Laçına ilk müntəzəm avtobus reysi yola düşüb - Fotolar

   Laçına ilk müntəzəm avtobus reysi yola düşüb -    Fotolar
  13 Oktyabr 2024    Oxunub:1036
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən təşkil edilən Bakı-Laçın müntəzəm avtobus reysinin ilk sərnişinləri Bakı Beynəlxalq Avtovağzal Kompleksindən yola salınıb.
Azvision.az xəbər verir ki, Bakıdan Laçına reyslər hər gün saat 08:00-da, əks istiqamətdə isə 16:00-da həyata keçiriləcək. Bakı-Laçın-Bakı reysi üzrə bir istiqamət üçün biletin qiyməti 16,20 manat təşkil edir.

Bu reys üzrə Zəngilan rayonunun Ağalı kəndi aralıq məntəqə kimi müəyyən edilib. Bakı-Zəngilan (Ağalı) aralıq məntəqəsi üçün biletin qiyməti 13,90 manatdır.

Biletləri “biletim.az” portalı üzərindən yalnız onlayn qaydada əldə etmək mümkündür.

Biletləri əldə edərkən işğaldan azad olunmuş ərazilərə girişlə bağlı buraxılış qaydalarına uyğun olaraq icazələrin olması mütləqdir.

Qeyd edək ki, “Böyük Qayıdış” proqramı çərçivəsində istifadəyə verilən müntəzəm avtobus reyslərinin təşkilində məqsəd işğaldan azad edilmiş ərazilərdə məskunlaşan vətəndaşların keyfiyyətli nəqliyyat xidmətləri ilə təmin olunmasıdır.

AzVision.az


Teqlər:





Xəbər lenti