Növbəti stansiya - Cəhənnəm

// Qəzza “metro”su İsrailə hansı problemləri yaşada bilər

   Növbəti stansiya -  Cəhənnəm
  22 Dekabr 2023    Oxunub:5736
Hazırda İsrail ordusunun əsas vəzifələrindən biri “Həmas”ın gizləndiyi, həmçinin raket və silahlarını saxladığı geniş yeraltı tunellər şəbəkəsini məhv etməkdir. İsrail ordusu bu yeraltı şəhəri sadəcə olaraq “metro” adlandırır. Uzunluğu təxminən 1500 kilometr olan, müxtəlif dərinliklərdə qazılmış yeraltı tunellərin əhəmiyyətli hissəsinin yaşayış binalarının, məscidlərin, xəstəxanaların, məktəblərin və digər infrastrukturların altından keçməsi “yeralti Qəzza”nın təmizlənməsini çətinləşdirir.
Qəzzadakı tunellər şəbəkəsi sadəcə yeraltı yollar deyil. “Metro” Qəzzanın əsas müdafiə strukturu olduğundan, hər zaman İsrail ordusunun əsas hədəflərindən biri hesab edilib. İsrailin Reyxman Universitetinin professoru Dafne Richmond-Barak Qəzza yaxınlığındakı tunellərdən birinə baş çəkdikdən sonra təəssüratlarını yerli media ilə bölüşüb: "Ora çox dar, qaranlıq, rütubətlidir, odur ki, insan tezliklə zaman və məkan daxilində oriyentasiyanı itirir. Tunelə girəndə adamı qeyri-müəyyən qorxu bürüyür: görəsən, küncdə kim gizlənib? Pusqu varmı? Sanki heç bir xilas yolu yoxdur. Odur ki, tunelləri hökmən təmizləmək lazımdır. Bu, çox çətin işdir, lakin görülməlidir və ediləcək”.


Onun fikrincə, yeraltı tunelləri hava bombardmanı ilə məhv etmək ən effektiv üsuldur, amma bu, mülki əhali arasında böyük itkilərə səbəb ola bilər. Şəhərlərdə müharibənin bir çox taktiki, strateji və əməliyyat incəlikləri var.
Qəzzanın “qarışqa yuvası”, yaxud “Həmas”ın yeraltı dünyasının sirləri

“Həmas”ın Siyasi Bürosunun üzvü Musa Əbu Mərzuk “Russia Today” telekanalına müsahibəsində bildirib ki, Qəzzadakı yeraltı tunellər mülki şəxsləri deyil, təşkilatın yaraqlılarını qorumaq üçün qazılıb. “Çoxları niyə 500 km tunel saldığımız halda, raket hücumları zamanı mülki şəxslərin gizlənə biləcəyi bomba sığınacaqları tikmədiyimizi soruşur. Tunelləri ona görə çəkdik ki, özümüzü qorumaq üçün başqa yolumuz yoxdur. Bu tunellər bizi İsrail təyyarələrindən qorumaq üçün nəzərdə tutulub. Biz bu tunellərin içindən döyüşürük”, - o deyib.

Oktyabrın 7-də əsir götürülən Yoheved Lifşits adlı 85 yaşlı girov azad edildikdən sonra yerin altında necə saxlandığı haqda danışıb: "Biz yerin altına düşdük və hörümçək toru kimi görünən nəm tunellərlə 2 və ya 3 saat getdik. Böyük bir otağa çatana qədər tunellərdən keçdik. Ümumilikdə 25 nəfər idik. Bizi kibbutlara böldülər. Nir-Oz kibbutunda beş nəfər idik... Cəhənnəmi gördüm”.

Yeraltı dünyanın müharibələri

Yeraltı tunelləri HƏMAS icad etməyib. Onlar bu təşkilatın Qəzza zolağında hakimiyyəti ələ keçirdiyi 2007-ci ildən xeyli əvvəl mövcud olub.

