Dövlət Proqramı ilə xaricdə təhsil qazanan tələbə ilə MÜSAHİBƏ
- Niyə Dövlət Proqramı? Xaricdə təhsil almaq qərarına necə gəldiniz?
- Xaricdə təhsil almaq qərarına erkən bakalavr illərində gəldim. O zamanlar orada təhsil alan müəllimlərdən mühazirələr dinləyirdim. Müəllimlərimin tövsiyələrini və xaricdə təhsilin onların karyeralarını necə müsbət istiqamətdə dəyişdiyini nəzərdən keçirdikdən sonra öz üzərimdə işləyərək bakalavr təhsilimi bitirdikdən sonra xaricdə magistr təhsili almağın mənim də şəxsi həyatımda və peşəkar karyeramda pozitiv rol oynayacağını düşündüm. Bakalavr təhsilim müddətində 10-a yaxın ölkədə təlimlərdə, tədbirlərdə və konfranslarda vətənimizi təmsil etmişəm. Bu layihələr zamanı tanıdığım əcnəbi dostların təhsil təcrübələrini dinləmək də xaricdə təhsil qərarımı möhkəmləndirdi. Xaricdə təhsil sadəcə sənin seçdiyin peşəkar sahən üzrə bilik və bacarıqlarını inkişaf etdirmir, eləcə də komfort zonandan ayrılmağına və öz limitlərini sonuna qədər sınamağa şərait yaradır.
Xaricdə təhsil mənim üçün təqaüd imkanları olmadan bir xəyal idi. Bu səbəbdən bir sıra təqaüd proqramlarına müraciət etdim. Dövlət Proqramı da onlardan biri idi. Qəbul aldığım digər təqaüd imkanlarını imtina edərək Dövlət Proqramını seçdim, çünki Azərbaycan Dövləti cənab Prezidentin təşəbbüsü ilə yaradılmış bu proqram vasitəsilə mənə yalnız təhsil imkanı deyil, həm də gələcəkdə ölkəmiz üçün əvəzolunmaz bir mütəxəssis olma yolunda bir inam və etibar göstərir. Mən də bu inamı doğrultmaq və dövlətdən aldığım dəstəyi gələcəkdə ölkəmizin inkişafına yönəltmək niyyətindəyəm.
Digər tərəfdən, Dövlət Proqramı məzunlarına yerli və beynəlxalq səviyyədə geniş karyera imkanları təqdim edir. Proqram məzunlarının Azərbaycanda prioritet sahələrdə yüksək vəzifələrdə çalışmaları üçün xüsusi dəstək mexanizmləri mövcuddur. Bu mənim gələcək karyera planlarım üçün mühüm əhəmiyyət daşıyır. Son olaraq, bu Proqram təhsil haqqı, yaşayış xərcləri və digər zəruri xərcləri qarşılamaqla, xaricdə təhsil almaq üçün daha geniş və sabit maliyyə dəstəyi təmin edir. Bu mənim üçün xaricdə təhsil alarkən maliyyə məsələlərindən narahat olmadan təhsilə tam fokuslanmaq üçün ideal bir seçimdir.
- Dövlət Proqramına qəbul prosesi necə keçdi?
- Dövlət Proqramına qəbul prosesi çox şəffaf və effektiv şəkildə təşkil olunmuşdu. Bütün sənədlərin təqdim edilməsi və yoxlanılması mərhələsi olduqca operativ keçdi. Proses boyunca hər bir addımın aydın izahı verildi, müraciət edənlərə dəstək göstərildi və suallarına tez bir zamanda cavab verildi. Qəbul komissiyası tərəfindən göstərilən peşəkarlıq və diqqət proqramın keyfiyyətini və etibarlılığını bir daha sübut etdi. Bu cür yüksək səviyyədə peşəkarlıq nümayiş etdirdiklərinə görə Elm və Təhsil Nazirliyinə və Dövlət Proqramı İdarəetmə Qrupuna dərin təşəkkürümü bildirirəm.
- Niyə məhz bu ölkəni seçdiniz? İxtisas seçiminizə hansı amillər təsir etdi?
- ABŞ-ni seçməyimin əsas səbəbi bu ölkənin təhsil və peşə inkişafı baxımından təklif etdiyi geniş imkanlar və yüksək keyfiyyətli akademik mühitdir. ABŞ universitetləri dünya səviyyəsində tanınır, geniş tədris proqramları və müxtəlif beynəlxalq tələbə mühiti ilə fərqlənir. Çikaqo Universitetini seçdim, çünki bu universitet dünyanın ən yaxşı 10 universitetindən biri olaraq prestijini sübut edib. Universitetin tədris keyfiyyəti, tədqiqat imkanları və geniş şəbəkəsi mənim gələcək karyeram üçün güclü təməl yaradacaq.
