pozulmasına, eləcə də transfer qiyməti ilə bağlı sənədlərin və məlumatların vaxtında təqdim edilməməsinə görə maliyyə sanksiyalarının tətbiqi və s. məsələlər əhatə olunub.

Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən, Nazirlər Kabineti vergitutma məqsədləri üçün amortizasiya və təmir xərclərinin uçotunun aparılması mexanizminin təkmilləşdirilməsi ilə bağlı təkliflərini altı ay müddətində hazırlayıb dövlət başçısına təqdim etməlidir. Bununla yanaşı, Nazirlər Kabineti müvafiq normativ hüquqi aktları dörd ay müddətində təsdiq edib, Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

AzVision.az



Teqlər:





Xəbər lenti