Tunel müharibələri, yəqin ki, elə müharibələrlə yaşıddır. İlk yeraltı müharibələrdən birini - Yunanıstanın Ambrasiya şəhərinin romalılar tərəfindən mühasirəyə alınmasını qədim yunan tarixçisi Polibi “Ümumi tarix” əsərində təsvir edib. Qədim dünyanın digər ölkələrində də yeraltı tunellərdən hərbi məqsədlər üçün istifadə olunurdu. Onlar dövrümüzdə də əhəmiyyətini itirməyib. Vyetnam müharibəsi zamanı yerli əhali tunellərdən fəal şəkildə istifadə edirdi. ABŞ ordusu Vyetnamın cənubunda 150 kilometrlik Kuçi tunel sistemini heç vaxt məhv edə bilməyib. Əvvəlcə defoliantlar səpərək, onlarla mübarizə aparmağa çalışıblar. Tunellərdə ağır itkilər verdiyi məlum olduqdan sonra amerikalılar “xalı bombardmanı” üsuluna əl atdılar. Yeri gəlmişkən, hazırda Kuçi tunelləri turistləri ən çox cəzb edən görməli yerlərdəndir.


Əfqanıstan müharibəsi zamanı da tunellərdən geniş istifadə olunurdu. Mariupoldakı “Azovstal” zavodunun altında uzunluğu 24 kilometr olan tunellər sistemini də xatırlaya bilərsiniz.

Yeraltı tunellərin dağıdılmasının çətinliyi 2017-ci ilin aprelində Əfqanıstanda İŞİD-in yeraltı kompleksinin partladılması zamanı sübut olunub. Onu məhv etmək üçün ABŞ Silahlı Qüvvələrinin arsenalındakı ən güclü qeyri-nüvə silahı olan 9,5 ton ağırlığında “GBU-43” hava bombasından (“bombaların anası”) istifadə edilib. O zaman 100-ə yaxın cihadçı həlak olmuşdu.

İsraillilər Qəzzada yeraltı tunellərin varlığından 2001-ci ildə, “Həmas” İsraillə sərhəddəki keçid məntəqəsini partlatmaq üçün yeraltı tuneldən istifadə etdikdən sonra xəbər tutublar. 2014-cü il müharibəsi zamanı “Həmas” yaraqlıları tunellərlə İsrailə daxil olduqdan sonra ən azı 11 yəhusi əsgərini öldürmüşdülər. Leytenant Adar Qoldi qaçırılaraq tuneldə gizlədilmiş, sonra qətlə yetirilmişdi. Bütün səylərə baxmayaraq, İsrail hələ də onun meyitinin qalıqlarını ala bilməyib.


2014-cü ildə yeraltı döyüşlərdə iştirak edən keçmiş xüsusi təyinatlı əsgər Ariel Bernşteyn yerli mediaya müsahibəsində deyib ki, yoldaşları ilə birlikdə çoxlu pusqular, tələlər, gizlənmə yerləri, snayperlər və bu kimi şeylərlə üzləşməli olublar. O, tunellərdəki döyüşlərin sürreal effektini hələ də unutmayıb. “Həmas” əsgərləri, onun dediyinə görə, yox yerdən peyda olub, yoxa çıxırmışlar. "Bu, kabuslarla döyüşmək kimibir şey idi",- o xatırlayır.

İsrailin müdafiə naziri Yoav Qalant müharibənin çətin və uzun olacağını deyərkən söhbətin əsasən yeraltı tunellərdəki döyüşlərdən getdiyini gizlətməyib.

Tunellərə qarşı nə etmək olar?

Bir çox hərbi ekspertin fikrincə, SAXAL tunel müharibələrinə ən hazırlıqlı ordudur. Yeraltı əməliyyatlar xüsusi təyinatlılar tərəfindən həyata keçirilir. Ən məşhur qruplardan biri "Samur", həmçinin gerbində brilyant təsvir olunan "Yahalom"dur (ivrit dilində “brilyant”).

İsrail Müdafiə Qüvvələrində “Okets” adlı xüsusi itlər bölməsi də var. Burada itləri yerin altında işləmək üçün öyrədirlər. İsrailin digər təhlükəsizlik güclərində də tunel müharibələri üçün xüsusi təyinatlılar var: “Sayeret Matkal” (Baş Qərargahın Kəşfiyyat İdarəsi), YAMAM (Sərhəd Polisi) və başqaları.


