"İrəvan: tarixi həqiqətlər və şəxsiyyətlər"

   "İrəvan: tarixi həqiqətlər və şəxsiyyətlər"
  21 Oktyabr 2024    Oxunub:1872
Azərbaycanın indiki hüquqi və siyasi sərhədlərindən kənarda qalan Qərbi Azər-baycanda min illər boyu yaşayan ata-babalarımız zəngin maddi və mənəvi mədəniyyət nümunələri yaradıb, təhsil-tərbiyə ənənələri formalaşdırıblar. Bu mədəniyyət ümumən Azərbaycanın elm, təhsil və dövlətçilik tarixinin ayrılmaz bir hissədir. Bu tarixin öyrənilməsi, tədqiq və təbliğ edilməsi günü-gündən aktuallaşır. Çünki tarix hər bir millətin güzgüsü, onun gələcəyini müəyyənləşdirən mayakıdır.
Tarix keçmişlə bu gün, bu günlə sabah arasında mənəvi bir körpüdür. Yalnız mükəmməl tarixi şüura malik olan millətlər qüdrətli və güclü dövlətə sahib olurlar. Hər bir millət gələcəyə tarixinin çiynində gedir. Keçmişi yaxşı öyrənməklə sələflərimizin yaratdıqları möhtəşəm mənəvi dəyərlərə sahib çıxmalıyıq. Millət yaratdığı şərəfli tarixi ilə özünü ifadə edir. İndi yadlara, yağılara qalan qədim İrəvan şəhərində təşəkkül tapan maarifçilik tariximizin, milli mədəniyyət tariximizin və kimliyimizin parlaq səhifələrindən birini təşkil edir.

Filologiya elmləri doktoru, professor Fəridə Səfiyevanın "İrəvan: tarixi həqiqətlər və şəxsiyyətlər" kitabı bu baxımdan mühüm elmi-nəzəri və praktik əhəmiyyət kəsb edir və siyasi sərhədlərimizdən kənarda qalan Qərbi Azərbaycanda millətimizin əsrlər boyu yaratdığı maddi-mənəvi dəyərlərin, təhsil-tərbiyə mədəniyyətinin, ədəbi-bədii irsin, döv¬lətçilik ənənələrinin öyrənilməsinə dövlət səviyyəsində çağırışın ifadəsi kimi diqqəti cəlb edir.

Bu vacib mənbə İrəvanın tarixi, mədəni, demoqrafik və sosial məsələlərinə işıq tutaraq, zaman-zaman İrəvanda baş verən ictimai-siyasi və mədəni hadisələrin xronologiyasını və azərbaycanlıların bu prosesdəki yerini və rolunu göstərir. Gərgin zəhmətin, ciddi elmi axtarışların nəticəsində ərsəyə gələn bu foto-albomun əhəmiyyətini bir neçə aspektdən dəyərləndirmək olar.

Bu kitab hər şeydən əvvəl, tarixi həqiqətlərin bərpasına xidmət edir. Azərbaycanlıların İrəvanın qədim sakinləri olmasını, onu qurub-yaratmasını, əsrlərlə orada yaşamasını, zəngin maddi-mənəvi sərvətlər, təhsil-tərbiyə ənənələri yaratmasını arxiv materiallarının və şəkillərin dili ilə sənədləşdirərək geniş oxucu kütləsinə çatdırır, zamanla təhrif olunmuş və ya unudulmuş həqiqətlərin yenidən işıqlandırılmasına kömək edir. Bu kitab tarixi fakt və hadisələrin düzgün şəkildə təqdim edilməsinə, həqiqətin üzə çıxarılmasına kömək etməklə bir tərəfdən, İrəvanın tarixi və mədəni irsinin doğru bir şəkil¬də gələcək nəsillərə çatdırılmasına, digər tərəfdən erməni yalanlarının və saxta-karlıqlarının ifşasına xidmət edir.

İrəvan şəhərində vaxtilə mövcud olan tarixi abidələr, mədəni irs və memarlıq nümunələri xalqımızın tarixi yaddaşıdır. Ermənilər bu möhtəşəm tarixi abidələri - məscidləri, sarayları, məqbərələri, karvansaraları, hamamları, qalaları məhv etməklə mədəni irsimizə ağır zərbə vurublar. Kitabda verilən şəkillər məhv edilmiş həmin tarixi abidələrin bir vaxtlar mövcud olduğunu və hansı məqsədlə erməni vandalizminin qurba¬nına çevrildiyini sübut edən canlı sənədlərdir. Bu fotoşəkillər yazılı sənədlərdən fərqli olaraq daha təsirli şəkildə baş verən dağıntıların real miqyasını insanlara çatdırır. Bu şəkillərin böyük emosional təsir gücünə malik olmasının əsas səbəbi onların dağıdılmış mədəni irsin sübutu olmasıdır. Bu fotoşəkillər vasitəsilə insanlar təkcə abidələrin yox, həm də bir millətin mədəni-mənəvi sərvətinin məhv edilməsini dərk edirlər. Çünki şəkillərin tari¬xə işıq salma və gerçəkliyi göstərmə gücü var, bu da insanları baş verən hadisələrin miqyasını dərindən dərk etməyə, hiss etməyə və üzüntülü halda həmin hadisələri xatırlamağa imkan verir.

