TV-ləri səviyyəsizlikdən necə xilas etmək olar?

   TV-ləri    səviyyəsizlikdən    necə xilas etmək olar?
  06 Oktyabr 2024    Oxunub:5482
II Yazı
Kamil Şahverdi

Birinci yazıda reklam bazarı və televiziya xərclərinə diqqət çəkmişdik. İndi digər vacib problemlərə də nəzər salaq. Azərbaycanda xeyli tamaşaçı xarici telekanallara baxmağa üstünlük verir. Onların arasında əsas yerləri Türkiyə və Rusiya kanalları tutur. Əfsuslar olsun ki, xarici kanallara meyl ildən-ilə artmaqdadır.
Ən acınacaqlısı isə odur ki, xarici kanallara baxanların arasında cəmiyyətin düşünən kəsimi, intellektual hissəsi çoxluq təşkil edir. Bu insanlar yerli kanallarda zövqlərini oxşayan, onları düşündürən, maraqlandıran, əyləndirən proqramlar görmədikləri üçün xarici kanallara üz tuturlar. Yerli kanallar belə tələbkar tamaşaçını itirdikcə əyalət səviyyəsinə enmələri daha da sürətlənir.

Qəribəsi isə budur ki, kanallarda verilişlərin səviyyəsi aşağı olduqca, reytinqi yüksək olur. İlk baxışdan absurd görünsə də, həqiqətdir. Televiziya kanalları tamaşaçısının sosial sifarişini yerinə yetirməyə məcburdur. Əks halda sonu tezləşər. Tamaşaçının sosial sifarişi ilə hazırlanan proqramlar reytinq qazanır. Reytinq aşağı olanda kanalın gəlirləri də azalır. Bu öldürücü formul özəl kanallarımıza qənim kəsilib. Ona görə də kanallarımız şit, bayağı, səviyyəsiz proqramlardan əl çəkə bilmirlər və bu onların girovuna çevriliblər. İlbəil bu proqramların sayı da, efir vaxtı da artmaqdadır. Bir neçə il bundan qabaq 1.5-2 saat davam edən belə proqramlar indi 4-5 saat fasiləsiz yayımlanır.

Bu proqramlara dəvət olunan "ekspertlər" isə ayrı bir mövzudur. Məgər Azərbaycanda sosioloq, filosof, alim, ziyalı, mütəxəssis yoxdur ki, bu proqramlara dəvət olunsunlar? Əlbəttə, var. Sadəcə ağıllı, dünyagörmüş, savadlı, özünə hörmət edən insanlarımız belə proqramlara gəlib iştirak etməyi ar bilirlər. Belə verilişlərlə cəmiyyətimizin üzdə olan ziyalıları arasında dərin uçurum yaranıb. Bu uçurumun səbəbi səviyyəsizlikdir. Səviyyəsizliyin səbəbi isə obyektiv səbəblərdən yaranmış vəziyyətdir. Saatlarla efir vaxtı ayrılan “sosial problemlər” və üzdəniraq müğənnilər üzərində qurulan verilişlər belə vəziyyət davam etdikcə artacaq. Nəticədə isə özəl kanallarımız bir tərəfdən düşünən, savadlı, intellektual, ziyalı tamaşaçılarını itirəcək, digər tərəfdən isə tamaşaçısının zövqünü daha da korlayacaq. Ən acınacaqlı və təhlükəli hal odur ki, özəl kanallarımızdan uzaq düşən Azərbaycan tamaşaçısı xarici ölkələrin informasiya təsirinə məruz qalır.

Birinci yazımızda reytinq və reklam qiymətləri haqqında məlumat verdim. Bir məsələni də diqqətinizə çatdırmalıyam ki, yaranmış mənzərəni tam aydınlıqla hiss edəsiniz. Televiziya və radio yayımında “Prime time”, yəni “əsas vaxt”, “baxımlı vaxt” anlayışı var. Televiziyada baxımlı vaxt saat 19:00-dan 24:00-a qədər davam edir. Həmin vaxt daha çox tamaşaçı televizor qarşısında cəmləşir. Reytinqlər də əsasən bu saatlarda qazanılır. Digər saatlarda reytinqlər adətən aşağı olur. Ona görə də “efirin bütün saatlarında reytinq əldə edib böyük qazanca nail olmaq olar” düşüncəsi yanlışdır. Bundan başqa, yay ayları iyunun 15-dən sentyabrın 15-nə qədər televiziyalarda “ölü aylar” sayılır. Bu müddət ərzində verilişlər məzuniyyətə çıxır və kanallar sentyabrın 15-dən başlayan yeni mövsümə hazırlaşırlar. Yay aylarında baxımlılıq 2-3 dəfə aşağı düşür, kanallar kifayət qədər qazanc əldə edə bilmirlər.