Mənim bakalavr təhsilim hüquq sahəsindədir və bu sahədə qazandığım biliklər mənə hüquq normalarının və qanunvericiliyin dərin təməlini öyrətdi. Magistr təhsilimi isə ictimai siyasət sahəsində davam etdirmək qərarına gəldim, çünki gələcəkdə normayaratma və qanunvericilik sahəsində fəaliyyət göstərmək niyyətindəyəm. İctimai siyasət sahəsində əldə edəcəyim biliklər və bacarıqlar, hüquq sahəsindəki mövcud təcrübəm ilə birlikdə, mənə daha geniş perspektivdən məsələləri qiymətləndirməyə, effektiv qanunvericilik və normativ aktlar hazırlamağa imkan verəcək.
Belə bir seçimin arxasında duran əsas niyyət Azərbaycanın inkişafına xidmət etmək və beynəlxalq səviyyədə qazanılan təcrübə və bilikləri vətənimə gətirərək onun çiçəklənməsində rol oynamaqdır. ABŞ-də təhsil almaq mənim üçün bu məqsədlərə çatmaq yolunda atılan ən vacib addımlardan biridir.
- Dövlət Proqramına müraciət etmək istəyənlərə tövsiyələriniz nələr ola bilər?
- Dövlət Proqramına müraciət etmək istəyənlərə bir neçə tövsiyəm var: Müraciət etməzdən əvvəl nəyə nail olmaq istədiyinizi və bu proqramın sizin üçün niyə vacib olduğunu aydın şəkildə müəyyən edin. Hədəflərinizə uyğun olaraq konkret bir plan hazırlayın və bu planın mərhələlərini detallı şəkildə təsvir edin. Uğur üçün ilk addım aydın və konkret bir plana sahib olmaqdır. Nə üçün çalışdığınızı bildiyiniz zaman hədəfə çatmaq daha asan olur. Proqrama müraciət etməzdən əvvəl özünüzü hərtərəfli hazırlayın. Bu, yalnız sənədlərlə bağlı deyil, həm də müsahibələrə və digər mümkün mərhələlərə hazır olmağı da əhatə edir.
Müraciət edənlərin çoxu oxşar akademik göstəricilərə sahib ola bilər. Sizi digərlərindən fərqləndirən nədir? Özünüzü bu istiqamətdə tanıtmağa çalışın. Bədii dillə ifadə etsək, akademik göstəriciləriniz sizi qapıdan içəri sala bilər, amma fərqli olmağınız sizi seçilən edəcək.
Uğursuz olan namizədlər üçün isə deyə bilərəm ki, hər bir uğursuzluq, əslində, bir dərs və özünüzü inkişaf etdirmək üçün bir fürsətdir. Müraciət prosesində hər şey plana uyğun getməsə belə, bu təcrübədən öyrənərək növbəti dəfə daha güclü olun. Uğursuzluq bir son deyil, uğura gedən yolda bir pillədir. Hər bir uğursuzluqdan öyrənmək sizi daha güclü və məqsədinizə daha yaxın edəcək.
- Dövlət Proqramından gözləntiləriniz, ixtisasına dair təəssüratlarınız, gələcək planlarlarınız nələrdir?
- Dövlət Proqramından gözləntilərim olduqca yüksəkdir. Bu proqramın mənə verdiyi dəstək sayəsində, dünyanın ən nüfuzlu universitetlərindən birində, yəni Çikaqo Universitetində magistratura təhsilimi almaq fürsəti qazanmışam. Mənim üçün bu proqram təkcə maliyyə dəstəyi təmin etmir, eyni zamanda mənə geniş bir qlobal şəbəkəyə qoşulma, akademik və peşəkar təcrübəmi inkişaf etdirmək imkanı verir.
İxtisasım olan İctimai Siyasət (Public Policy) sahəsində ilk təəssüratlarım çox pozitivdir. Çikaqo Universiteti bu sahədə dünyanın ən qabaqcıl tədqiqat və təhsil mərkəzlərindən biridir. Burada təhsil almaq, mənə həm nəzəri biliklər, həm də praktiki bacarıqlar qazandıracaq. Bu ixtisas üzrə dərin biliklər əldə etmək və qlobal miqyasda qəbul edilmiş siyasətləri öyrənmək mənim gələcək planlarım üçün çox önəmlidir.
Gələcək planlarım isə vətənimə qayıdaraq dövlət sektorunda, xüsusilə norma yaratma sahəsində çalışmaqdır. Məqsədim əldə etdiyim bilik və təcrübələri ölkəmin inkişafı üçün tətbiq etmək, daha səmərəli və müasir ictimai siyasətlərin formalaşmasına töhfə verməkdir. Dövlət Proqramının mənə bu istiqamətdə verdiyi dəstək mənim üçün böyük bir motivasiyadır və gələcəkdə daha böyük uğurlar əldə etmək üçün əzmlə çalışmağa davam edəcəyəm.
Həmidə İbrahimova
AzVision.az
Teqlər: təhsil DövlətProqramı tələbə ABŞ universitet