"Samokat" ordusu Rusiyanın nəyinə lazımdır?

   "Samokat" ordusu  Rusiyanın nəyinə lazımdır?
  04 Avqust 2024    Oxunub:2005
Ukrayna cəbhəsində Rusiya hərbçiləri mövqelərə ərzaq və suyu tez çatdırmaq üçün "samokat"lardan (elektroskuterlərdən) istifadə edirlər. Əsgərlər bildiriblər ki, bu onlara mövqelər arasında tez və səssiz hərəkət etməyə, habelə atəşdən yayınmağa imkan verir.
Tanınmış rusiyalı hərbi ekspert, “Qazeta.ru” saytının şərhçisi, ehtiyatda olan polkovnik Mixail Xodaryonok Rusiyada “elektroskuterli qoşunların” yarana bilməsi məsələsinə aydınlıq gətirib.

Onun sözlərinə görə, Rusiya ordusunun bölmələri və birləşmələri, elektroskuterlərdən əlavə, Şimal Hərbi Dairəsi zonasında digər qeyri-standart avadanlıqlardan - motokros motosikletlərindən və arabalarından istifadə edirlər. Bəzi hallarda bu cür texnika cəmi bir neçə dəqiqə ərzində neytral ərazini keçməyə, düşmənin ilk müdafiə xəttinə çatmağa və döyüş tapşırığını - düşmənin müdafiə istehkamına hücumu uğurla yerinə yetirməyə imkan verir.
Bununla belə, döyüş əməliyyatları zamanı bu cür ekzotik avadanlıq növlərinin istifadəsinin üstünlüklərini və çatışmazlıqlarını təhlil etməzdən əvvəl, orduda motokros motosikletlərinin, arabalarının və elektroskuterlərin meydana çıxmasının əsas səbəbinə diqqət yetirilməlidir.


Hazırda döyüş meydanında əsgərlər və hərbi texnika üçün əsas təhlükələrdən biri PUA-lar, xüsusilə də FPV pilotsuz təyyarələridir. Bu gün şəxsi heyəti və texnikanı ən böyük itkiyə məruz qoyan məhz bu silahlardır. Bəzən bir neçə PUA döyüş meydanında bir qırıcını eyni anda təqib edir. Həm də, demək olar ki, heç bir ölkənin silahlı qüvvələri pilotsuz təyyarələrlə qarşılaşmağa hazır deyildi.

“Hələ elə də uzaq olmayan keçmişdə pilotsuz təyyarələr yalnız döyüş meydanında kəşfiyyat demək idisə, indi kəşfiyyatla yanaşı, onlar düşmənin tək və qrup hədəflərinə (canlı qüvvə, müxtəlif növ texnika və silahlar) nöqtəvari zərbələr endirməyi demək olar ki, tamamilə öz üzərlərinə götürüblər. Raket və artilleriya bölmələrinin atəşinin tənzimlənməsi; “Krasnopol”, “Kitolov” və “Smelçak” kimi yüksək dəqiqlikli döyüş sursatları ilə zərbələr üçün hədəflərin kəşfiyyatı və işıqlandırılması; hücum bölmələrinə yüksək effektiv atəş dəstəyi, habelə çətin döyüş şəraitində onların hərəkətlərinin əlaqələndirilməsi; rabitə təkrarlayıcıları, elektron kəşfiyyat və döyüş avadanlığı kimi istifadə. Bütün bunlar indi PUA-ların yerinə yetirə bildikləri funksiyalardır. İndi isə artıq mübarizə aparan tərəflərin PUA-ları arasında hava döyüşü texnikaları hazırlanır və sınaqdan keçirilir”, - Xodaryonok vurğulayıb.

Beləliklə, əvvəllər yalnız kəşfiyyat, maddi-texniki təminat, rabitə, elektron müharibə, elektron döyüş bölmələri, artilleriya ekipajları, aviasiya və tank heyətləri tərəfindən yerinə yetirilən tapşırıqlar kompleksini artıq PUA bölmələri səmərəli şəkildə yerinə yetirməyə başlayıb. Başqa sözlə desək, pilotsuz təyyarələr bir anda ordunun bir neçə qolunun əvəzinə iş görə bilir.
Bundan əlavə, sadalanan şöbələr arasında qarşılıqlı əlaqə əvvəllər çox vaxt aparırdı. Bəzən bu, döyüş meydanında sürətlə dəyişən vəziyyətdə şəxsi heyətin bütün əməyini puça çıxarırdı. İndi PUA bölməsində işin düzgün təşkili ilə qərarlar komanda tərəfindən dərhal, mövcud vəziyyətə tam uyğun şəkildə qəbul edilir.

