İlk azərbaycanlı sərhədçi general |
Mustafa Nəsirov hər zaman fəxrlə qeyd edirmiş ki, ümummilli lider Heydər Əliyev onun karyerasının inkişafında mühüm rol oynayıb. "Həyatım boyu əldə etdiyim uğurlara görə Azərbycan xalqının dahi oğlu Heydər Əliyevə borcluyam"- General Nəsirov belə deyirdi.
O, məhz 1968-ci ildə Heydər Əliyevin təşəbbüsü ilə Bakıda SSRİ DTK-nin Zaqafqaziya sərhəd dairəsinin hərbi-əməliyyat söbəsinin rəis müavini vəzifəsinə təyin edilib. 1972-ci ilin dekabrından Bakıda HƏŞ-nin rəisi, SSRİ DTK – nin Zaqafqaziya sərhəd dairəsi ordusunun rəis müavini, dairənin Hərbi Şurasının və Azərbaycan Respublikası DTK-nin kolleqiyasının üzvü olub.
Onun hərbi bioqrafiyasının böyük hissəsi Heydər Əliyevin adı ilə bağlıdır. Polkovnik Mustafa Nəsirova general-mayor rütbəsi verilməsi münasibətilə onu ilk təbrik edən də Heydər Əliyev olmuşdu. Yeri gəlmişkən, qeyd edək ki, Mustafa Nəsirov keçmiş SSRİ-də çiynində general ulduzu daşıyan ilk azərbaycanlı sərhədçi olub. General bütün yuxarıda göstərilən vəzifələrdə sovet dövründə sərhəd qoşunlarında ilk azərbaycanlı-zabit kimi tarixə düşüb.
Mustafa Nəsirov xidməti dövründə bir çox mükafatlara layiq görülüb. O, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə "Şöhrət" ordeni ilə təltif edilib.
Ehtiyata buraxıldıqdan sonra bir neçə il Azərbaycan Respublikası Müharibə və Əmək Veteranları Şurasının sədri vəzifəsində çalışmış Mustafa Nəsirov 1993-cü ildə Azərbaycan milli təhlükəsizlik nazirinin sərhəd məsələləri üzrə böyük müşaviri olub.
Mustafa Cəfər oğlu Nəsirov Azərbaycanda milli kadrların hazırlanmasında mühüm xidmətləri var. Bu gün Azərbaycanın neçə-neçə zabiti generalın yolunu uğurla davam etdirir.
Böyük Vətən müharibəsi veteranı, Azərbaycanın sərhəd qoşunları general mayoru Mustafa Nəsirov 27 may 2012-ci ildə Bakıda vəfat edib.
AzVision.az