Belə uzun-uzadı, detallı analiz aparmaqda məqsədim sizdə obyektiv təsəvvür yaratmaqdır. Yəni hər şey kənardan göründüyü kimi deyil. Özəl kanallarımızın belə vəziyyətə düşməsinin, qınaq obyektinə çevrilməsinin səbəblərini aydınlaşdırmadan çıxış yolunu axtarmaq doğru olmaz.


Tez-tez belə bir sualla rastlaşırıq ki, telekanallarda yayımlanan səviyyəsiz verilişlər efirə necə yol tapır? Bəs Azərbaycan Audiovizual Şurası hara baxır? Çoxlarında belə bir təəssürat var ki, Audiovizual Şura istənilən proqramı bağlaya, istənilən verilişin yayımını dayandıra bilər. Əslində isə Audiovizual Şuranın belə bir səlahiyyəti yoxdur. Televiziya və radio kanalları öz fəaliyyətlərində tam müstəqil və sərbəstdirlər. Şuranın vəzifəsi “Media haqqında” Azərbaycan Respublikasının Qanununun və digər qanunların audiovizual media sahəsində tənzimlənməsini və qüvvədə olan normativ hüquqi aktlara əməl edilməsinə nəzarəti həyata keçirmək, audiovizual media sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin etməkdir. Etni zamanda inzibati xəta əlamətləri aşkar edildikdə “Media haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görür.

Göründüyü kimi, Audiovizual Şura inzibati yollarla hər hansı bir verilişin yayımını dayandırmaq və ya dəyişmək səlahiyyətinə malik deyil. Belə olan halda milli özəl televiziya və radio kanallarımızı bayağı verilişlərdən, zərərli proqramlardan necə xilas etməli? Çıxış yolu varmı?
Necə və nə etmək lazımdır ki, televiziya və radio kanallarımız milli, mənəvi dəyərlərimizin, mədəniyyətimizin, milli varlığımızın, adət-ənənələrimizin, dövlət və milli maraqlarımızın təbliğinə daha çox vaxt ayırsınlar?
Nə və necə edək ki, milli özəl kanallarımız tamaşaçıların zövqünü korlamasın, minillərlə formalaşan adət-ənənələrimizin məhv olmasında iştirakçı olmasınlar?
Nə və necə edək ki, informasiya və efir məkanımızın təhlükəsizliyini təmin edək, tamaşaçılarımızın xarici informasiya təsirinə düşməsinin qarşısını alaq?

İllərlə apardığım müşahidə və mülahizələrim, eyni zamanda televiziyada 30 illik fəaliyyətim əsas verir ki, milli televiziya və radio kanallarımızda keyfiyyət dəyişikliyi həyata keçirmək, kanallarımızın milli-məməvi dəyərlərimizin, mədəniyyətimizin, əxlaq və ailə kodeksinin təbliğində, gənclərimizin zövqünün, dünyagörüşünün formalaşmasında vacib vasitəyə çevrilməsi üçün təkliflərimi diqqətinizə çatdırım. Eyni zamanda, bu mənim vətəndaşlıq borcumdur.

Təklif edirəm ki, özəl televiziya və radio kanallarımızın fəaliyyətini dövlətimizin və millətimizin maraqlarına uyğun tənzimləmək, müasir tələblərə cavab verən səviyyəyə qaldırmaq, müxtəlif zövqlü və dünyagörüşlü tamaşaçıların maraqlarını təmin etmək üçün ümumrespublika özəl kanallarına dövlət büdcəsindən müəyyən məbləğ ayrılsın. Beş il müddətində kanalların əsas xərcləri (əməkhaqqı fondu, yayım üçün Rəqəmsal İnkişaf və Rabitə Nazirliyinin müxtəlif idarələrinə, “Azərkosmos”a xidmət haqqı, çəkiliş və yayım avadanlıqlarının yenilənməsi və s.) dövlət büdcəsindən ayırmalar hesabına həyata keçirilsin. Bunun üçün hər il minimum 10, maksimum 15 milyon manat tələb olunur. Əslində dövlət büdcəsi üçün bu, elə də böyük vəsait deyil. Əvəzində biz ildən-ilə daha çox deqradasiyaya uğrayan, daha çox bayağılaşan, zərərli tendensiyalara meyillənən, tamaşaçıların zövqünü korlayan, insanlarımızı xarici kanallara baxmağa məcbur edərək digər dövlətlərin informasiya və təbliğat təsir dairəsinə sövq edən milli kanallarımızı xilas etmiş olarıq.

