“Coğrafiya dinin formalaşmasına təsir göstərir” – Rizvan Hüseynov (Videomüsahibə)

   “Coğrafiya dinin formalaşmasına təsir göstərir” –    Rizvan Hüseynov (Videomüsahibə)
  19 Aprel 2024    Oxunub:10034
Son vaxtlar Qərb ölkələrində Azərbaycandakı dini vəziyyətlə bağlı haqsız iradlar səsləndirilir. Guya bizdəki tolerantlığın səviyyəsi kimlərisə narahat edirmiş... Halbuki, Azərbaycanda bu sahədə heç bir problemin olmadığı ölkəni az-çox tanıyan hər kəsə bəllidir. Elə isə, bu cür fikirlər niyə ortaya çıxır?
Tarixçi, Qafqaz Tarixi Mərkəzinin rəhbəri Rizvan Hüseynov ilə söhbətimizdə suala cavab tapmaq üçün mövzunu mümkün qədər geniş götürmüşük: Tarixdən geosiyasətə qədər.

- İstər din, istər millətçilik, hətta iqtisadi əlaqələr coğrafiyaya bağlıdır. Bizim coğrafiya əsasən aran, dağarası coğrafiyadır. Bu da ərazidə yaşayanların beyninə, şüuruna mütləq şəkildə təsir edir. Bura minilliklərlə bütün yolların kəsişmə nöqtəsi olub. Elə indi də əslində neft-qazdan daha vacib sərvətimiz yolların kəsişdiyi məkanda yerləşməyimizdir. Şimal-cənub, şərq-qərb... – bütün yollar buradan keçir. Belə coğrafiyalarda yaşayan toplumlar mütləq tolerant olmağa məcburdurlar. Bizim yaşamağımız, gəlir əldə etməyimiz bundan asılıdır. Biz həm də buna görə qonaqpərvərik. Çünki burada başqa cür mümkün deyil. Ona görə də məsələn, dağlarda yaşayan toplumlar milli, dini və digər mövzularda daha sərt olurlar. Dəniz qırağında və adalarda yaşayanlar isə fərqlənirlər. Aranda, düzənlik ərazilərdə, yolların kəsişdiyi yerlərdə yaşayanlar başa düşürlər ki, onların təhlükəsizliyi, gəliri, rifahı hamı ilə eyni, bərabər münasibət qurmaqdan asılıdır. Din də həmçinin, coğrafiyanın tələbinə uyğun formalaşır. SSRİ dövründə də Azərbaycan başqa cür idi, sovet qanunları eyni sərtliklə burada işləmirdilər.
Bu təcrübə bizə imkan verir ki, bölgədə digər toplumları idarə edək. Çünki inteqrasiya etdirməyi bacarırıq. Özünü qırağa çəkən toplumlar isə nəinki idarə edə bilmir, həm də darmadağın olur. Sonra onu qıraqdan idarə edirlər. Biz bunu sevmirik, istəyirik ki, idarə edən özümüz olaq. Ona görə də Cənubi Qafqazda, İranın şimalında, İraqın və Suriyanın bir hissəsində hökmranlıq etmişik. Bütün yerli xalqlarla, toplumlarla dil tapıb, ümumi, müştərək bir layihənin tərkib hissəsi olmuşuq. Bu, işin tarixi tərəfidir.



Dövlət Departamentinin hesabatına qayıtsaq, sözsüz ki, siyasi sifarişdir. Onlar da gözəl bilirlər ki, burada necə tolerant mühit var. Amma Azərbaycana qarşı bəzi planların işləməsi üçün əsas yaratmaq istəyirlər. Sabah ata biləcəkləri sərt addımlar üçün rəy formalaşdırmağa çalışırlar. Özlərinə istinad yeri yaradırlar. Amma alınmadı, bu ilin əvvəlində Azərbaycana qarşı planlaşdırılan oyunlar iflasa uğradı.
ABŞ-da Azərbaycanın önəmini anlayan qruplar bizə nisbətən müsbət yanaşırlar. Məsələn, Pentaqon, yaxud bəzi sənaye, iqtisadiyyat, energetika mərkəzləri kimi. Bura ABŞ-ın cənub ştatlarını, o cümlədən, Respublikaçılar Partiyasını əlavə edə bilərik. Amma demokratlar, ənənəvi olaraq, “demokratiya” adı altında səlibçilik, xristian təəssübkeşliyi yeridirlər. Gürcüstana, Ermənistana bir cür yanaşırlar, bizə başqa cür. Xristianlıq faktoruna görə ayrı-seçkilik edirlər. Amma alınmır. Azərbaycanın əhəmiyyəti artır və artacaq, həm də təkcə bizim regionda yox. İstər Ukraynada, istərsə də Yaxın Şərqdə baş verənlər Azərbaycanın rolunun artmasını labüdləşdirir. Bunu nəzərə almayanlar uduzmağa məhkumdurlar. ABŞ-ın özündə respublikaçıların hakimiyyətə gəlmə ehtimalı çox böyükdür. Dövlət Departamenti də bunu nəzərə aldığı üçün həmin istiqamətdəki addımlarını dayandırdı. Amma fayl qaldı. Ola bilər, nə vaxtsa, yenidən işə yarasın.

