Petti Devis Reyqan: ABŞ-yə atamın sevgisi çatışmır

   Petti Devis Reyqan:    ABŞ-yə atamın sevgisi çatışmır
  12 Fevral 2024    Oxunub:836
ABŞ “qəzəb bataqlığında” və “zorakılığın biabırçı çevrəsində”dir.
AzVision.az xəbər verir ki, ABŞ-nin 40-cı prezidenti Ronald Reyqanın qızı Petti Devis “The New York Times” qəzetində dərc olunan “Mənim atam Ronald Reyqan Amerikanın gününə ağlayardı” başlıqlı məqaləsində belə deyib.

Devis məqalədə indi atasının ölkəyə olan sevgisi üçün necə darıxdığını yazıb.

“Mən ondan soruşmaq istərdim ki, biz indi hansı kənar həddə gedirik və Amerika qəzəb bataqlığından, nifrət partlayışlarından necə çıxa bilər? Həm reallıqdakı, həm də sözdəki zorakılıq dairəsini necə qıra bilərik? Bizi bir-birindən ayıran bulanıq fikir ayrılıqlarını necə keçə bilərik, seçilmiş məmurları ölkənin vəziyyəti ilə bağlı müraciətində prezidenti tənqid etməyə sövq edən partizan nifrətinə necə qalib gələ bilərik?” - Petti Devis sual verir.

Ronald Reyqanın qızı iddia edir ki, atası demokratiyanın nə qədər kövrək olduğunu, onu necə asanlıqla məhv etməyin mümkün olduğunu bilirdi. Atasının sivilizasiyanın tənəzzülü və demokratiyamızın məşum gələcəyi haqqında nə deyəcəyinə gəldikdə, Devis Ronald Reyqanın öz partiyasının liderinə müraciət edəcəyini düşünmür. Onun sözlərinə görə, Reyqan diqqətini mitinqlərdə bu namizədi alqışlayan insanlara yönəldərək, onlara diktaturaların bir nəfər tərəfindən yaradılmadığını qeyd edərdi, onları növbəyə duran və “hə” deyən bütün insanların yaratdırğını vurğulayardı.

Petti Devis yazıb ki, onun məqaləsi atasına bir növ mesajdır, onun necə böyüdüyünü və dəyişdiyini göstərmək istəyidir. O, məqaləni Reyqanın “çox sevdiyi ölkədə kədərli xaos gördüyü” ehtimalı ilə tamamlayıb.

“Ola bilsin ki, mənim Amerika üçün tökdüyüm göz yaşlarından bəziləri onundur” , - məqalənin sonunda deyilir.

Qeyd edək ki, Respublikaçılar Partiyasının üzvü, ABŞ-nin 40-cı prezidenti Ronald Reyqan ard-arda iki dəfə seçilərək 1981-1989-cu illərdə dövlət başçısı olub. SSRİ-nin dağılmasındakı xidmətlərinə görə ABŞ-da böyük populyarlıq qazanan Ronald Reyqan 2004-cü ildə 93 yaşında vəfat edib.

O, 1980-ci ildə prezidentliyə namizədliyini irəli sürərkən “Amerikanı yenidən möhtəşəm et” ifadəsini şüar seçmişdi. İndi bu şüarı ABŞ prezidentliyinə namizəd sabiq prezident Donald Tramp işlədir. Buna görə Ronald Reyqanın qohumları Trampı dəfələrlə tənqid ediblər. Trampın ABŞ-da demokratiya üçün təhlükə olduğunu bildirən Petti Devis isə, hətta onu atasının ifadəsinin mənasını təhrif etməkdə günahlandırıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Devis   Reyqan  





Xəbər lenti