Dövlət büdcəsindən ayrılan vəsaitin təyinatı üzrə xərclənməsi üçün Audiovizual Şurada mexanizm yaradıla bilər. Eyni zamanda, Milli Məclisdə və ya Azərbaycan Respublikasının Prezidenti yanında televiziya və radio kanallarının keyfiyyətli fəaliyyəti üçün təkliflər hazırlayan və buna nəzarət edən İctimai Şura təşkil oluna bilər. Bu Şura Audiovizual Şuraya paralel deyil, tam fərqli formada yaradılmalıdır. Beş il ərzində dövlət büdcəsindən ayrılan vəsaitlər hesabına bütün özəl ümumrespublika kanallarının fəaliyyətini arzuolunan səviyyəyə çatdırmaq olar. Eyni zamanda reklam bazarında ciddi uğurlar qazanmış olarıq. Kanallar maliyyə sıxıntılarından xilas olduqca qlobal reklam şirkətlərinin təzyiqlərindən də xilas olacaqlar. Belə olan halda ölkəmizdə reklam bazarının həcmini və reklam qiymətlərini 3-5 dəfə artırmış olarıq. Bu beş il müddətində ciddi islahatlar hesabına televiziya və radio kanallarımız küsdürdüyü tamaşaçıları keyfiyyətli, baxımlı proqramlarla özünə qaytara bilər.

Bir həqiqəti bilmək lazımdır ki, Azərbaycanda reklam büdcəsi və reklam qiymətləri artmadıqca televiziya və radio kanallarımızın inkişafından danışmağa dəyməz. Reklam büdcəsinin və reklam qiymətlərinin artımına isə, qeyd etdiyim kimi, qəbul ediləcək beş illik dövlət proqramı əsasında dövlət büdcəsindən ayrılmış vəsaitlərin hesabına nail olmaq olar. Reklam büdcəsi və reklam qiymətlərinin artımı eyni zamanda telekanalların büdcəyə ödədiyi vergiləri də 3-5 dəfə artıracaq. Yəni beş ildən sonra dövlət ayırdığı vəsaiti vergi şəklində qaytaracaq.


Digər vacib məsələ kadr problemi ilə bağlıdır. Bir çox istedadlı, savadlı kadrlar müxtəlif səbəbdən bu sahədən uzaqlaşırlar. Onların yerini isə təsadüfi, ağlı, istedadı, intellekti qənaətbəxş olmayan, bayağılığı təbliğ etməyə meyilli kadrlar tutur. Televiziya proqramları müxtəlif peşə sahiblərinin birgə əməyi nəticəsində başa gəlir. İşə girəndə yazdığı 3-4 cümləlik ərizədə 5-6 səhv buraxan adam efirdən xalqa, millətə dərs keçir; toylarda çəkiliş aparmaqla kamera tutmağı öyrənən televiziyada operator kimi çalışır. Telekanallarımızın xidmətləri sayəsində gənc oğlan və qızlarımızın əksəriyyəti ya aparıcı, ya da müğənni olmaq arzusu ilə yaşayırlar. Bu arzularına çatmaq üçün də hər vasitədən istifadə etməyə hazırdırlar. Bu gənclər elə düşünür ki, televiziyada ancaq "müğənniləri" və ya başqalarını xoruz kimi döyüşdürmək lazımdır. Ya da öz dünyagörüşünə, maraqlarına uyğun düşünürlər ki, tamaşaçını "müğənnilərin" şəxsi həyatından, qarderobundan, yaşayış tərzindən başqa heç nə maraqlandırmır. Əlbəttə ki, hər bir kanalda ağıllı, savadlı, təcrübəli, peşəkar işçilər də çoxdur. Lakin onların sayı ildən-ilə azalır. Yerinə isə “xoruz döyüşdürənlər” gəlir.

