Avropa mərkəzdənqaçması: "Frexit" "Dexit" söhbətləri niyə güclənir

 Avropa mərkəzdənqaçması:  "Frexit"  və  "Dexit"  söhbətləri niyə güclənir
  06 Fevral 2024    Oxunub:2842
Almaniyanın Maliyyə naziri və liberal Azad Demokrat Partiyasının (ADP) lideri Kristian Lindner iqtisadi artımın olmaması səbəbindən Almaniya iqtisadiyyatının rəqabət qabiliyyətini itirdiyini, ölkənin özünün isə sürətlə yoxsullaşdığını bildirib. “Biz artıq rəqabətqabiliyyətli deyilik. İqtisadi artımımız olmadığı üçün getdikcə yoxsullaşırıq”,- nazir “Bloomberg” agentliyinin Frankfurtda keçirilən tədbirində çıxışı zamanı deyib.
Lindnerin çıxışından bir neçə saat əvvəl 2024-cü ildə Almaniyanın iqtisadi artımı ilə bağlı proqnoz dərc edən OECD göstəricini təxminən iki dəfə azaldaraq, 0,3%-ə endirib. Almaniyada sənaye istehsalı ilə bağlı məlumatlara əsasən, hazırda bu sahə 2008-ci ilin qlobal maliyyə böhranından bəri ən aşağı səviyyədədir.


“Hökumətin bu təhlildən heç bir nəticə çıxarmayacağı mənim üçün ağlasığmazdır. Daha az bürokratiya ilə əmək bazarında daha çox çevikliyi təmin etməklə inkişaf və son nəticədə “sosial bazar iqtisadiyyatı” yaradılmalıdır”,- Linder OECD-in proqnozunu şərh edib.

Almaniyanın Federal Statistika Bürosunun (Destatis) yanvarın ortalarında açıqladığı ilkin hesablamalara görə, ötən il ölkənin ÜDM-i 0,3% azalıb. Eyni zamanda, 2023-cü ildə sənaye istehsalının həcmi əvvəlki illə müqayisədə 2 % geriləyib. Avtomobil və nəqliyyat avadanlıqlarının istehsalında artım, enerji qiymətlərinin voıotilliyinə daha həssas reaksiya verən sənaye sahələrində, o cümlədən kimya və metallurgiyada azalma müşahidə olunub.

“Zeit” nəşri Almaniya iqtisadiyyatının çökməsinə yüksək inflyasiyanın və artan faizlərin də təsir etdiyini yazıb. Yüksək inflyasiya fərdi ev təsərrüfatlarının alıcılıq qabiliyyətini aşağı salıb ki, bu da istehlakın geriləməsini şərtləndirib. İlkin məlumatlara görə, 2023-cü ildə orta illik inflyasiya 5,9% təşkil edib. Həmçinin, dövlət xərclərinin gəlirləri 82,7 milyard avro ötdüyü bildirilir.

Berlindəki Avropa İslahatları Mərkəzinin iqtisadçısı Sander Torduar hələ ötən ilin sentyabrında Rusiya-Ukrayna müharibəsinin Almaniya iqtisadiyyatına ciddi zərbə vurduğunu, bunun enerji və ərzaq qiymətlərində rekord artımlara səbəb olduğunu vurğulayıb. “Bu müharibə, həmçinin enerji tutumlu sənayelərdə istehsalın inkişafını dayandırıb. Ölkənin iqtisadi artımını təmin etmək üçün ixracdan asılılığı onu mallara tələbin qlobal azalmasına qarşı həssaslaşdırıb”,- Torduar deyib.

Almaniya kansleri Olaf Şolts da ölkənin iqtisadi problemlərini ixrac bazarlarının zəifləməsi və enerji xərclərinin artması ilə əlaqələndirib. Əsas səbəb odur ki, bəzi ixrac bazarlarımız, xüsusən də Çin zəifləyir. Bunun ixracyönümlü ölkəmizə təsiri var. Eyni zamanda, biz yüksək inflyasiya və artan enerji qiymətləri ilə üzləşirik”,- kansler etiraf edib.

