Dönərdən kütləvi zəhərlənmə halları artır - SƏBƏB

 Dönərdən kütləvi zəhərlənmə halları artır -   SƏBƏB
  22 Oktyabr 2024    Oxunub:535
Son zamanlar dönərdən kütləvi zəhərlənmə halları sürətlə artıb. Bugünlərdə Zaqatala, Qazax və Tovuz rayonlarında zəhərlənmələr qeydə alınıb.
Məsələ ilə bağlı AzVision.az-a danışan Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova bildirib ki, bu sahədə insanları maarifləndirsələr də, aparılan monitorinqləri izləsələr də, vəziyyət heç də ürəkaçan deyil:

Tovuzda 21 nəfər dönərdən zəhərlənib
" Zəhərlənmələrə daha çox gənclər, yeniyetmələr, məktəblilər, tələbələr arasında rast gəlinir. Amma yuxarı yaşlı insanlar da bundan sığortalanmayıb. Dönərxanalarda aparılan monitorinqlərin nəticələrinə görə, yaranan uyğunsuzluqlar bir çox hallarda ətin mənşəyindən asılı olsa da, digər hallarda sanitar-gigiyena normalara əməl olunmamasından qaynaqlanır. Mütləq şəkildə bu kimi məhsulları alarkən mənşəyi bəlli olan yerdən alınmasına diqqət olunmalıdır".

M.Hüseynova onu da qeyd edib ki, dönəri hazırlayan insanın vaxtaşırı tibbi nəzarətdən keçməsi, təmizlik qaydalarına riayət etməsi də vacibdir:

"Eyni zamanda istifadə olunan tərəvəzlərin təmiz olmalı, onların üzərində hər hansı torpaq qırıntısının və yaxud da çirkin qalmamasına diqqət olunmalıdır. Eləcə də istifadə olunan ketçup və mayonez yüksək risk qrupuna aid məhsullar sırasında olduğuna görə, soyuq zəncirdə daşınmalı və soyuq temperaturda saxlanılmalıdır. Bu məhsullar bəzən dönər bişirilən yerdə, isti temperaturda saxlanılır. Bu da onun tərkibinin dəyişməsinə gətirib çıxarır.

Belə olan hallarda həmin məhsuldan istifadə etmək tövsiyə olunmur. İmmun sistemi aşağı, xroniki xəstəliyi olan insanlar, azyaşlılar, yüksək risk qrupunda olan yaşlı fərdlər həmin qidalardan daha tez zəhərlənirlər. Ona görə, birmənalı şəkildə açıq satışda hazırlanan, mənşəyi bəlli olmayan küçə yeməklərinə üz tutmasınlar. Çünki bu, onların həyatları bahasına başa gələ bilər".

Həmidə İbrahimova
AzVision.az


Teqlər:   dönər   zəhərlənmə  





Xəbər lenti