2010-cu ildən Azərbaycan Televiziyası nəzdində Azərbaycan Televiziya və Radio Akademiyası fəaliyyət göstərir. Düşünürəm ki, Akademiyanın statusunda müəyyən dəyişiklik və əlavələrin edilməsi olduqca vacibdir. Yəni ATRA teleradio sahəsində savadlı, istedadlı mütəxəssislər yetişdirmək üçün emalatxanaya çevrilməli və ölkə üzrə bütün kanalların yüksək səviyyəli kadrlarla təmin olunmasına şərait yaradılmalıdır. ATRA AzTV-nin tərkibində və həm də ərazisində yerləşir. Gənc tələbələr verilişlərin hazırlanmasının bütün proseslərində yaxından iştirak edə bilərlər. Bizim yüksək səviyyəli peşəkar televiziya veteranları təhsil alan gənclərimizin yetişməsinə töhfələrini verə bilərlər. Savadlı, məlumatlı, geniş dünyagörüşünə malik redaktorlar, aparıcılar, rejissorlar, operatorlar, səs rejissorları, rəssam və dekorçular, videomühəndislər, İT mütəxəssisləri, proqram analitikləri, efir rejissorları, arxiv üzrə mütəxəssislər və s. Akademiyada həm nəzəri, həm də praktik baxımdan yetişdirilməli və bütün kanallara yönəldilməlidir. İlkin olaraq bu vacib məsələ dövlət sifarişi ilə həyata keçirilə bilər. Gələcəkdə isə kanallar ATRA-ya mütəxəssis yetişdirmək üçün sifariş verə bilərlər. Hər halda bunun bir mexanizmini yaratmaq olar.

Milli televiziya kanallarımızın normal fəaliyyətinə və inkişafına əngəl olan daha bir məsələyə toxunmağı vacib sayıram. Müasir dünyanı kabel televiziyasız təsəvvür etmək mümkün deyil. Kabel televiziyası bütün dünyada geniş yayılmış biznes növüdür. Telekommunikasiya texnologiyarı inkişaf etdikcə kabel televiziyası cəlbedici biznes kimi formalaşıb. Əslində bu parazit biznes sahəsi başqalarının istehsal etdiyi və yayımladığı proqramları retranslyasiya edərək heç bir zəhmət çəkmədən külli miqdarda qazanc əldə edirlər. Bəs kabel televiziyalarının yaratdığı problemlər hansılardır?

Kabel televiziyalarına reklam fəaliyyəti ilə məşğul olmaq qanunla qadağandır. Bu operatorların bizə təklif etdiyi bütün kanallar öz ölkələrində necə yayımlanırsa, bizdə də heç bir məhdudiyyət qoyulmadan yayımlanır. Ölkəmizdə kabel televiziya operatorları əsasən Türkiyə və Rusiya kanallarını təklif edirlər. Bizim reklam bazarı da bu ölkələrlə sıx bağlıdır. Yəni qlobal reklam nəhəngləri regional ofis vasitəsilə Azərbaycanla əməkdaşlıq edirlər. Həmin regional ofis həm Türkiyə, həm Rusiya, həm də Cənubi Qafqaz ölkələri və regionun digər ölkələri ilə çalışırlar. Reklam şirkəti Türkiyə kanallarından qiymət təklifi istəyəndə, həmin kanallar yüksək qiymət təklif edirlər və bunun səbəbini onunla izah edirlər ki, “bizim kanal Azərbaycanda da olduğu kimi yayımlanır və sizin reklamınızı Azərbaycan tamaşaçısı da görür”.

Həmin qlobal reklam şirkəti isə öz növbəsində Azərbaycan kanallarına təzyiq göstərir ki, reklam qiyməti aşağı salınsın. Bunu belə izah edir ki, “mənim reklam məhsulum regionun bütün ölkələrində yayımlanır və Azərbaycan tamaşaçısı kabel televiziya operatorları vasitəsi ilə onu görürlər”. Bu səbəbdən də reklam qiymətlərinin qaldırılmasına daha bir əngəl yaranır. Bir tərəfdən reklam bazarının kiçik, qiymətlərin aşağı olması, yerli reklam məhsullarının azlığı, digər tərəfdən kabel televiziya operatorlarının belə fəaliyyəti özəl kanallarımızın inkişafına maneələr yaradır.


Kabel televiziyası xarici ölkə kanalları ilə müqavilə bağlayarkən reklam bloklarının kəsiləcəyi haqqında maddə daxil edərsə, o zaman bu kanala daha artıq vəsait ödəməlidir. Misal üçün, əgər reklam blokları kəsilmədən yayım davam edərsə, 100 manat ödənilirsə (məbləğ şərtidir), reklam blokları qapanarsa, o halda 200-250 manat ödənilməlidir. Operatorlar da artıq vəsait ödəməmək üçün birinci variantı seçirlər.

Operatorlar yerli kanallara ümumiyyətlə, heç nə ödəmirlər. Kanal ödəniş tələb edərsə, operator buna razı olmaya və həmin kanalı paketdən çıxara bilər. Bu da yüzminlərlə tamaşaçı itkisi deməkdir. Tamaşaçı itirilirsə, gəlirləri da azalmış olacaq. Bax belə bir çətin durum özəl kanalların işini daha da çətinləşdirir. Bəs əslində necə olmalıdır?

