Trampın Senatdakı silahdaşları Moskvanı sevindirdilər

   Trampın Senatdakı silahdaşları    Moskvanı sevindirdilər
  08 Fevral 2024    Oxunub:943
ABŞ-da respublikaçı senatorlar Ukraynaya 60 milyard dollar həcmində yardımı da nəzərdə tutan qanun layihəsinə baxılmasına imkan verməyiblər.
AzVision.az BBC telekanalının yaydığı məlumata istinadən xəbər verir ki, Senatda (ABŞ Konqresinin yuxarı palatası) səsverməyə çıxarılan ikipartiyalı qanun layihəsi Ukraynaya 60 milyard, İsrailə 14 milyard, Çinə qarşı mübarizə üçün Hind-Sakit Okean regionundakı tərəfdaşlara təxminən 5 milyard, ABŞ-nin sərhədlərinin təminatı üçün isə 20 milyard dollar ayırmağı nəzərdə tutur.

Senatda bir çox qanun layihələri 100 senatordan 60-nın dəstəkləməsi şərti ilə səsə qoyulur və bundan sonra sadə səs çoxluğu ilə qəbul edilir. Sözügedən qanun layihəsini yalnız 49 senator dəstəkləyib, 50 senator isə buna qarşı çıxıb. Senatdakı demokratik çoxluğun lideri Çak Şumer də, gələcəkdə oxşar təklifi səsverməyə çıxara bilmək naminə, texniki prosedur qaydaları əsasında, qanun layihəsinin əleyhinə səs verib.

Bu qanun layihəsi demokratlarla respublikaçılar arasında aparılan ikitərəfli danışıqların məhsulu olsa da, prezident seçkilərində respublikaçıların namizədi statusunu qazanmağa ən yüksək şansı olan keçmiş prezident Donald Trampın sənədi sərt şəkildə tənqid etməsi onun Senatdakı silahdaşlarının mövqeyinə ciddi təsir göstərib. Nəticədə razılaşmanı cəmi dörd respublikaçı senator dəstəkləyib ki, onlardan da üçü Trampa qarşı tənqidi mövqeləri ilə tanınır. Həmin sırada yer alan Yuta ştatından olan senator Mitt Romni isə siyasi karyerasını bitirmək qərarına gəlib və yenidən seçilmək niyyətində deyil.

Respublikaçılar, o cümlədən də Donald Tramp və onun tərəfdarları bloklanan təşəbbüsə qarşı çıxmalarını bu qanunun dövlət başçısına miqrantları deportasiyadan qorumaq üçün əlavə səlahiyyətlər verəcəyi və onların axınını azaltmaq üçün təklif olunan tədbirlərin yetərli olmadığı ilə izah edirlər. Bundan başqa, bəzi respublikaçılar demokratların məqsədlərinə çatmasına qəsdən imkan vermək istəmədiklərini açıq etiraf etdilər.

İlkin fiaskoya baxmayaraq, demokratlar yaxın günlərdə Ukrayna, İsrail və Tayvan üçün eyni həcmdə, lakin sərhədlərin təhlükəsizliyinin təminatı məsələsində respublikaçılara güzəşt olmadan xarici yardım haqqında qanuna səs vermək niyyətindədirlər. Amerika mediasının yazdığına görə, Senatda maneənin aradan qaldırılması üçün zəruri 60 səsi toplamaq şansı olsa da, buna tam əminlik yoxdur.

Lakin bu baş baş versə belə, növbəti mərhələdə Nümayəndələr Palatasının təsdiqi tələb olunacaq ki, burada isə Trampın respublikaçılara təsiri daha da güclüdür və belə bir qanun layihəsinin perspektivləri daha qaranlıqdır.

Sadalanan məqamlar ABŞ tarixində ilk dəfə olaraq unikal vəziyyət yarandığını göstərir. Belə ki, hazırda heç bir rəsmi vəzifə tutmayan sabiq prezident Donald Tramp öz tərəfdarlarının vasitəsi ilə Ağ Ev administrasiyasının ölkənin qanunvericilik hakimiyyəti ilə ortaq məxərəcə gəlmək cəhdlərini bloklayır . Bu isə, öz növbəsində, Vaşinqtonun Rusiya ilə müharibəyə sürüklədiyi Ukraynaya 60 milyard dollarlıq yardımın ayrılmasına imkan vermir. Belə reallıq Moskvanın maraqları ilə tam şəkildə uzlaşır.

Amma bu məsələnin müşkülə düşməsində demokratlarla respublikaçılar arasında pərdəarxası sövdələşmənin də dayandığı istisna deyil. Son 20-30 ildə Vaşinqtonun daxili qarşıdurmalara və müharibələrə sürüklədiyi “müttəfiq”lərini son nəticədə dar ayaqda qoyub qaçması və onlara zəruri olan maliyyə dəstəyini kəsməsi adi hala çevrilib. Bu baxımdan, respublikaçıların Ukraynaya maliyyə yardımını bloklaması əslində yaxasını kənara çəkməyə çalışan Ağ Ev üçün göydən düşən, daha doğrusu, siyasi opponentlərinin bəxş etdiyi ərmağandır.

Necə deyərlər, pişiyin könlü samanlıqda idi, it də qovub ora saldı.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: ABŞ   Ukrayna  





Xəbər lenti