Yeri gəlmişkən, son vaxtlar bir sıra sağlam məntiqdən uzaq bəyanatları ilə istehza obyektyinə çevrilən Avropa İttifaqının (Aİ) Xarici İşlər və Təhlükəsizlik siyasəti üzrə Ali təmsilçisi Jozep Borel Avropanın rifahının təməlində Rusiyadan alınan ucuz enerjidaşyıcılarının və Çin bazarına çıxışın zəiflədiyini hələ 2022-ci ilin oktyabrında açıqlamışdı.


Ukraynada başlayan müharibədən sonra Moskva ilə geosiyasi qarşıdurmada kollektiv Qərbin sərt sanksiyaları çərçivəsində Aİ ucuz Rusiya enerjidaşıyıcılarından imtina etdi. Bunun əvəzində isə Vaşinqtonun təzyiqi altında ABŞ-dan baha qiymətə maye qaz almaq məcburiyyətində qaldı. Maraqlıdır ki, son günlər ABŞ-nin Avropaya yetərli həcmdə maye qaz satmaq istəmədiyi barədə ciddi müzakirələr gedir.

Digər tərəfdən isə, Tayvan separatizmi ilə bağlı Vaşinqton-Pekin qarşıdurmasında ABŞ-nin siyasətinin yedəyində gedən Aİ Çin bazarına çıxışda ciddi problemlərlə üzləşə bilər. Son zamanlar, xüsusən də Ukraynanın ötənilki əks-hücumu müsbət nəticə vermədikdən sonra, bir sıra Avropa ölkələrində mərkəzdənqaçma meylləri və sağçıların mövqeləri xeyli güclənib. Hərçənd, xeyli davam edən çəkişmələrdən sonra ötən həftə Aİ-də nəhayət ki, yaxın 4 ildə Ukraynaya 50 milyard avro həcmində maliyyə yardımı ayırmaq barədə razılığa gəlinib. Uzun müddət bu yardım paketinin təsdiqlənməsinə Macarıstan veto qoyurdu. Amma Brüsselin Budapeştə qarşı açıq-aşkar iqtisadi şantaj və təhdid ritorikasına keçməsi bu səddi aşmaq imkanı verdi. Bu məqamın özü əslində Avropa ölkələrinin müstəqil siyasətinin Aİ bürokratiyasının girovuna çevrildiyini sübuta yetirir.

Belə reallıqlar fonunda bəzi Avropa ölkələrində Aİ-ni tərk etməyin iqtisadi kollapsdan qaçmağın yeganə yolu olması barədə əhval-ruhiyyə getdikcə daha da güclənir. Məsələn, elə Almaniyanın özündə ifrat sağçı “Almaniya üçün Alternativ” partiyasının lideri Alisa Vaydel Böyük Britaniyanın Aİ-dən çıxmasını rəsmiləşdirən “Brexit” modelinin öz ölkəsi üçün nümunə kimi qiymətləndirərək, hakimiyyətə gələcəyi təqdirdə partiyasının belə bir referendumun (“Dexit”) keçirilməsinə təsəbbüş göstərəcəyini istisna etməyib.


Almaniyanın Avropa ailəsini tərk etməsi isə Aİ-nin vahid büdcəsinə çox ciddi zərbə endirə bilər. Belə ki, bu il Avropa İttifaqının 189,3 milyard avroluq ümumi büdcəsinin 30,3 milyardını Almaniya ödəyəcək.


Aİ-nin vahid büdcəsinin ikinci əsas donoru rolunu isə 23,5 milyard avro ödəyəcək Fransa oynayır. Maraqlıdır ki, Fransanın “Vətənpərvərlər” partiyasının lideri Florian Filippo da ölkəsinin öz maraqlarını qoruması üçün bacardıqca daha tez Aİ-dən və NATO-dan çıxmasının vacib olduğunu iddia edib.


Aİ-nin iki aparıcı ölkəsində, xüsusən də indiyədək iqtisadi lokomotivi rolunu oynayan Almaniyada vahid ailəni tərk etmək barədə güclənən əhval-ruhiyyə digər ölkələr üçün də təhlükəli nümunədir. Bu isə siyasi cırtdanlıq libasından çıxa bilməyən Aİ-nin iqtisadi baxımdan da çöküşünü şərtləndirə bilər.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Almaniya   Avropa   iqtisadiyyat  





Xəbər lenti