Kabel televiziya operatorları istənilən kanalla müqavilə bağlayanda həmin kanalın efir cədvəli müqaviləyə əlavə olunmalıdır. Kanalların efir cədvəli hər mövsümün əvvəlində tərtib olunur və həmin cədvəldə hər saatda hansı proqramın yayımlanması dəqiqəsinə qədər ölçülür. Xüsusi kompüter proqramları ilə verilişlər efirə yüklənir və yayımlanır. Qabaqcadan reklam keçidləri hesablanır. Əvvəlki illərdəki kimi kassetlərin yerdəyişməsinə ehtiyac yoxdur. Kabel televiziya operatorları kanallarla normal müqavilə imzalayacaqları halda, kanallar efir cədvəlini təqdim edəcəklər. Hər kanalın efir cədvəlinə uyğun olaraq reklama keçid zamanı yayım dayandırılmalı, reklam bitdikdən sonra davam etməlidir.

Belə olacağı halda dövlətimiz də ciddi resurlar əldə etmiş olur. Yayımlanan bütün xarici və yerli kanalların reklam vaxtları Azərbaycan dövlətinin istifadəsi üçün fürsət yaradır. Yəni dövlət hər saatın 20%-i qədərində sosial, maarifləndirici, təbliğat, vətənpərvərlik və s. mövzularda çarxlar yayımlaya bilər. Bu olduqca böyük imkanlar deməkdir. Mən bir neçə dəfə bu məsələni qaldırmışam. Lakin operatorlar bunun texniki cəhətdən mümkünsüz olduğunu iddia edirlər. Əslində isə bu asanlıqla başa gələ biləcək məsələdir. Xüsusi lisenziyalı proqramlar vasitəsi ilə qabaqcadan təqdim olunmuş efir cədvəllərinə uyğun olaraq kanalların reklam bkokları qapadılır. Əvəzində dövlət orqanlarının təqdim etdiyi sosial, təbliğat, maarifləndirici çarxlar yayımlanır.

Kabel televiziya operatorlarının fəaliyyəti şəffaf olarsa, o zaman abunəçilərin sayına və ödədiyi məbləğə uyğun olaraq xarici kanallarla müqavilələr bağlanar. Bu zaman kabel televiziya operatorları 90% deyil, 50% qazanc əldə edərlər. Dövlətimiz də bunun hesabına əhalini maarifləndirmək və digər məqsədlər üçün geniş imkanlar qazanmış olar. Reklam bazarında və reklam qiymətlərində də müsbət dəyişikliklər baş verər.

Çox istərdim ki, peşəkar həmkarlarım, ziyalılarımız, düşünən insanlarımız milli televiziya kanallarımızın inkişafına dair fikirlərini bildirərək açıq müzakirədə iştirak etsinlər. Gənclərimizin, insanlarımızın zövqünün, dünyagörüşünün formalaşmasında, milli-mənəvi dəyərlərimizin, mədəniyyətimizin, adət-ənənələrimizin təbliğində, əhalinin maariflənməsində, dilimizin, musiqimizin saflığının, milli kimliyimizin qorunmasında müstəsna rolu olan televiziya kanallarımızın doğru, düzgün fəaliyyətinə maneələr yaradan amillərin aradan qaldırılmasına və kanallarımızın qınaq obyektinə deyil, informasiya almaq, maariflənmək, əylənmək, məlumatlanmaq, zövq almaq vasitəsinə çevrilməsi üçün təklifləriniz maraqlı və vacib olar. Şübhə etmirəm ki, hamımızı narahat edən bu problemi birlikdə aradan qaldıra bilərik.

Mən qabaqcadan bilirəm ki, yazdıqlarıma əks fikirdə olanlar da olacaq. Özəl kanalları biznes strukturu kimi dəyərləndirənlər də az olmayacaq. Kimisi bunu dövlətin informasiya məkanını nəzarətə götürmək cəhdi kimi qiymətləndirəcək. Hətta bəzi beynəlxalq təşkilatlar buna irad da bildirəcəklər. Biz yaxşı olar ki, kiminsə iradını eşidək, nəinki, informasiya, efir məkanımızı təhlükəyə ataq. İmkan verməməliyik ki, əhalinin bir hissəsi xarici dövlətlərin informasiya, təbliğat təsirinə düşsün.



Kamil Şahverdi


Teqlər: Televiziya  





Xəbər lenti