Rusiya irəliləyir, Yaşin isə Kiyevi sülhə çağırır.

   Rusiya irəliləyir, Yaşin isə    Kiyevi sülhə    çağırır.
  05 Avqust 2024    Oxunub:1247
Ukraynanın Donetsk vilayətinin Toretsk şəhərinə daxil olan rus qoşunları Nelipovka kəndi üzərində atəşə nəzarət yaradıblar.
Bu barədə xəbər verən “Aydar” 24-cü hücum batalyonunun tağım komandiri, kiçik serjant Stanislav Bünyatov şəhərdə vəziyyətin pisləşdiyini və Nyu-Yorkdakı (Ukraynanın Donetsk vilayətində kiçik qəsəbə - red. ) kritik vəziyyəti də xatırladaraq, bunu “çox kədərli” hal adlandırıb.

Bu il iyunun sonunda Toretsk aqlomerasiyasına kütləvi hücuma keçən Rusiya qoşunları nəticədə Nyu-York qəsəbəsinin bir hissəsi olan Pivdennini ələ keçirə bildilər, son günlərdə isə Zaliznoyeni tamamilə işğal ediblər.

Rusiya ordusunun strateji vəzifəsi Donetsk vilayətinin böyük şəhərlərini, ilk növbədə Toretsk və Konstantinovkanı, daha sonra isə Kramatorsk və Slavyanskı tutmaqdır ki, bu da onun Çasov Yar şəhərinə hücuma yolunu açır.

Ukrayna üçün cəbhədə yaranmış belə mürəkkəb vəziyyət fonunda bu yaxınlarda məhbusların mübadiləsi çərçivəsində Moskvanın Qərbə təhvil verdiyi rusiyalı müxalifətçi İlya Yaşin Kiyevi Rusiya ilə sülh danışıqlarına başlamağa çağırıb.

“Kiyev Rusiya tərəfindən ələ keçirilən ərazilərdən rəsmən imtina etməyəcək, lakin danışıqlar və barışıq müharibədən yaxşıdır. İndi cəbhədəki vəziyyət dalana dirənib və vəziyyətin hər iki tərəf üçün hərbi həlli yoxdur. Barışıq və pauzanın Putinə yeni müharibəyə hazırlaşmaq imkanı verəcəyini deyən ukraynalıların arqumentini anlayıram. Lakin bu pauza Ukraynanın müharibəyə hazırlaşmasına da imkan yaradacaq. Əsas odur ki, danışıqlar qan tökülməsinə son qoyulmasını nəzərdə tutur. İndi isə müzakirə edilməli olan əsas məsələ məhz qan tökülməsinə son qoyulmasıdır”, - Rusiyanın müxalifyönlü KİV-ləri İlya Yaşindən sitat gətirirlər.

Qeyd edək ki, 2000-ci illərin əvvələrindən Kremlin siyasətinə müxalif mövqe tutan siyasi qüvvələrin fəal təmsilçilərindən biri sayılan İlya Yaşin Rusiyanın Ukraynaya hərbi müdaxiləsini pislədikdən sonra, prinsipial olaraq, ölkəni tərk etməyib. 2022-ci il iyunun 28-də “polisə tabe olmamaq” ittihamı ilə Moskvada saxlanılan İlya Yaşin iyulun 13-də “Yalan xəbərlər haqqında qanun”a əsasən həbs edilib. Həbs onun Ukraynanın Buça şəhərindəki qırğınla bağlı video-roliki ilə əsaslandırılıb. Həbsdə olarkən, adı “xarici agentlər” siyahısına salınan Yaşin 2022-ci ilin dekabrında 8,5 il müddətinə azadlıqdan məhrum. Bu il vaqustun 1-də Rusiya ilə Qərb arasında məhbus mübadiləsi çərçivəsində azad edilərək, Almaniyaya deportasiya olunub.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Yaşin   Ukrayna   Rusiya   sülh  





Xəbər lenti