“Müharibə dumanı” artıq yoxdur

Mixail Xodaryonok iddia edir ki, bu gün “müharibə dumanı” ifadəsi keçmişdə qalıb. İndi demək olar ki, əməliyyatların hamısı gecə-gündüz havadan idarə olunur və bu da bütün növ silahlı qüvvələrin, onların bölmələrinin və birləşmələrinin işini xeyli çətinləşdirir.

Bu gün kiçik ölçülü dronlarla (effektiv dispersiya səthi bəzən 0,01 kv.m-dən az olan) mübarizə çox çətin məsələdir. Məsələn, hal-hazırda, FPV dronlarını uğurla vuracaq zenit-raket sistemləri və kompleksləri yoxdur. Xüsusilə, qısa mənzilli zenit-raket kompleksləri və qısa mənzilli hava hücumundan müdafiə sistemləri helikopterləri və təyyarələri, orta ölçülü PUA kimi hava hücumu silahlarını effektiv şəkildə məhv edə bilsə də, FPV pilotsuz uçuş aparatlarına qarşı tamamilə effektli deyillər.


Üstəlik, FPV pilotsuz təyyarələri və digər növ silahların zərbəsi nəticəsində bahalı zenit-raket silahlarının itkisinin qarşısını almaq üçün, ön xəttin qorunmasını nəzərdə tuan Hava Hücumundan Müdafiə (HHM) sistemlərini bəzən FPV dronlarının döyüş istifadəsi radiusundan kənarda yerləşən təhlükəsiz ərazilərə çəkmək lazım gəlir. Bu baxımdan, mütəxəssislər FPV dronları ilə effektiv mübarizə probleminin demək olar ki, strateji əhəmiyyət kəsb etməsi ilə razılaşırlar. Bu gün böyük motoatıcı və tank qüvvələrinin hücumları bu tip pilotsuz təyyarələr tərəfindən asanlıqla dəf ediləcək və səpələnəcək.

Bəs niyə onlarla mübarizə aparmaq bu qədər çətindir?

Çünki belə bir dronu atıcı silahlarla vurmaq olduqca qəliz işdir. Bu tip PUA-lar çox əhəmiyyətli sürətə və yaxşı manevr qabiliyyətinə malikdir. Bununla yanaşı, FPV dronları kiçik ölçülüdür. Hətta uyğun detektorlarla onları müəyyən etmək çox çətindir - bu gün cəbhə xətti arı pətəyi kimi vızıldayan PUA-larla doludur.

- Ukrayna Silahlı Qüvvələri PUA-ların bu üstünlüklərini tez bir zamanda mənimsədi. Onlar bu perspektivli silahlı mübarizə vasitələrinin kütləvi şəkildə istifadəsinə xüsusi diqqət yetirdilər. Ukrayna ordusunun bu sahədə işi həqiqətən də “staxanovçu” tempi ilə gedir ki, bu da döyüş meydanında bizim bölmələrimiz üçün xeyli çətinliklər yaradır. Bu il Ukrayna ordusu silahlı qüvvələrin bir qolu kimi Pilotsuz Sistemlər Qüvvələrini (PSQ) yaradıb. Məqsəd pilotsuz və robot, dəniz və yerüstü sistemlərdən istifadə etməklə qoşunların döyüş qabiliyyətinin artırılmasıdır. Məsələn, Dövlət Sərhəd Xidməti tərkibindəki birlik və birləşmələrdən bəzilərinin adlarını - 383-cü xüsusi pilotsuz uçuş sistemləri briqadası, 385-ci xüsusi pilotsuz dəniz sistemləri briqadası, 14-cü pilotsuz sistemlər alayı, 414-cü “Madyar quşları” pilotsuz sistemləri xüsusi alayı – çəkmək olar. Qeyd edim ki, bu hələ tam siyahı deyil”, - rusiyalı hərbi ekspert vurğulayıb.

