Bakıda dəhşətli qətlin təfərrüatı: Azyaşlını öldürüb quyuya atdı - VİDEO

   Bakıda dəhşətli qətlin təfərrüatı: Azyaşlını öldürüb quyuya atdı -    VİDEO
  11 Fevral 2024    Oxunub:1019
2022-ci ilin yanvar ayında baş vermiş cinayət faktının təfərrüatı məlum olub.
Söhbət azyaşlı Məryəmin ölümündən gedir.

Belə ki, həmin il fevralın 1-də Baş Prokurorluq Qala qəsəbəsinin “Xaşaxuna” bağlar massivində su quyusundan 2018-ci il təvəllüdlü Məryəm Hüseynlinin meyitinin aşkar edilməsi ilə bağlı məlumat yayıb.

Hadisə yerinə cəlb olunmuş FHN-nin xüsusi riskli əməliyyat qrupu təxminən 10 metr dərinlikdə olan su quyusundan azyaşlının meyitini tapıb.

Məlum olub ki, 2022-ci il yanvarın 23-də azyaşlının atası Taleh Allahyarov polisə müraciət edərək bildirib ki, yanvarın 1-də qızı Məryəm Hüseynlini bir müddət baxmaları üçün qonşuluqda yaşayan Mehman Mansurova verib.

Bir müddət sonra övladı ilə maraqlanmaq üçün tanışının evinə getdikdə, orada heç kimin olmadığını görüb. Yanvarın 31-də əməliyyat-axtarış tədbirləri nəticəsində Mehman Mansurov Yasamal rayonu ərazisində saxlanılıb.

Onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. İstintaqla müəyyən edilib ki, yanvarın 23-ü gecə saat 01:00 radələrində Mehman Mansurov qonşusu Taleh Allahyarovun qızı Məryəm Hüseynlinin köməksiz vəziyyətindən istifadə edərək onu döyüb. Saçından tutaraq başını döşəməyə vurub. Nəticədə aldığı ağır dərəcəli bədən xəsarətlərindən azyaşlı ölüb.

Cinayət məsuliyyətindən yayınmaqdan ötrü onun tələbi ilə qeyri-rəsmi yaşadığı Xəyalə Ağamalıyevanın övladları Allahverdi və Vüsal Cəfərovlar sellofana və parçaya bükülmüş meyiti qonşuluqda yerləşən su quyusuna atıblar. İş üzrə dindirilmiş Mehman Mansurov bildirib ki, qonşusu Taleh Allahyarov hər dəfə işləməyə gedəndə övladını gətirib onlara qoyurmuş və işdən qayıtdıqdan sonra isə götürürmüş.

Axırıncı dəfə uşağı yanvarın 1-də gətirib. Məryəm ayın 22-nə kimi onlarda qalıb. Arabir tənbeh metodu kimi uşağı döyüb. Yanvarın 23-nə keçən gecə o, Məryəmin halının qəflətən pisləşdiyini, daha sonra nəbzinin vurmadığını, nəfəsinin gəlmədiyini görüb. Narkotik vasitənin təsiri altında olduğundan və məsuliyyətdən yayınmaq məqsədilə Təcili Tibbi Yardıma və polisə məlumat verməyib.

Azyaşlı Məryəmin anası Günel Hüseynli ifadəsində göstərib ki, 2017-ci ildə sosial şəbəkə vasitəsilə Taleh Allahyarovla tanış olub. Bir ildən sonra Məryəm adlı qızları dünyaya gəlib. İlk vaxtlarda münasibətləri normal olsa da, sonradan aralarında ailə-məişət zəminində mübahisələr yaranıb. Buna səbəb isə Talehin heç yerdə işləməməsi və narkotik vasitələrdən istifadə etməsi olub. 2019-cu ilin may ayında artıq yoldaşının hərəkətlərinə dözə bilməyib və övladını Talehin himayəsində qoyaraq çıxıb gedib.

Qeyd edək ki, Mehman Mansurovun azyaşlı Məryəmi döyməsini onunla qeyri-rəsmi münasibətdə yaşayan Xəyalə Ağamalıyeva da öz ifadəsində təsdiqləyib və bildirib ki, Mehman narkotik vasitə təsiri altında olduğu müddətdə onu və övladlarını da döyüb. Mehmanın bir neçə dəfə Məryəmi döyməsinin şahidi olub.

Xəyalə Ağamalıyeva qeyd edib ki, Məryəmi Mehman döyərək öldürüb. Heç bir səbəb olmadan uşağa işgəncələr verib. Bir neçə dəfə qızın saçından yapışaraq onun başını döşəməyə çırpıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Mehman Mansurov 11 il müddətinə azadlıqdan məhrum olunub.

Qeyd edək ki, qeyri-rəsmi münasibətdə yaşadığı Günel Hüseynlini geri qayıtmağa məcbur etmək üçün uşağına yetirdiyi xəsarətlərə görə Taleh Allahyarov da məsuliyyətə cəlb olunub və Xəzər rayon Məhkəməsinin hökmü ilə 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Ətraflı Baku TV-nin süjetində:



AzVision.az


Teqlər:





Xəbər lenti