Milli yaddaşın qorunmasına, milli-mənəvi özünüdərk prosesini güclənməsinə, İrəvanın zəngin maddi-mənəvi irsi ilə bağlı həqiqətlərin yenidən bərpasına, bu qədim şəhərin Azərbaycanın tarixi torpaqları kimi tanıdılmasına xidmət edən xidmət edən "İrəvan: tarixi həqiqətlər və şəxsiyyətlər" kitab-albomu tarixi və mədəni irsimizin qorunmasına dəyərli bir töhfədir.

Bu kitab həm də İrəvanda yaşayan tarixi şəxsiyyətlərin irsi və kimliyini təsdiq edən mötəbər mənbədir. Kitabda İrəvanda yaşayan və milli mühitin formalaşmasında böyük xidmətləri olan tanınmış azərbaycanlı şəxsiyyətlərin kimliyi və irsi sənədləşdirilir, onların ailələrinin cəmiyyətə və milli kimliyə verdiyi töhfələr əyani şəkildə göstərilir. Şəkillər vasitəsilə İrəvanskilər, Əliyevlər, Qədimbəyovlar, Topçubaşovlar, Makinskilər, Seyidzadələr, Mirbağırovlar, Mirbabayevlər, Məmmədzadələr, Qazıyevlər, Qazızadələr, Bağırbəyovlar, Nəcəfovlar və b. nəslinin tanınmış şəxsiyyətlərinin həyatına, geniş ictimai-siyasi və elmi-mədəni fəaliyyətlərinə nəzər salmaq mümkün olur. Bu da oxuculara həmin dövrün mədəni və ictimai mənzərəsini daha yaxından başa düşməyə imkan yaradır. Bu şəkillər həmin insanları bizə daha real və yaxın edir, bizimlə həmin şəxslər arasında emosional əlaqə yaranır, biz həmin insanların sanki varlığını hiss etdirik. Ailə şəcərəsi şəkilləri milli kimliyin qorunmasında və ailə dəyərlərinin saxlanılmasında mühüm əhəmiyyət daşımaqla həmin şəxsiyyətlərin təkcə ictimai-siyasi fəaliyyətləri ilə deyil, həm də ailə kökləri ilə milli kimliyə bağlı olduğunu sübut edir. İrəvan milli mühitinin yetirdiyi azərbaycanlılar təkcə öz dövrünün liderləri, alimləri və mədəniyyət xadimləri deyil, həm də bu dəyərləri ailələri vasitəsilə gələcək nəsillərə ötürmüş şəxslərdir.

Zamana şahidlik edən bu şəkillər həm də dövrün yaşayış tərzini, o vaxtın adət-ənə¬nələrini, geyimlərini və həyat tərzini əks etdirir. Şəxsi və ailə şəkillərinə baxmaqla İrəvan şəhərinin tarixi, mədəniyyəti, təhsil ocaqları (qəza məktəbi, progimnaziya, gimnaziya, seminariya, rus-tatar (Azərbaycan) məktəbi) haqqında geniş məlumat almaq mümkündür. Bu, keçmişlə daha dərindən tanış olmaq və həmin dövrün insanlarının necə yaşadıqlarını daha yaxşı başa düşməyə imkanı yaradır.
Foto-albomda etnik gərginliklər nəticəsində İrəvandakı azərbaycanlıların necə sıxışdırıldığı, qanlı münaqişələrin, deportasiyaların, etnik təmizləmələrin qurbanına çevrilməsinin əyani şəkildə göstərilməsi müasir dövrdə Cənubi Qafqazda gedən proseslərin daha dərindən başa düşülməsinə kömək edir.

Azərbaycanlıların İrəvandakı tarixi və mədəni irsi tədqiq edilməsi bu irsin unu¬dul¬maması və gələcək nəsillərə ötürülməsi məqsədi daşıyır. Kitab həm də bu irsin dünya ictimaiyyətinə çatdırılması, bu sahədə araşdırma aparan tədqiqatçılar və tarixçilər üçün qiymətli bir mənbədir. Çünki bu şəkillər təkcə mədəni irsin necə dağıdıldığını deyil, həm də tarixçilərə və memarlara orijinal abidələrin görünüşü barədə məlumat, bərpası və öyrənilməsi üçün istiqamət verir.

Filologiya elmləri doktoru, professor Fəridə Səfiyeva "İrəvan: tarixi həqiqətlər və şəxsiyyətlər" foto-albomu ilə üstünü toz basmış, çox həqiqətləri unudulmuş İrəvan tarixinə bir pəncərə açaraq, bizləri həmin dövrün tarixi, mədəni-mənəvi irsi, təhsil ocaqları və şəxsiyyətləri ilə əyani şəkildə görüşdürür. Bu kitab-albom İrəvan şəhərinin bioqrafiyasının yaradılması sahəsində ilk və mötəbər mənbə kimi dəyərlidir.


Fərrux Rüstəmov,
ADPU-nun kafedra müdiri,
pedaqoji elmlər doktoru,
professor,
Əməkdar elm xadimi,
Beynəlxalq Pedaqoji Akademiyanın həqiqi üzvü



Teqlər: İrəvan   Qərbi-Azərbaycan  





Xəbər lenti