Danimarkada inəklər "vergi ödəyəcək": Layihə hazırlanır
"Concito" beyin mərkəzinin məlumatına görə, orta normaya malik Danimarka inəyi ildə 6 ton karbon qazı emissiyası buraxır. Deməli, fermerlərdən təqribən 720 kron (96,50 avro) həcmində vergi alınacaq. Vergi digər mal-qara növləri (donuz və s.) üçün də nəzərdə tutulub.
Layihəyə etirazını bildirən "Bæredygtigt Landbrug" ("Davamlı Kənd Təsərrüfatı") qrupunun rəhbəri Peter Kier:
(Danimarkanın "Davamlı Kənd Təsərrüfatı" fermer qrupunun rəhbəri Peter Kier)
"Bu, dünyanın ən "yaşıl" kənd təsərrüfatına malik ölkələrdən birinə çevrilmiş Danimarkada texnologiya üzrə sərmayə tələbatına maneə törədəcək. Hökumət fermerlərin sözlərinə məhəl qoymur", - söyləyib.
Hərçənd fermerlərin bu kimi etirazlarına baxmayaraq, Danimarka parlamenti vergi layihəsini təsdiqləmək məqsədilə bu ilin sonunacan səsvermə keçirəcək. Eyni zamanda, verginin məbləği 2035-ci ilədək 750 Danimarka kronuna çatdırılacaq.
Danimarkarkanın iqlim naziri Lars Oqar da kənd təsərrüfatının ölkədə "ən böyük istixana qazı emissiyası" əmələ gətirdiyini diqqətə çatdıraraq, layihəni dəstəklədiyini bildirib.
"Kənd təsərrüfatı yaşıl gələcəyin bir hissəsi kimi ona töhfə verməlidir", - o deyib.
(Danimarkanın iqlim naziri Lars Oqar)
Yeri gəlmişkən, inək və qoyun kimi gövşəyən heyvanlar öz həzm sistemləri vasitəsilə havaya metan qazı buraxır, eləcə də yedikləri otların tərkibindəki sintetik azot gübrələri də istixana qazları əmələ gətirir. Qlobal karbon emissiyalarının 11%-i heyvandarlığın payına düşür ki, bu göstəricinin təqribən 2/3-si inəklərə aiddir.
Firudin Həmidli
AzVision.az
Teqlər: Danimarka heyvandarlıq karbon-qazı vergi