Epşteyn skandalı üzrə yeni sənədlər üzə çıxıb

   Epşteyn skandalı üzrə yeni sənədlər üzə çıxıb
  10 Yanvar 2024    Oxunub:1881
ABŞ-də pedofiliya və fahişəlik şəbəkəsi yaratmaqda ittiham edilən amerikalı milyarder Cefri Epşteynin işi ilə bağlı dosyenin son qismi dərc edilib.
AzVision.az xəbər verir ki, bütün dünyada skandal yaratmış Epşteyn işi barədə 4500 səhifədən çox dosyenin yeni yayımlanan 5-ci hissəsində milyarderin uşaqlara cinsi istismar, pedofiliya, habelə məşhur insanlara şantaj iddiaları ilə əlaqədar suallara cavabdan dəfələrlə imtina etməsi və konstitusiyanın “beşinci maddəsi”nə istinad gətirməsi (hər hansı cinayətdə təqsirləndirilən şəxsin suallara cavab verməmək hüququnu tənzimləyir - qeyd) diqqət çəkir.

Sənədə əsasən, Epşteyn istintaq zamanı hətta sevgilisi Qisleyn Maskvelli tanıyıb-tanımaması ilə bağlı sualda "beşinci maddə" hüququnu təkrarlayıb.

Halbuki dosyenin dördüncü hissəsində Epşteynə məxsus adada çəkilmiş bir çox fotoşəkil, həmçinin Sara Rensom və digər qurbanların ifadələri 14-18 yaş aralığındakı onlarla qız uşağının məşhur şəxslər və dövlət rəsmiləri üçün cəlb edildiyi fahişəlik şəbəkəsinin iç üzünü açıq-aydın üzə çıxarır.

(Qisleyn Maksvell və Cefri Epşteyn)

Qeyd edək ki, bir sıra məşhur şəxsin adı sözügedən skandalda hallanır. Həmin şəxslər arasında keçmiş ABŞ prezidentləri Bill Klinton və Donald Tramp, İsrailin sabiq prezidenti Ehud Barak, habelə aktyor Kevin Speysi, müğənni Maykl Cekson, illüziyaçı Devid Kopperfild də var.

Xatırladaq ki, Cefri Epşteyn 2019-cu ilin avqust ayının 10-da saxlanıldığı Menhetten Mərkəzi Həbsxanasında müəmmalı şəkildə ölü tapılıb. Sevgilisi Qisleyn Maksvell isə azyaşlı qurbanların fahişəliyə cəlb edilməsində fəaliyyəti iddiası ilə 65 il azadlıqdan məhrum edilib.

Firudin Həmidli
AzVision.az


Teqlər: CefriEpşteyn   QisleynMaksvell   dosye   skandal   pedofiliya  





Xəbər lenti