Ən savadsız yeniyetmələr bizdədir

Ən savadsız yeniyetmələr bizdədir
  14 Fevral 2013    Oxunub:2024
Məleykə Abbaszadə: “Azərbaycan 15 yaşlı uşaqların bilik səviyyəsinə görə 57 ölkə arasında 56-cıdır”
“Azərbaycan müharibə aparan ölkədir. Lakin bu müharibə səngərdə deyil, auditoriyalarda getməlidir. Azərbaycan müharibədə qalib gəlmək istəyirsə, bizim orta məktəblərin V sinif şagirdləri qonşu ölkənin V sinif şagirdindən üstün biliyə malik olmalıdır. Təəssüf ki, biz bunu reallıqda görmürük. Beynəlxalq Şagird Qiymətləndirilməsi Proqramına (PİSA) əsasən, Azərbaycan 15 yaşlı uşaqların biliyinin səviyyəsinə görə 57 ölkə arasında 56-cı yerdədir”.

APA-nın xəbərinə görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə Bakı Ali Neft Məktəbində çıxışı zamanı deyib. Onun sözlərinə görə, orta məktəblərdə savadsızlığa, nadanlığa və tənbəlliyə qarşı müharibə elan edilməlidir: “Biz qan tökməzdən əvvəl tər tökməliyik. Səngərdə olan əsgər bilikli əsgər olmalıdır. Çünki bütün müharibələri insanlar ilk növbədə öz bilikləri ilə udur”.

TQDK sədri deyib ki, hazırda orta məktəblərdə təhsilin, müəllimlərin və şagirdlərin səviyyəsi çox ciddi problemdir: “Orta məktəblərdə bu ildən aparılacaq monitorinq imtahanlarının nəticələri ictimaiyyətə və ölkə başçısına təqdim olunacaq. Monitorinqlər V sinifdən başlayaraq bütün siniflərdə aparılacaq. Artıq dərsliklərin monitorinqlərindən sonra dərslik müəllifləri özlərini yaxşı his etmirlər. Monitorinq imtahanlarının nəticələri açıqlanandan sonra təhsil şöbələri və müvafiq icra qurumu da özünü yaxşı hiss etməyəcək”.

M. Abbaszadə vurğulayıb ki, Azərbaycanda təhsil sektoruna kifayət qədər maliyyə vəsaiti ayrılır: “Lakin təhsilin problemləri həddindən artıq çoxdur. Bunlar addım-addım həll olunmalıdır. Çünki bunun üçün siyasi iradə var”.



Teqlər:





Xəbər lenti