Rusiyanın ön cəbhədə döyüşən hərbçilərinin (operatorlar, ekipaj komandirləri və PUA bölmələri) fikrincə, lazımi hesablamaların hərbi toqquşmalar xəttinə (HTQ) operativ şəkildə çatdırılması üçün təcrübəli PUA ekipajları rəhbərlərinin, özəl tərtibatçıların, PUA və rabitə vasitələrinin, portativ detektorların və radioelektron mübarizə (REB) avadanlıqlarının istehsalçıların görüşünün təşkili son dərəcə məqsədəuyğundur.

Hərbi əməliyyatların iştirakçıları hesab edirlər ki, bu görüş Rusiyanın Müdafiə naziri Andrey Belousov və Sənaye və Ticarət naziri Anton Əlixanovun iştirakı ilə bağlı qapılar arxasında keçirilməlidir. Ön xətdə döyüşən əsgərlərin və komandirlərin fikrincə, belə bir məqam nəinki yetişib, hətta gecikib. Ona görə də bu məsələ aylarla bürokratik təsdiqlərin, müzakirələrin və hər cür gecikmələrin bataqlığında boğulmamalıdır.

Müzakirəyə ilk növbədə aşağıdakı məsələlərin çıxarılması təklif olunur:
1.PUA-ların təşkilati strukturunun, habelə bölmə və bölmələrinin sayının artırılması.
2.Belə bölmələrin yaxşı hazırlanmış şəxsi heyət, silah və texnika ilə komplektləşdirilməsinin mənbələrini və üsullarını müəyyənləşdirmək.
3.Belə düşüncə var ki, hərbi birləşmənin (diviziyanın) bütün zəruri elektron kəşfiyyat və döyüş, rabitə, təmir və s. bölmələri ilə təchiz edilmiş ən azı bir PUA batalyonu olmalıdır.


Döyüş iştirakçılarının qənaətinə görə, hərbi əməliyyatlar zamanı əldə edilmiş bütün təcrübələr nəzərə alınmaqla PUA heyətlərinin hazırlığı və təkmilləşdirməsi davamlı olaraq həyata keçirilməli, bu təcrübə dərhal ümumiləşdirilərək bütün heyət və bölmələrə çatdırılmalıdır. PUA-lardan istifadə etməklə düşmənin kəşfiyyatının davamlı şəkildə - həm gecə-gündüz izlənilməsi, həm planlı qaydada, həm də “sərbəst ov” rejimində onlara zərbələr endirilməsi üçün HTQ-də kifayət qədər resurs olmalıdır.

“Hələlik isə, düşmənin PUA-ları ilə mübarizə probleminin köklü şəkildə həlli prosesi gedir Ona görə də, yerdə biz əvvəllər “kütlələrin canlı yaradıcılığı” adlandırılan anlayışı, yəni bütün hərbi və digər avadanlıqların örtülməsini (sözdə hamının “manqal” dediyi), FPV dronları ilə mübarizədə istismardan çıxarılan balıq ovu torlarından, motokros motosikletlərindən və onların arabalarından, hətta elektroskuterlərdən istifadə etdiyini görürük. Bu addımların “skuter qoşunlarının” formalaşması ilə nəticələnəcyi ehtimalı azdır. Lakin bu cür avadanlıq hələ də şəxsi heyətin açıq yerlərdə sərf etdiyi vaxtı azaltmağa və əsgərləri havada üzən döyüş sursatı ilə vurulmaqdan qorumağa imkan verir”, - Mixail Xodaryonok vurğulayıb.

Qeyd edək ki, istefada olan polkovnik Mixail Xodaryonok 1988-ci illərdə SSRİ və Rusiya Silahlı Qüvvələrinin Hava Hücumundan Müdafiə (HHM) qoşunlarının Baş qərargahında baş zabit, 1992-2000-ci illərdə isə Rusiya ordusunun Baş qərargahının baş əməliyyat idarəsinin zabiti vəzifələrində işləyib.

Sahil İsgəndərov

AzVision.az


Teqlər: Rusiya   müharibə   elektroskuter  





Xəbər lenti