"Depozit faizlərində artım daha yüksək kredit faizlərinə səbəb olur" - Deputat

   "Depozit faizlərində artım daha yüksək kredit faizlərinə səbəb olur" -    Deputat
  10 Yanvar 2024    Oxunub:1038
2023-cü ilin noyabr ayından başlayaraq Mərkəzi Bank uçot faiz dərəcəsini azaldılması ilə bağlı 2 dəfə qərar qəbul edib. Noyabrın 2-də faiz dərəcəsini 9-dən 8.5 faizə endirən Mərkəz Bank ötən ilin son ayında əlavə 0.5 faizlik azalmaya gedib.
Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, adətən Mərkəzi Banklar uçot faiz dərəcəsini azaldan zaman depozit və eləcə də kredit faizlərində də enişlər müşahidə edilir. Azərbaycan Mərkəzi Bankın uçot faiz dərəcəsinin azaldılması ilə bağlı qərarlarından sonra əksinə depozit faizlərində artım müşahidə olunmaqdadır.

"Əvvəllər 5.0-6.0 faiz dərəcəsi ilə depozit qəbul edən sistem əhəmiyyətli banklarda müddətindən asılı olaraq depozit faizləri 8.0-9.5 faiz arasında dəyişir. Depozitlər üzrə ödənilən faiz dərəcələrinin artırılması əmanətçilərin gəlirlərinin çoxalması baxımindan müsbət olsa da belə unutmaq lazım deyil ki, bu banklarda daha bahalı borclanma və təbii ki, daha yüksək kredit faizlərinə səbəb olur. Kredit faizlərinin yüksəlməsi ehtimalı isə heç bir halda arzuolunan deyil.

Depozit faizlərindəki artımlara Blumberq platformasında banklar arasında milli valyutada bağlanan əqdlərin sayı və eləcə də onların ortaçəkili faiz dərəcəsi də təsirsiz ötüşmədi. Belə ki, Mərkəzi Bank bankların passiv aktivlərinin bir hissəsini öz notları vasitəsi ilə cəlb edə bildi və bu da banklarda əlavə vəsaitlərə tələb yaratdı. Bununla belə, banklardan kənarda nağd pulun həcmi də kifayət qədər böyükdür. 15 milyard manatlıq M0 bankları daha aktiv kampaniyalara sövq edir.
Bu arada Mərkəzi Bankın notları üzrə son faiz dərəcəsində də azalmaq qeydə alınmaqdadır. Göründüyü kimi, Mərkəzi Bankın “faiz azalma siyasəti“ hələlik banklarda “faiz artımı strategiyası” ilə müşahidə olunmaqdadır".

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti