Moskva: “Ermənistan Qafqazın tarixini saxtalaşdırır”

   Moskva:    “Ermənistan Qafqazın tarixini saxtalaşdırır”
  16 Avqust 2024    Oxunub:2771
Rusiyanın Ermənistanla münasibətlərində növbəti gərginlik yaşanır. Bu dəfə Moskvanın narazılığı Ermənistandakı tarix dərsliklərində faktlatrın təhrif olunmasından və anti-Rusiya əhval-ruhiyyəsinin təbliğ edilməsindəndir.
Ermənistanda yeni tarix dərsliklərində Rusiyanın rolunun təhrif edildiyini bildirən Rusiyanın Xarici İşlər nazirliyi Ermənistan hakimiyyətini buna “göz yummamağa” və məktəblərdə belə dərsliyin olmasına icazə verməməyə çağırıb.

Rusiya XİN-i Ermənistanın Təhsil, Elm, Mədəniyyət və İdman nazirliyinin tabeli strukturunun rəsmi saytında mətni dərc olunmuş “erməni məktəblərinin 8-ci sinifləri üçün tarix dərsliyinin son dərəcə şübhəli məzmununa” diqqət çəkib. Yeni dərsliyin “Şərqi Ermənistanın zorla Rusiyaya birləşdirilməsi” adlı fəsillərindən birində 18-ci əsrin sonu – 19-cu əsrin əvvəllərində Cənubi Qafqazda baş verən hadisələr təhrif edilmiş şəkildə təqdim olunur. Xüsusilə, 1826-1828-ci illər Rusiya-İran müharibəsinin nəticələrinə dair qiymətləndirmələr təftiş olunur, Türkmənçay sülhü Şərqi Ermənistanın “ilhaqı” adlandırılır.

“Ciddi mənbələri, o cümlədən erməni mənbələrini oxusanız, 1828-ci il sülh müqaviləsinə tamamilə fərqli yanaşmalar görə bilərsiniz. Bu yaxınlara qədər respublika dərsliklərində həmin müqavilə “erməni dövlətçiliyinin gələcək bərpası üçün çox böyük əhəmiyyət kəsb edən” kimi dəyərləndirilirdi. Rusiya imperiyasının, sonra isə SSRİ və Rusiyanın indiki Ermənistanın formalaşmasında xüsusi rolunu şübhə altına almaq hamıya məlum olan faktlara qarşı çıxmaq deməkdir. Söhbət ümumi tariximizi yenidən yazmaq üçün növbəti həyasız cəhddən gedir. Ümid edirik ki, Ermənistan hakimiyyəti belə bir dərsliyin məktəblərə köçürülməsinə imkan verməyəcək, həmçinin ümumi keçmişimizin təhrif olunması üçün bu cür nəzakətsiz cəhdlərə göz yummayacaq”, - Rusiya XİN-in rəsmi saytında yerləşdirilən çağırışda deyilir.

Moskva müvafiq dərsliklərdə Qərb təbliğatının ən yaxşı ənənələrinə uyğun şəklidə, öz sponsorlarının rəğbətini qazanmağa can atan ayrı-ayrı erməni fiqurlarının yüngül əli ilə ağın qara adlandırıldığını iddia edir. Rusiya XİN-i bu cür formaların tətbiqinin Ermənistan rəhbərliyinin tarixi yaddaşın qorunması sahəsində üzərinə götürdüyü öhdəliklərə birbaşa zidd olduğunu vurğulayır.

Nə tökərsən aşına...

Açığı, Moskvanın Ermənistandakı tarix dərsliklərində danılmaz faktların təhrif olunmasından qeyzlənməsi ən azı təəccüb doğurur. Belə ki, məhz tarixən Moskvanın apardığı korafəhim siyasət erməniçilik ideoloqlarının və erməni etnofundamentalistlərinin tarixi saxtalaşdırmasına ciddi zəmin yaradıb. Yeri gəlmişkən, ümumilikdə Cənubi Qafqazın tarixinin saxtalaşdırılmasında Rusiyanın elmi-siyasi dairələri nəinki heç də ermənilərdən geridə qalmayıb, hətta onlardan daha böyük “xidmətlər” göstəriblər.

Məsələn, Rusiya Elmlər Akademiyasının (REA) o vaxtkı vitse-prezidenti Gennadi Mesyatsın rəhbərliyi altında 10 akademikin daxil olduğu elmi-redaksiya Şurasının xeyir-duası ilə 2006-cı ildə çapdan çıxan 62 cildilik Böyük Ensiklopediyada nəinki Dağlıq Qarabağ, hətta Naxçıvan belə Ermənistan ərazisi kimi göstərilmişdi. Həmin vaxt REA-nın Ümumi Tarix institutunun direktorunın erməni Aleksandr Oqanoviç Çubaryanın olması bu “səhv”in haradan qaynaqlandığına tam aydınlıq gətirir. Yeri gəlmişkən, Çubaryan hazırda REA-nın Ümumi Tarix institutunun elmi rəhbəri, Dövlət Akademik Humanitar Elmlər universitetinin prezidenti, Rusiya tarixçiləri Milli komitəsinin sədri vəzifələrini tutur. Maraqlıdır ki, Ermənistandakı həmkarlarını “ağıllandırmaq” üçün Moskva Çubaryanın avtoritetindən istifadə etməyə can atmır.

