O'Nil: "HƏMAS-la danışıqlar yeganə həll yoludur"

      O
  09 Fevral 2024    Oxunub:1115
Şimali İrlandiyanın birinci naziri Mişel O'Nil Qəzza zolağında müharibənin sülhlə yekunlaşacağına ümid bəsləyir.
AzVision.az xəbər verir ki, xanım nazir bu barədə ölkənin "LBC" radiosunda aparıcı Endrü Maraya müsahibəsində söyləyib.

Aparıcı Böyük Britaniya hökuməti tərəfindən terror təşkilatı sayılan, lakin Şimali İrlandiyada sülh prosesinə qoşularaq silahı yerə atan İrlandiya Respublika Ordusu ilə HƏMAS-ı müqayisə edərək, soruşub:

"Sizcə, bir çox ölkə tərəfindən terror təşkilatı sayılan HƏMAS da nəticədə sülhlə razılaşacaqmı? Ümumiyyətlə, onun sülh tərəfdaşı kimi görülməsi nə dərəcədə doğrudur?".

(aparıcı Endrü Mar və Şimali İrlandiyanın birinci naziri Mişel O'Nil)

Birinci nazir Mişel O'Nil məsələyə nikbin yanaşdığını vurğulayıb və qruplaşma ilə aparılan danışıqların əhəmiyyətini diqqətə çatdırıb.

"Düşünürəm ki, tərəflərin müsbət yöndə dialoqu çox mühümdür və münaqişəni başa çatdırmağın yeganə yoludur. Şimali İrlandiya nümunəsi belə bir vəziyyətə bariz nümunədir", - o deyib.

Xatırladaq ki, bu yaxınlarda ölkə rəhbərliyinə gətirilən respublikaçı "Sinn Féin" (tərcümədə "Biz özümüzük") partiyasının vitse-prezidenti Mişel O'Nil Şimali İrlandiyanın millətçi qanada mənsub ilk birinci naziridir. Sözügedən partiya vaxtı ikən məhz İrlandiya Respublika Ordusu təşkilatının siyasi qanadı kimi fəaliyyət göstərib. Təşkilat uzun illər Britaniya hökmranlığına son qoymaq və vahid İrlandiya yaratmaq naminə mübarizə aparıb, amma 1998-ci ildə imzalanmış Belfast müqaviləsinə əsasən, mübarizəni dayandıraraq, hakimiyyət bölgüsü prinsipi əsasında özünüidarə hüququ qazanıb.

Bu oxşarlıq baxımından təşkilatın millətçi müqavimət ruhunu özündə daşıyan partiya üzvünün Yaxın Şərqdəki paralelinə - HƏMAS terror qruplaşmasına mülayim yanaşması təbii görünür.

Firudin Həmidli
AzVision.az


Teqlər: İrlandiya   nazir   HƏMAS   sülh  





Xəbər lenti