Tayvan Çinin müdaxiləsinə hazırlaşır
Tayvan da, öz növbəsində, müdafiə imkanlarını təkmilləşdirməyə çalışır. Məsələn, icbari hərbi xidməti genişləndirir və müdafiə strategiyasında daha geniş dəyişiklik çərçivəsində ehtiyatda olan mükəlləfiyyətçilərin hazırlığını modernləşdirir. Bu addım, Si Cinpinin güc tətbiqi riskinə getməzdən əvvəl iki dəfə düşünməsi üçün atılır.
Ancaq gənc tayvanlılar bu çağırışa cavab vermirlər. Bir müddət əvvəl Müdafiə naziri Vellinqton Ku etiraf edib ki, avadanlıq və təlimçilərin çatışmazlığı ehtiyatda olan hərbçilərin hazırlığını peşəkarlıq səviyyəsinə çatdrımaq səylərini ləngidib.
“Düzünü deməliyəm ki, biz tez bir zamanda təlimləri gücləndirməliyik. Çünki təkmilləşdirməli olan hələ çox şey var”, - iyun ayında Vellinqton Ku deyib.
Açqılanan məlumata görə, Tayvan hazırda orduda olan 155 min əsgəri dəstəkləmək üçün peşəkar ehtiyat qüvvə yaratmaq istəyir. 2005-ci il və ya daha sonra doğulmuş bütün tayvanlı kişilər indi bir illik xidmət üçün qeydiyyatdan keçməlidirlər. Təxminən 2 milyon keçmiş əsgər isə hər iki ildən bir yenidən təlimlərə qatılmalıdır.
Lakin məmurlar müharibə vəziyyətində cəbhə bölgəsindəki qoşunları artırmaq üçün ehtiyatda olan əsgərləri və çağırışçıları hazırlamaq planları ilə bağlı qrafikdən geri qaldıqlarını bildirirlər. Bu il yeni tətbiq olunan 12 aylıq proqrama uyğun gələnlərin yalnız 6%-i (6936 nəfər) təlimlərdə iştirak edib. Əksəriyyət isə, əvvəlcə universitetə daxil olmaq üçün hərbi xidməti təxirə salıb. Beləliklə də, 2005-ci ildə doğulanların çoxu 2027-ci ilə qədər hərbi təlim keçməyəcək.
Hətta bu il hərbi xidmətdə olanlar belə gözlənilən təlimi almırlar. Seçilmiş bir qrup çağırışçının pilotsuz təyyarələrdən, tank əleyhinə “Kesterl” raketlərindən və “Stinger” yer-hava raketlərindən necə istifadə etməyi öyrənməsi nəzərdə tutulsa da, bu il təlimə başlamaq üçün kifayət qədər kursant tapılmayıb.
Tayvanın qoşun hazırlığını gücləndirməkdə astagəlliyi həm Vaşinqtonda, həm də Taybeydəki hərbi ekspertləri narahat edib. Onlar Si Cinpinin və müharibənin qarşısını almaq üçün səlahiyyətli şəxsləri daha sürətli hərəkət etməyə çağırırlar.
“The Washington Post” onu da qeyd edir ki, dünyanın ən böyük ordusu olan Çin ordusunda 2 milyon aktiv hərbi qulluqçu var və hər il 400 minə yaxın çağırışçı orduya cəlb olunur. Bundan əlavə, Çinin 230 milyard dollarlıq müdafiə büdcəsinin Tayvanın 2023-cü ildəki müdafiə xərclərindən 13 dəfə böyük olduğu diqqətə çatdırılır.
Qeyd edək ki, Çinin ilbəil artan iqtisadi-siyasi qüdrəti çoxdandır ki, Vaşinqtonu və onun əlaltılarını çox narahat edir. ABŞ bu reallığın Uzaq Şərqdə və Asiya-Sakit okean regionunda özünün geosiyasi və geoiqtisadi maraqlarına böyük təhlükə olduğunu dəfələrlə bəyan edib. Məhz bu prizmadan çıxış edən bir çox amerikalı siyasətçilər, o cümlədən də, Donald Trampın vitse-prezident kimi namizədliyini irəli sürdüyü Ceyms Devid Vens, Ukrayna müharibəsini “unudaraq” ciddi şəkildə Çin problemi ilə məşğul olmağa çağırırlar.
Sahil İsgəndərov
AzVision.az