- Hesabatdakı iradlardan biri bu idi ki, guya Azərbaycana qarşı azad etdiyi ərazilərdəki xristian abidələrinə qarşı hörmətsizlik edib, dəyişib, hətta bəzilərini guya dağıdıb... Bunlar nə abidələrdir və biz niyə “dağıtmalıyıq” ki?

- Azad olunmuş ərazilərdəki xristian abidələrini 3 qrupa bölmək olar:
• Qədim Alban abidələri;
• Çar Rusiyası dönəmində, yəni son 200 ildə orada tikilən istər pravoslav, istər erməni kilsələri;
• 30 illik işğal dövründə tikilən erməni kilsələri.

Azərbaycan bunları açıq şəkildə 3 qrupa bölüb. Bizə irad tutanların məqsədi işğal vaxtı və çar Rusiyası dönəmində tikilən erməni kilsələrini qorumaqdır. Amma Azərbaycan bildirib ki, işğal vaxtı nə tikilibsə, dağıdılacaq. Çünki onlar qanunsuz və işğalın rəmzidirlər. Belə tikililər bütün dünyada dağıdılır.
Dini abidələrə gəlincə, torpaqlarımız azad olunandan sonra hansısa kilsənin, məbədin dağıdılmasına dair bircə fakt göstərə bilərlərmi? Yox! Olsaydı, bütün dünya ayağa qalxardı. Halbuki, ermənilər tərəfindən yüzlərlə məscid, karvansara, müsəlman və alban dönəminə aid olan qala dağıdılıb. Ora dəfələrlə səfərlər etmişik və gözümüzlə görmüşük. Qəbirlərin içindən insanların sümükləri çıxarılaraq, tullanılıb. Nəyə görə Qərb dövlətləri, BMT bunu görmür? Əfsuslar olsun ki, burada qərəz var. Azərbaycan dəfələrlə tələb edib ki, YUNESKO-nun xüsusi ekspert qrupu gəlib, monitorinq keçirsin. İşğal vaxtı bilirsinizmi, YUNESKO bizə nə demişdi? Demişdi ki, “biz siyasi məsələlərə qarışmırıq”. Amma indi tələb edir ki, ancaq erməni abidələrinin monitorinqi aparılsın. Niyə? Ümumilikdə Azərbaycanın Qarabağ bölgəsinin və Ermənistan ərazisindəki tarixi torpaqlarımızın - Zəngəzurun, Göyçənin monitorinqi keçirilməlidir. Bunu qəsdən etmirlər ki, problemin Azərbaycanda olduğu fikri yaransın. Halbuki, torpaqlar azad olunandan sonra hansısa kilsənin dağıdılmasına aid bir fakt da yoxdur. Ola bilər ki, hansısa kilsənin mahiyyəti dəyişsin - bu da normaldır, orada albanlar, udinlər ibadət edəcəklər. Yaxud, Şuşanın keçmiş provaslav kilsəsini işğal vaxtı erməni kilsəsinə çevirmişdilər, indi onun restvarasiyası gedir, yenidən provaslav kilsəsi olacaq. Bu, Azərbaycanın daxili işidir.
Biz istəyirik ki, İrəvan, Zəngəzur, Göyçə mahllarına monitorinq qrupuları göndərilsin. Bunun olmaması üçün Dövlət Departamenti bizə qarşı həmin ittihamları irəli sürürülər.