Elə indinin özündə belə, Ermənistandakı tarix dərsliklərində saxtakarlıqlara iradını bildirən Rusiya XİN-i sona qədər gedərək Türkmənçay müqaviləsinə əsasən Rusiyanın Şimali Azərbaycanı işğal etdiyini və bunun nəticəsi kimi erməniləri kütləvi şəkildə Azərbaycana, xüsusən də Qarabağ bölgəsinə köçürdüyünü etiraf etmir. Eyni zamanda, tarixdə heç vaxt “Şərqi Ermənistan” və “Qərbi Ermənistan”, ümumiyyətlə Ermənistan adlı dövlətin olmadığını dilinə gətirmir. Əksinə hələ də bir sıra rusiyalı tarixçilər və ekspertlər Ermənistanın ilk xristian dövləti və Dağlıq Qarabağın əzəli erməni torpaqları olmasından böyük şövqlə danışırlar. Bu müstəvidə rusiyalı deputat Konstantin Zatulin, tarix elmləri doktoru Nataliya Naroçnitskaya və siyasi ekspert Sergey Mixeyev kimiləri xüsusi canfəşanlıq göstərirlər.

Paşinyan hakimiyyətinə Ermənistanın yaradılmasında və formalaşmasında Rusiyanın misilsiz “xidmət”lərini xatırladan Moskva əslində bu siyasətin beynəlxalq hüquqa zidd olduğunu və Azərbaycanın tarixi əraziləri hesabına aparıldığını etiraf etməkdən çəkinir. Ötən əsrin 80-ci illərinin sonlarında SSRİ rəhbərliyinin və 1990-cı illərdə müasir Rusiyanın siyasi elitasının apardığı ifrat ermənipərəst siyasətin Ermənistanı təcavüzə şirnikləndirdiyi də nədənsə yada salınmır.

Ermənistandakı tarix dərslikləri ilə bağlı bir faktı da xatırlatmaq yerinə düşür. Uzun illər SSRİ Dövlət Təhlükəsilik Komitəsinin (DTK) sədrinin müavini və İdeoloji işlər İdarəsinin (5-ci idarə) rəisi olmuş mərhum ordu generalı Filipp Bobkov özünün “DTK və hakimiyyət” kitabında hələ ötən sərin 60-70-ci illərində Ermənistanda məktəblərdə 6-7-ci siniflərdən uşaqlara erməni müstəsnalığının, bütün sahələrdə ən görkəmli nümayəndələrin ermənilər olduğunun təlqin edildiyini vurğulayır.


Rusiya XİN-in Ermənistandakı tarix dərsliklərində baş verən metamorfozada Qərbə bağlı oyunbazları günahlandırması tam başa düşüləndir. Amma o da həqiqətdir ki, son onilliklərdə nasizmin təbliği və tərənnümü ilə bağlı bütün platformalarda mübarizə aparan Moskva hələ “rusiyapəpərəst” Serj Sarqsyanın prezidentliyi dövründə erməni faşisti Qaregin Hjdeyə 2016-cı ilin mayında İrəvanda abidə ucaldılamsını Rusiya XİN-in sözçüsü Mariya Zaxarovanın dili ilə “Ermənistanın daxili işi” kimi şərh etdi. Halbuki, şəxsən “rusiyapərəst” Serj Sarqsyanın və hakim “Respublika” partiyasının rəhbərliyinin erməni faşistinə abidənin açılışında iştirak etməsi ən azı onda Moskvanın sərt reaksiyası ilə üzləşməli idi. Amma bunun tam əksinə olaraq, hətta Rusiyanın Armavir şəhərində Qaregin Njdenin şərəfinə xatirə lövhəsi də açıldı. Yalnız Nikol Paşinyanın qərbpərəst ritorikası güclənəndən sonra yerli sakinlərin təşəbbüsü ilə həmin lövhə ləğv edildi.

Məhz belə faktalr, ilk növbədə isə Rusiyanın elmi-siyasi elitasının böyük ianələr qarşılığında erməniçilik ideoloqlarına göstərdiyi “xidmət”lər indi Moskvanı belə xoşagəlməz reallıqla üzləşdirib. Vəziyyətdən yeganə çıxış yolu isə Rusiyanın özündə Cənubi Qafqaz regionunun tarixi ilə bağlı həqiqətləri ehtiva edən çoxsaylı sanballı əsərlər işıq üzü görməlidir. Hətta bu zaman acı həqiqətləri etiraf etmək lazım gəlsə belə. Çünki tarixi həqiqət hamıya şamil edilməlidir. Yalnız bu halda tarixin saxtalaşdırılmasına qarşı mübarizə aparmaq mümkündür.

Sahil İsgəndərov, politoloq
AzVision.az


Teqlər: Rusiya   Ermənistan   saxtakarlıq  





Xəbər lenti