Əmək və sosial siyasət komitəsinin iclası keçirilib

Əmək və sosial siyasət komitəsinin iclası keçirilib
  10 Oktyabr 2024    Oxunub:819
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin videokonfrans formatında növbəti iclası keçirilib.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, iclasda komitə sədri Musa Quliyev gündəliyə ikinci oxunuşda “Turizm haqqında” Qanunda dəyişiklik olunması barədə qanun layihəsinin daxil edildiyini diqqətə çatdırıb. Bildirilib ki, Qanuna təklif edilən əlavə və dəyişikliklər ölkəmizdə mövcud olan, həmçinin gələcəkdə istifadəyə veriləcək turizm və rekreasiya zonalarının ərazilərində qadağan olunacaq fəaliyyət növlərini müəyyənləşdirməklə yanaşı, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsinə zəmin yaradacaq.

Musa Quliyev deyib ki, qanun layihəsi Milli Məclisdə səsə qoyularaq birinci oxunuşda qəbul edilib, layihə ilə bağlı komitəyə heç bir irad və təklif daxil olmayıb.

Fikir mübadiləsi şəraitində keçən müzakirələrdə komitənin sədri Musa Quliyev, sədr müavini Elşad Musayev, üzvləri Vüqar Bayramov, Soltan Məmmədov, Göydəniz Qəhrəmanov, Sevinc Hüseynova və Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev çıxış edərək ölkəmizdə turizm sektorunun inkişafının müxtəlif aspektlərinə dair məsələlərə toxunublar, qanun layihəsi ilə bağlı fikir və qeydlərini səsləndiriblər.

Müzakirəyə çıxarılan qanun layihəsi ikinci oxunuşda baxılması üçün Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olunub.

AzVision.az


Teqlər:





Xəbər lenti