- Avropanın tarixinə baxanda konfessial zəmində xeyli müharibələrin olduğunu görürük. Bizdə necə, keçmişimizdə belə hallar olubmu?
- Avropada milli şüurun formalaşmasının əsasında kilsə durub. Hər toplumun öz kilsəsi var idi. Bunların içindən - yəni kilsədən milli proyektlər çıxdı. Burjua dönəmi gələndə həmin qüvvələr Vatikanın monopoliyasını əlindən almaq üçün qırğınlar törətməkdən çəkinmədilər. Bizdə belə hallar olmayıb. O mədəniyyətlər quldarlıqdan feodalizmə keçid ediblər, sonra “qaranlıq əsrlər” olub, 16-17-ci əsrdə kapitalizm formalaşmağa başlayıb. Bizdə başqa cür olub. Ona görə də həmin problemlərlə rastlaşmamışıq. Bunların hamısı Qərb acı təcrübəsini 19-cu əsrdən bizim üzərimizdə tətbiq edəndən sonra ortaya çıxıb. O problemlər Osmanlıda və bizim ərazimizdə süni olaraq Avropa, ABŞ, Çar Rusiyası tərəfindən yaradılıb. Erməniləri, şərqi xristian toplumlarını, Balkanlardakı xristianları bizə qarşı hazırlayıblar.
İslamda anlayış başqa cürdür; milli zəmində qruplaşmaq (ona “asabiya” deyirlər) haramdır, yasaqdır. İslamda ümmət var, yəni heç bir millət digərindən üstün tutulmur, hamı bərabərdir.
Osmanlı-Səfəvi müharibələrinə gəlincə, onları Avropa qarşı-qarşıya qoydu. Əvvəlcə Osmanlının əli ilə Qızılbaş dövləti dağıdıldı, sonra tək qalan Osmanlı çökdürüldü.

- Hazırda Amerika, Avropa ilə müqayisə edəndə Azərbaycandakı dini vəziyyəti necə qiymətləndirmək olar?
- Qərb dövlətləri gəncdirlər; ABŞ-ın, Avropa ölkələrinin dövlətçilik yaşı 200-300 arasındadır. Bizim isə qurduğumuz dövlətlər Şərqdə min il hökmranlıq edib. Dolayısı ilə, bu məsələlər əsrlər öncə həll olunub. Bizə dərs demək istəyən mədəniyyətlər hələ o tənəzzül dövrünü keçməyiblər, qarşıda keçəcəklər.

- Yəhudilərin özlərini ən rahat hiss etdikləri yerlərdən biri Azərbaycandır. Bunu özləri açıq deyirlər. Dağ Yəhudiləri İcmasının sədri bizə müsahibəsində deyib ki, “Parisin ravvini ilə söhbət edirdim. O dedi ki, ənənəvi baş geyimləri olan kipanı evdə taxır, amma küçəyə onunla çıxa bilmirlər. Çünki zorakılıq ola bilər. Mən bildirdim ki, Azərbaycanda belə şey yoxdur. Evdə geyindiyimizlə küçəyə də çıxırıq”. Bizdə təkcə xristianlara deyil, yəhudilərə qarşı da isti münasibət var. Bunun tarixi kökləri haradan gəlir?
- Yəhudilərin taleyi tarix boyu acı olub. Xristian ideologiyasının mərkəzində “yəhudilər günahkar olması” tezisi dayanırdı. Buna görə də daim təqib olunub, sıxışdırılıblar. Avropadan qovulub və Osmanlıya, Səfəvilərə sığınıblar. Bizdə isə belə bir problem yoxdur.
Məslənin iqtisadi tərəfi də var. Müsəlman toplumlarında qeyri-müsəlmanlarla ticarət və maliyyə dövriyyəsi problemli idi. Müsəlmanlar üçün orta əsrlərdə Avropaya getmək, aylarla orada qalmaq çətin olurdu: Məscid, qida, təmizlik probemləri ortaya çıxırdı. Ona görə də, bu işlərlə vasitəçi kimi yəhudi və ermənilərdən istifadə olunurdu. Ona görə də istər yəhudi, istərsə də erməni toplumlarının bütün intibahı müsəlman Şərqinə bağlıdır.

Vüsal Məmmədov
AzVision.az


Teqlər: Din   Tarix   Tolerantlıq  





Xəbər lenti