Banqladeşdə iğtişaşlar: Əhali qələbəni bayram edir - FOTO/VİDEO

   Banqladeşdə iğtişaşlar:  Əhali qələbəni bayram edir -  FOTO/VİDEO
  05 Avqust 2024    Oxunub:2183
Banqladeşdə ötən aydan bəri başlayan kütləvi iğtişaşlar bu gün pik həddə çatıb. Əsasən hökumətin mübahisəli iş kvotası səbəbi ilə meydana gələn aksiyalarda indiyədək 300-ə yaxın şəxs həyatını itirib.
Yerli "Prothom Alo" qəzetinin məlumatına əsasən, paytaxt Dəkkədə yerləşən Həzrət Şahcəlal Beynəlxalq Hava Limanı müvəqqəti fəaliyyətini dayandırıb.

Digər tərəfdən, ölkə parlamentinin binasında da hərəkətlilik nəzərə çarpır.

* * *

15:45
"India Today"in məlumatına əsasən, Baş nazir Şeyx Həsinə tezliklə Hindistanın paytaxtı Yeni Dehli şəhərinə gedəcək. Onun bir müddət orada qalacağı, ardınca Londona üz tutacağı bildirilir.

* * *

15:24
Paytaxt Dəkkənin bütün küçə və meydanlarında insanlar Baş nazirin istefası münasibətilə şənliklər keçirirlər, Şeyx Həsinənin təsvirlərinə qırmızı boya atırlar.

Fotolardan görünür ki, ordu da əhali ilə həmrəydir.




* * *

14:41
Hindistan mediasının məlumatına əsasən, etirazçıların tələbi ilə istefa verib Banqladeşdən qaçan Baş nazir Şeyx Həsinə bacısı ilə birgə bu ölkənin şimal-şərqindəki Aqartala şəhərinə gəlib.

* * *

14:29
Yerli mediada yayılan fotolar göstərir ki, etiraza qalxmış əhali Baş nazirin istefası ilə bağlı şənliklər keçirir.



* * *

14:16
Banqladeş mətbuatında verilən məlumata əsasən. etirazçılar bu dəqiqələrdə Baş nazir Şeyx Həsinənin paytaxt Dəkkədəki iqamətgahını yandırıblar. Onlar hökumət əleyhinə şüarlar səsləndirirlər.

Yanğının yaxınlıqdakı qaz balonu sexinə də keçdiyi bildirilir.

Digər tərəfdən, Hindistan hökuməti Banqladeşlə sərhəddə "yüksək həyəcan siqnalı" elan edib.


* * *

14:00
Banqladeş Ordusunun qərargah rəisi Vaqir Üz-Zəman xalqa müraciətində bildirib ki, Baş nazir Şeyx Həsinə ilə birgə istefa verən hökumətin yerinə müvəqqəti hökumət qurulacaq.

"Etirazlar zamanı baş verən hər bir qanun pozuntusu ilə bağlı tədbir görüləcək", - o vurğulayıb.

* * *

13:42
AzVision.az xəbər verir ki, ölkənin Baş naziri Şeyx Həsinə etirazçıların tələbinə cavabən istefa verərək, paytaxt Dəkkədən qaçıb.

Ayrı-seçkiliyə Qarşı Tələbələr Hərəkatının başçılığındakı etirazlarları yatırmaq üçün ölkənin silahlı qüvvələri səfərbər edilib.

Hazırda minlərlə etirazçının Baş nazirin iqamətgahına girdiyi bildirilir. Eyni zamanda, bütün ölkə ərazisində komendant saatı elan olunub və internet xidməti dayandırılıb.







Firudin Həmidli
AzVision.az


Teqlər: Banqladeş   etiraz   aksiya  





Xəbər lenti