“Həmas” və Hizbullahın yeraltı tunellərinin tapılması və məhv edilməsi üzrə ixtisaslaşan “Yahalom”un və digər ordu hissələrinin xüsusi texnikası var. Kəşfiyyat bölmələrində hər cür yer və hava sensorları, yerin dərinliyini görə bilən radarlar, güclü qazma avadanlığı mövcuddur, lakin ən çox buldozerlərdən istifadə olunur.

İsrail yer altında işləmək üçün radio və naviqasiya texnologiyalarını inkişaf etdirib. Ən müasir istilik texnologiyalarına əsaslanan, zülmət qaranlıqda görmə qabiliyyətinə malik gecəgörmə eynəkləri, həm uçan, həm də yerdə sürünərək əsgərlərin həyatını xilas etməyə qadir robot ordusu var.

Yerin altında işləyəcək hərbi personalı yetişdirmək üçün virtual simulyatorlardan istifadə olunur. SAXAL tunellərdə döyüşmək üçün xüsusi taktika hazırlayıb; torpağa 30 metr və ya betona 6 metr nüfuz edə bilən, idarə olunan 2,3 ton ağırlığında “GBU-28” aviasiya bombaları, lazer yönləndirmə sistemi ilə silahlanıb.


Tunellərin aşkarlanması və yeraltı döyüşlərin taktikası həm Qəzza zolağında, həm də “Hizbullah”ın fəaliyyət göstərdiyi Livanla sərhəddə dəfələrlə sınaqdan keçirilib və təcrübədə təkmilləşdirilib. Məsələn, 2018-ci ildə “Şimal Qalxanı “əməliyyatı zamanı SAXAL Livan-İsrail sərhədindəki “Hizbullah” tunellərini onlarla yük maşını beton məhlulu ilə doldurmuşdu.

Böyük təcrübəyə baxmayaraq, Qəzzanın altındakı tunellərdə İsrail ordusunu heç də asan əməliyyat gözləmir. Fələstinli “yerqazanlar” adi bel, kürək, külüng və digər sadə əl alətləri ilə işləyərək elə mükəmməlliyə nail olublar ki, onların yaratdığı Qəzza “metrosu” son dərəcə ciddi problemdir.


“Həmas”ın tunellərini tapmaq və məhv etmək bir neçə səbəbə görə olduqca mürəkkəbdir. Qəzza dağlıq, əhalisi az olan Əfqanıstan deyil. SAXAL-ın əsgərləri nə qədər yaxşı təlim görsələr də, “Həmas” yeraltı döyüşlərə daha yaxşı hazırlaşırlar. Onların əsas üstünlüyü ərazini bilmələridir. Tunellərdə israilliləri çoxlu pusqular, tələlər, minalar və digər xoşagəlməz sürprizlər gözləyir ki, bunları ən güclü kompüter də görə bilməz. Ola bilsin ki, İsrail xüsusi təyinatlılarının tunellərdə qarşılaşacağı əsas problem “Həmas”ın Qəzzanın mülki əhalisindən və girovlardan canlı qalxan kimi istifadə etməsi olacaq.

Tunellərə nüfuz etmək unikal taktiki problemdir. Bəzi tunellərdə hətta oksigen balonları olmadan qalmaq mümkün deyil. Gecəgörmə cihazlarının əksəriyyəti minimal işıq olduqda işləyir, heç bir işıq olmadıqda yararsızdır. Rabitə ilə bağlı problemlər də var: yerin altında işləmir. Belə bir qapalı məkanda peşəkar döyüşçünü adi tüfənglə asanlıqla yaralamaq olar. Bir nəfər dəfələrlə üstün olan düşmən qüvvələrinin hücumunu uzun müddət saxlaya bilər.

Yeraltı tunellər probleminin universal həlli yoxdur. Qəzza “metro”sunun uzunluğunu və şaxələrini nəzərə alsaq, onların dağıdılması çoxlu vaxt və vəsait, o cümlədən İsrail əsgərlərinin həyatı bahasına başa gələcək.

Tariyel Həsənov
AzVision.az


Teqlər:   Qəzza   İsrail  





Xəbər lenti