Yeni "X xəstəliyi" nədir və nə qədər təhlükəlidir?

  Yeni "X xəstəliyi" nədir və nə qədər təhlükəlidir?
  16 Yanvar 2024    Oxunub:3516
Yanvarın 15-dən 19-a qədər İsveçrədə keçiriləcək Davos İqtisadi Forumun əsas mövzularından biri də dünyanın yeni pandemiya - "X xəstəliyi" ilə üzləşməsidir. Yanvarın 17-də keçiriləcək iclasda səhiyyəni qarşıda duran çoxsaylı problemlərə hazırlamaq üçün lazım olan tədbirlər nəzərdən keçiriləcək.
Bəs, bu, hansı xəstəlik ola bilər və xarici alimlərin açıqlamalarına nə dərəcədə ciddi yanaşmaq lazımdır?

"X Xəstəliyi" COVID-19-dan 20 dəfə çox ölümə səbəb ola bilər

Ümumiyyətlə, “X xəstəliyi” mücərrəd xəstəlik hesab olunur."X" epidemiya və ya pandemiyaya səbəb ola biləcək hələ bilinməyən patogeni təyin edir.

Hələ 2018-ci ildə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) “X xəstəliyi”ni prioritet xəstəliklər siyahısına daxil etmişdi. Bu qərar potensial olaraq yeni bir pandemiyaya səbəb ola biləcək patogenin araşdırılmasını sürətləndirmək və gücləndirmək üçün qəbul edilib.

Terminin adındakı “X”-in “sürpriz” mənasını verdiyi bildirilir. Məsələn, COVID-19-a səbəb olan SARS-CoV-2 ştamında bu, belə idi. 2020-ci ildə bir çox ekspert bunun bəşəriyyət üçün yeni “X xəstəliyi” olduğunu irəli sürmüşdü. 2024-cü ilin əvvəlində ÜST qeyd edir ki, yeni xəstəlik COVID-19-dan 20 dəfə çox ölümə səbəb ola bilər.



Dünyada yeni bir pandemiyanın risklərinin müzakirə edilməsi ilk dəfə deyil

Beləliklə, “X xəstəliyi” heç bir xüsusi xəstəliyi gizlətmir. Elmi ictimaiyyət yeni epidemiyalara və pandemiyalara səbəb ola biləcək hələ məlum olmayan, lakin potensial təhlükəli xəstəlikləri belə kodlaşdırır. Ona görə də onun üçün narahat olmaq hələ tezdir. Bununla belə, virusoloqlar və epidemioloqların artıq “X xəstəliyi” üçün bəzi namizədləri var.

2021-ci ildə elm adamları ölümcül "X xəstəliyinin" mümkün ortaya çıxması barədə artıq danışırdılar. Daha sonra Konqoda hemorragik qızdırma xəstəliyinin erkən əlamətləri olan xəstə müəyyən edildi. O zaman mütəxəssislər xəstəliyin COVID-19 kimi yoluxucu olduğunu və Ebola ilə müqayisədə ölüm nisbətinin 50-90 faizə çata biləcəyini güman edirdilər. Qərb jurnalistləri qadının “X xəstəliyi” ilə qarşılaşan “sıfırıncı xəstə” ola biləcəyini irəli sürürdülər. Məqalənin dərci zamanı isə o, artıq sağalmışdı. Lakin həkimlər yeni xəstəlikdən şübhələnən digər insanların da xəbər verdiyini bildirirdilər.

Daha sonra, 2023-cü il martın əvvəlində ÜST-nin epidemioloqu Riçard Pibodi dünyanın quş qripi pandemiyası ilə bürünə biləcəyini açıqladı. O, infeksiyanın insanlar arasında yayılma qabiliyyəti qazanacağına inanırdı. Pibodi xüsusilə quşçuluq fabrikinin işçilərini qorumağın vacibliyini qeyd edir, həmçinin insanları ölü quşları və heyvanları götürməməyə çağırırdı.

2015-ci ildən ÜST ən təhlükəli xəstəliklərin siyahısını dərc edib. Patogenlərin siyahısına koronaviruslar, flaviviruslar və hemorragik qızdırma daxildir. 2018-ci ilin fevral ayında Ümumdünya Səhiyyə Təşkilatı xəstəliyin törədiciləri və peyvəndlərin və ya müalicə üsullarının təcili işlənib hazırlanmasını tələb edən xəstəliklər siyahısına X xəstəliyini əlavə eib.

Yeni pandemiyaların qarşısını almaq üçün tədqiqatçılar "X xəstəliyi"nin ilk halının müəyyən edilməsindən sonra aylar ərzində peyvəndlər yaratmağa kömək edəcək platformalar hazırlayırlar. Sadəcə olaraq, onlar yeni peyvəndlər üçün reseptlər yaradırlar. Virus müəyyən edildikdən sonra, tərtibatçılar vaksinləri sıfırdan axtarmaq əvəzinə, virusun genomunu ardıcıllıqla sıralaya və onu əvvəlcədən hazırlanmış platformalara daxil edə biləcəklər.

2016-cı ilin yanvarında ÜST-nin özəl və dövlət təşkilatları ilə birgə apardığı analoji iş “ilk dəfə tam effektiv Ebola peyvəndi”nin yaradılması ilə nəticələndi. Vaksin 12 ay ərzində hazırlanıb və sınaqdan keçirilib. Əvvəllər bu proses təxminən 5-10 il çəkirdi. Koronavirusa qarşı ilk peyvənd daha da sürətlə - virusun Çində aşkarlanmasından doqquz ay sonra hazırlandı.

Naməlum viruslar haradan yaranır?

Mikrobioloq Jan Jak Muembe-Tamfumanın fikrincə, naməlum virusların yaranması tropik meşələrin qırılması ilə bağlıdır. Bu, insanın müxtəlif xəstəliklərin patogenləri ilə təmasının artmasına gətirib çıxarır və yeni böyük pandemiyaya səbəb ola bilər.

Peyvənd və İmmunlaşdırma üzrə Birgə Komitənin sədri, professor Endryu Pollard hesab edir ki, qlobal istiləşmə və urbanizasiya virusların yayılmasına təkan verir. “Biz bilirik ki, iqlim dəyişikliyi yeni bakteriya və virusların yaranmasına səbəb olur. Biz də urbanizasiyanı yaşayırıq. COVID-19-da gördüyümüz kimi, insanların bir yerə toplaşması infeksiyanın yayılma ehtimalını əhəmiyyətli dərəcədə artırır. Bu gün planetdə təxminən səkkiz milyard insan yaşayır. Və növbəti 30 il ərzində 10 milyarddan çox insan ola bilər. Bu o deməkdir ki, yeni pandemiyaların baş vermə ehtimalı artacaq”, - mütəxəssis xəbərdarlıq edib.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti