İnsafsız faiz siyasəti

// Banklar kredit siyasətlərinə yenidən baxsalar, yaxşı olardı

İnsafsız faiz siyasəti
  10 Noyabr 2024    Oxunub:1260
"Hazırda istehlak kredit portfeli 7 milyard manatdan çoxdur. 3 milyon vətəndaşımız bu kreditlər üzrə borclanıb".
Bu barədə məlumat verən deputat Vüqar Bayramovun sözlərinə görə, istehlak kreditlərinin faizləri ilə yanaşı, bankların ödəniş cədvəlində ilk öhdəliklər üzrə faiz ödənişlərinin önə salması məsələsi də diqqətçəkəndir.
"İstehlak kreditlərinin verilmə şərtləri sərtləşdirilməlidir" - İqtisadçı

O bildirib ki, istehlak kreditlərində ilk aylar üzrə ödənişlərdə aylıq ödənişin 40 faizə yaxınını faiz ödənişləri təşkil edir. Məsələn, əgər vətəndaşın ilk dövrlər üzrə aylıq ödənişi 300 manatdırsa, onun təxminən 120 manatı faiz ödənişidir. Yəni, kommersiya bankları kredit üzrə hesabladıqları faizləri müqavilə imzalanandan qısa müddət sonra müştəridən almağa çalışırlar.

"Eyni zamanda, müştərinin hətta yubanması yoxdursa və müəyyən müddətdən sonra birdəfəlik ödəniş ilə kreditini bağlamaq istəyirsə bəlli olur ki, əvvəlki ödənişlərinin xeyili hissəsi faizlərə silinib. Əsas məbləğdə isə ciddi dəyişiklik baş verməyib. Müəyyən müddətdən sonra vətəndaş krediti ödəyə bilmirsə və ya tam bağlamaq istəyirsə, o zaman aydınlaşır ki, həmin zamanadək ödədiyi vəsaitin 40 faizə qədəri faizlərə çıxılıb".

"Faiz ödənişlərinin əhəmiyyətli hissəsinin ön aylara daxil etməklə banklar bir tərəfdən risklərini sığortalamağa, digər tərəfdən isə gəlirliyini təmin etməyə çalışsalar belə, bu, müştəri üçün xüsusi faiz öhdəlikləri yaradır. Eyni zamanda, əsas məbləğ və faizlər üzrə ödənişlərin aylar üzrə proporsional və bəzən də ədalətli bölgüsünə imkan yaratmır. Bu baxımdan, banklar üçün əsas məbləğ və faizlər üzrə ödəniş qrafiki ilə bağlı ədalətli və proporsional bölgünün tövsiyəsi məqsədəuyğun olardı",- millət vəkili vurğulayıb.

Həmidə İbrahimova
AzVision.az


Teqlər:   istehlakkrediti   borc   bank  





Xəbər lenti